Ukraynada seçkilər başa çatdı: Prezidentin adı məlumdur
Bizi izləyin

Digər

Ukraynada seçkilər başa çatdı: Prezidentin adı məlumdur

Ukraynada qanlı, həyəcanlı, yağmurlu seçkilər, dünyanın gözü Kiyevdə: seçkilər baş tutdu.

Ukraynada qanlı, həyəcanlı, yağmurlu seçkilər, dünyanın gözü Kiyevdə: seçkilər baş tutdu.

Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçicilərin 55 faizi seçkilərə qatılıb

Ukraynanın yeni prezidenti bilindi. Musavat.com-un məlumatına görə, exit-poll-un nəticələri açıqlanıb. Nəticələrə görə, səsverməyə gələnlərin 57 faizi namizəd Pyotr Poroşenkoya səs verib. 12 faiz isə Yuliya Timoşenkoya səs verib. Üçüncü yerdə isə Oleq İlyaşkodur. Ona 8 faiz seçici etimad göstərib. Yəni birinci turda seçkinin tamamlanacağı ehtimal edilir.

Seçkidə isə ən yüksək nəticə Lvovda müşahidə edilib. Seçicilərin 63 faizi səsvermə hüququndan istifadə edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçki ölkənin bütün şəhərlərində keçirilib. Luqansk və Donetsk vilayətlərində də seçki baş tutub.

Krım sakinləri də səsverməyə qatılıb. Ancaq bu imkanı Kiyevdə yaşayan Krim türkləri əldə edib. Krım türklərinin lideri Mustafa Cəmiloğlunun “Yeni Müsavat”a verdiyi xəbərə görə, onun xanımı da daxil olmaqla, 20- yə yaxın avtomobillə Krım türkləri Ukraynanın seçki məntəqələrinə gələrək səs vermək istəsələr də, bu, mümkün olmayıb. Ukrayna qanunlarına görə fərqli yerlərdə yaşayan vətəndaşlar qeydiyyatda olmadıqları məntəqələrdə səs vermək üçün 20 gün öncədən ərizə verməlidirlər. Əgər seçkinin ikinci mərhələsi keçirilsə, Krım türkləri qonşu Ukrayna şəhərlərində seçkilərdə səsvermə hüquqlarından istifadə edə biləcək.

Kiyevdə çox yüksək seçici fəallığı müşahidə edilib. Gün boyu məntəqələrdə səsverməyə gələnlərin sıxlığı yaşanıb. Seçki məntəqələrinin rəhbərləri bildiriblər ki, isti hava və sıxlıq insanları yorsa da, vətəndaşlar səs verməmiş məntəqələri tərk etməyiblər.

Exit poll hesablamalarına görə, gözlənildiyi kimi, “şokolad kralı” Pyotr Poroşenko səslərin daha çoxunu qazanıb.

Keçmiş baş nazir və siyasi məhbus Yuliya Timoşenko isə qeydiyyatda olduğu Dnepropetrovskda səs verib. Dnepropetrovskdakı qaynaqlardan əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Timoşenko bu bölgədən səs ala bilməyəcək. Ukraynanın bir çox vilayətlərində olduğu kimi, Dnepropetrovskda da Pyotr Poroşenkonun tərəfdarları çoxdur.

Luqansk və Donetskdan isə həyəcanlı xəbərlər gəlməkdə davam edir. Donetskdə İtaliya jurnalisti və tərcüməçisinin qətlə yetirilməsi həyəcan yaradıb. Kiyev bəyan edir ki, bu qətllərin sifarişçisi və icraçısı Kremldir. Separatçılar bu məsələyə heç bir bağlılıqları olmadığını desə də, çoxsaylı faktlar İtaliya vətəndaşlarını məhz onların öldürdüyünü təsdiq edir. Bu gün

Luqanskda keçirilən antiterror əməliyatında terror aktı törətməyə çalışan 14 separatçı saxlanıb. Həmin şəxslər seçki məntəqələri də daxil olmaqla, bir neçə kütləvi toplanış yerlərində partlayışlar hazırlamaqda suçlu bilinir. Bundan başqa, separatçılar seçki məntəqələrinə silahla gələrək bülletenləri və seçki qutularını aparıb, bir neçə vətəndaşa ağır bədən xəsarəti yetirib. Saxlanan şəxslər Kiyevə gətirilib. Onlar haqqında Ukrayna Baş Prokurorluğunda cinayət işi açılıb.

Həbs dalğası davam etsə də separatçılar geri çəkilmir. Çerkassk vilayətində günorta saatlarında seçki məntəqəsinin sədri girov götürülüb. Hüquq-mühafizə orqanları onun axtarışını davam etdirir.

Saat 5-də Kiyevdə güclü yağış yağması seçicilərin fəallığını nisbətən aşağı salıb. Təxminən 1 saat davam edən və ildırımla müşayiət olunan yağış küçələrə çıxmağı mümkünsüz edib. Ancaq sonradan vətəndaşlar yenidən məntəqələrə axışıb. Kiyevdə onu da müşahidə etdik ki, iş yerlərində müdirlər işçilərin səsverməsi üçün iş saatlarını qısaldıb.

Ukraynadakı seçkiləri 19 ölkədən və 19 beynəlxalq qurumdan 3706 müşahidəçi izləyib. ABŞ-dan olan müşahidəçi Sem Kliqer bildirib ki, Ağ Ev 25 may seçkilərini Ukrayna üçün tarixi seçkilər sayır. ABŞ təmsilçisi bildirib ki, Qərb institutları Ukraynanın böhrandan çıxması üçün hər cür yardım etməyə hazırdır.

Artıq seçkilər başa çatmaq üzrədir. Yaxın saatlarda seçkinin ilkin nəticələrinin açıqlanacağı gözlənilir. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm