• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentin xanımı və qızları təqdimatda - FOTOLAR

  • Digər
  • 1 İyun 2014 19:20
  • 6 260 Baxış
Prezidentin xanımı və qızları təqdimatda - FOTOLAR

Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak edib. Təqdimatdan əvvəl layihənin əhəmiyyətindən söz açılıb. Bildirilib ki, geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks etdirir.

Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bir sıra parça nümunələri göstərir ki, hələ eramızdan əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olub. Zəngin mədəniyyətimizin çoxəsrlik inkişafı prosesində yaranmış milli geyimlərin hazırlanmasında istifadə olunan parçalar daim keyfiyyəti və zərifliyi ilə seçilib.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi xalqımızın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Qərb mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya milli mədəniyyətimizin inkişaf etdirilməsinə və təbliğinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.

Diqqətə çatdırılıb ki, milli muzeylərimizin kolleksiyalarında təqdim olunan zəngin geyim nümunələri, bəzək əşyaları və xalçaçılıq məmulatı məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını təcəssüm etdirən kolleksiya yaratmağa sövq edib.

Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.

Kolleksiyanın nümayişi ölkəmizin şərti olaraq bölündüyü tarixi etnoqrafik bölgələrin yerli xüsusiyyətlərini əks etdirən geyimlər və bu geyimlərin elementlərindən məharətlə istifadə olunaraq nəfis tərtibatda hazırlanan müasir geyimlərlə başlayıb.

Xalq yaradıcılığının tarixi etnoqrafik və bədii xüsusiyyətlərinin təcəssüm tapdığı geyim kolleksiyası xüsusi olaraq bu məqsədlə tərtib edilmiş musiqinin müşayiəti ilə nümayiş olunub.

Təqdimatın növbəti hissəsində klassik elementlərdən istifadə edilərək yaradılmış müasir geyimlər nümayiş olunub.
Diqqətə çatdırılıb ki, kolleksiyada yer alan ziyafət libasları Azərbaycan muzeylərində qorunub saxlanılan artefaktlarla tanışlıqdan sonra yaranıb. Bu geyimlərin məhsuldarlıq, bərəkət, birlik, sədaqət rəmzi olaraq Azərbaycan milli mədəniyyətində geniş istifadə edilən nar simvolunun əks olunduğu qiymətli daşlardan naxışlı tikmələrlə bəzədilməsi tamaşaçılarda böyük maraq doğurub.

Tanınmış italyan modelyerinin kolleksiyasının nümayiş olunan son hissəsini tərəqqi və inkişaf rəmzi, Odlar Yurdu Azərbaycanın simvollarından biri hesab olunan alovu əks etdirən qırmızı və qara rəngli naxışlı tikmələrlə və mozaikalarla işlənilmiş ziyafət libasları təşkil edib.
Renato Balestranın iştirakı ilə keçirilən nümayişdə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişinin ən maraqlı məqamlarından biri də tanınmış model İrina Şeykin də səhnədə görünməsi olub.

Moda nümayişindən sonra ürək sözlərini bölüşən məşhur italyan modelyeri Renato Balestra Bakıda olmağından qürur duyduğunu deyib və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, o, layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırıb, Şərq koloritindən ilham alaraq Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq edib. O, Azərbaycan cəmiyyətində qadının çox vacib rol oynadığını, bu gözəl ölkəyə bir daha qayıdacağına ümid etdiyini deyib.

Beləliklə, milli ornamentlərdən ustalıqla istifadə edilərək bədii zövqlə hazırlanan geyim kolleksiyası tamaşaçılara müasir dəbdə Azərbaycan cazibəsini təqdim edib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR