• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlham Əliyev türk birliyindən danışdı: Maraqlı açıqlamalar - FOTO

  • Digər
  • 5 İyun 2014 19:31
  • 1 292 Baxış
İlham Əliyev türk birliyindən danışdı: Maraqlı açıqlamalar - FOTO

İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.

Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra prezidentlər birgə foto çəkdirdilər.

Zirvə toplantısında iştirak edən dövlət başçılarını bir daha salamlayan Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyini deyən Abdullah Gül builki Zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdırdı. Bu istiqamətin ölkələrimiz arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi: "Əziz qardaşım, hörmətli Prezident Abdullah Gül. Hörmətli dövlət başçıları. Əziz dostlar. Cənab Prezident, ilk növbədə bizə göstərdiyiniz qonaqpərvərliyə və bu Zirvə toplantısını yüksək səviyyədə təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, bu gün biz sədrliyi Türkiyəyə təhvil veririk. Bir il bundan əvvəl Qəbələ şəhərində Qırğızıstandan Şuraya sədrliyi təhvil almışıq və il ərzində çalışmışıq ki, Şuranın işi uğurlu olsun. Hesab edirəm ki, il ərzində görülən işlər bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə ki, növbəti dövr üçün Türkiyəyə sədrlik işində uğurlar arzulayıram".

Dövlət başçısı qeyd edib ki, keçən il ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün sadəcə olaraq bir neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu, Şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Əminəm ki, bu Fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır. Eyni zamanda, qeyd etməliyəm ki, keçən il Qəbələdə Azərbaycan tərəfi bir təşəbbüslə çıxış etmişdir ki, biz beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış edək. Şadam ki, artıq birinci addım atılmışdır. Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə fotostendi də nümayiş etdirilmişdir. Yəni, bu, birinci addımdır. Hesab edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə birgə turizm potensialımızı təqdim etməliyik".

İlham Əliyev bildirib ki, bunun həm də birliyimiz üçün önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır: "Biz dünən söhbət əsnasında bu barədə fikir mübadiləsi aparmışıq. Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük".

Azərbaycan Prezidenti vurğulayıb ki, eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır: "Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır".

Dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir: "Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədib. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləyib. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir".

İlham Əliyev deyib ki, bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmişlər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıbdır. Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır.

Prezident bildirib ki, Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır: "Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir. Biznes forumların keçirilməsi, investisiya imkanlarının araşdırılması, üçüncü ölkələrə birgə investisiya layihələri ilə çıxmağımız hesab edirəm ki, növbəti dövr üçün diqqətəlayiq məsələlərdən biridir. Eyni zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün Azərbaycan öz səylərini qoyur".
Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir: "Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcəkdir".

İlham Əliyev qeyd edib ki, enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır: "Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik.
Beləliklə, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər irəli sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq. Bir daha qeyd etməliyəm ki, Azərbaycan Şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verir. Biz çox şadıq ki, Şura artıq güclü bir beynəlxalq təşkilata çevrilib. Əminəm ki, qardaş Türkiyənin sədrliyi ilə biz yeni uğurlara imza atacağıq. Təşəkkür edirəm".

Zirvə toplantısında iştirak edən digər dövlət başçıları da çıxış etdilər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına yekun vuran Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə olunan məsələlərin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyini vurğuladı.

Prezident Abdullah Gül V Zirvə toplantısının Qazaxıstanda keçiriləcəyini bildirdi.

Sonra dövlət başçıları Zirvə toplantısının birgə Bəyannaməsini, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzaladılar.

Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçildi. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olundu.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı işini başa çatdırdı /AzərTAc/.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR