Aygün Bayramovadan şok etiraf: ”İki Məcnunum var”
Bizi izləyin

Digər

Aygün Bayramovadan şok etiraf: ”İki Məcnunum var”

Aygün Bayramovadan şok etiraf: ”İki Məcnunum var”

“Ulduzlu axşam”ın bu dəfəki qonağı xalq artisti Aygün Bayramovadır. Onunla çalışdığı Milli Konservatoriyada görüşdük. Şərti şumda kəsdi ki, xırmanda yabalaşmayaq: “Bax ha, şəxsi həyatdan danışmayacağıq”. Amma şərtə nə dərəcədə əməl elədim, bunu özünüz görəcəksiniz.

Onu da deyim ki, fotolarını çəkmək üçün Aygünü güclə yola gətirdik. Heç çür razılıq vermirdi...

“Özümü verilişdə görmürəmsə, ora getmirəm”

– Neçə vaxtdır görünmürsən, heç efirə də çıxmırsan…

– Əvvəldən efirlərdə çox görünməyi sevməmişəm.

– Niyə?

– Elə verilişlər var ki, özümü orda görmürəm. Ona görə də belə verilişlərə getmirəm. Bunu da açıq şəkildə bildirmirəm ki, gəlmirəm, sadəcə, deyirəm, vaxtım yoxdur, inşallah, başqa bir zamanda qonağınız olaram. İndi başa düşənin də canı sağ olsun, düşməyənin də...

– Yəni, mədəni formada yola verirsən. Maraqlıdır, bəs hansı verilişlərə gedirsiniz? Bəlkə, o verilişlərdəki qonaqlar ürəyincə olmur?

– Təbii ki, orda iştirak edən insanların kimliyi də mənim üçün maraqlı və önəmlidir. Mən hər zaman öz səviyyəmi qoruyan adam olmuşam. Ola bilər, həmin verilişə elə insan dəvət edərlər, həm ifa, həm mədəniyyət baxımından məni qane etməz. Dəvətlər yetərincədir, amma çalışıram, səviyyəmə uyğun verilişlərdə qonaq olum. Mənə başqa ölkələrdən də dəfələrlə zənglər olunur ki, Aygün xanım, sizin üçün darıxmışıq, verilişlərə niyə çıxmırsınız? Sənətim və səsim üçün darıxanlar çoxdur.

“Ciddiyəm, özümdənrazı deyiləm”

– Bəs, niyə onları intizarda saxlayırsınız?

– Arada verilişlərə çıxıram, çalışacağam ki, onları çox darıxmağa qoymayım. Bəzən görürsən ki, sənətçilər gündəm naminə efirə çıxırlar. Mən gündəmdə qalmaq naminə efirə çıxan sənətçi deyiləm. Hətta indən belə oxumasam da, əstəğfürullah, Aygün Bayramova hər zaman var olan bir ifaçıdır. Hələ qarşıda görəcəyim işlər çoxdur.

– Deyirlər, Aygün Bayramova kaprizli xanımdır…

– Bir insanla ünsiyyətə girmədən o adam haqqında fikir söyləmək düz olmaz.

– Bəs, bu fikir hardan qaynaqlanıb?

– Bəzən görürsən ki, insanların ciddiliyini özündənrazılıq kimi qələmə verirlər. Amma mən bunun əleyhinəyəm. Ciddiyəm, özündənrazı deyiləm.

– Bəlkə, görüntünüz belə təsəvvür yaradır?

– Ola bilər.

“O xasiyyətimi yığışdırmışam”

– Aygün, yəni, heç kaprizlərin yoxdur?

– Hər kəsin kaprizi var. İnsan hər şeylə razılaşırsa, yalnız o zaman deyə bilərik ki, onun kaprizləri yoxdur. Bəzən musiqiçilərlə bərabər hansısa musiqini müzakirə edirik. Bu o demək deyil ki, tez razılaşırıq.

– Mübahisədə kim udur?

– Daha çox mən. İstədiyimiz budur ki, xalqa gözəl musiqi təqdim edək. Elə mahnı var, gözəldir, amma özümü o mahnının ifaçısı kimi görə bilmirəm. Razılıq versəm də, sonradan deyirəm ki, yox e, bu, mənim mahnım deyil.

– Özünlə tək qalanda deyirsənmi ki, Aygün, bax, bu xasiyyətin olmasaydı, əla olardı?

– (Gülür) Hər kəs hansısa xasiyyətini bəyənmir. Bəzi məqamlarda emosional oluram. İstəmirəm kiminsə qəlbinə dəyim. Sözü deyirəm, sonra öz-özümə fikirləşirəm ki, bunu belə deməsəm, yaxşı olardı. Bu mənada həmişə özümü tənbeh edirəm, danlayıram. Demək olar ki, bu xasiyyətimi yığışdırmışam. Zaman geçdikcə, müəyyən mütaliə elədikcə insan dəyişir. Hər halda, imicimə xələl gətirəcək bir hərəkət etməmişəm. Hər atdığım addıma diqqətlə yanaşan adamam. Çünki biz nümunəvi insanlar olmalıyıq, hamı bizi tanıyır.

“Eşidirəm, deyirlər ki, Aygün özündənrazıdır”

– Məsələn, hər hansı addımı atarkən cəmiyyəti, insanları düşünmək – bu səni bəzən bezdirmir ki?

– Şükürlər olsun ki, hələ adıma xələl gətirəcək addım atmamışam. Eyni zamanda kiminsə qəlbinə dəyəcək bir söz də deməmişəm. Sadəcə, bunu özümə etiraf eləmişəm ki, gərək filan sözü deməyəydim. Kiminsə xətrinə dəyə bilərdi və s.

– Bəs sənin necə, xətrinə dəyənlər çox olub?

– Olub. Elələri var ki, səhvlərini etiraf edib, hətta məndən üzr də istəyiblər. Bağışlayan Allahdır. Kinli insan deyiləm. Buna görə deyirəm ki, insana kənardan baxıb ona qiymət vermək olmaz.

– Aygün, qadası, hər halda, sənin özünün də qulağına çatmış olar. Haqqında belə deyirlər ki, Aygün özündənrazıdır, kaprizlidir…

– Əlbəttə, eşidirəm, deyirlər ki, Aygün özündənrazıdır. Amma vallah, belə deyil. Allah mənə belə gözəl səs, istedad veribsə, muğamlarımızı, mahnılarımızı belə gözəl ifa edirəmsə, səhnədə gözəl Leyli oynayıb, onun daxili aləmini insanlara aça bilirəmsə... belə insan kaprizli ola bilməz.

“Bunun heç kimə dəxli yoxdu”

– Opera səhnəsində neçə Məcnunun olub?

– İki Məcnunum var. Xalq artisti Mənsum İbrahimov və Səbuhi İbayevlə oynamışam. Amma ən çox Mənsum İbrahimovla tərəf müqabili olmuşam.

– Həyatda Leyli olmaq çətindir, yoxsa, səhnədə?

– Həyatda da Leyli olmaq çox çətindir, səhnədə də. Amma məncə, səhnədə daha çətindir. Bunun çətinliyini yaşamışam.

– Bəs həyatda Leyli olmağın necə, çətinliyini yaşamısan?

– Yox, yaşamamışam.

– Yəni elə bir oğlan olmayıb, ürəyini ovlasın?

– Şərtimiz pozursan ha! Dedik axı, şəxsi həyatdan danışmayacağıq.

– Üzdə olan insansan, həyatın hamıya maraqlıdır axı …

– Şəxsi həyat mənə aiddir, bunun heç kimə dəxli yoxdur.

“Utancaqlığım var”

– Komplekslərin varmı?

– Var.

– Məsələn?

– Var də…

– De də, maraqdan öldüm ki…

– Utancaqlığım var. Olur ki, hansısa məclisdə kimsə çox sərbəst görünür, istədiyi kimi rahatdır. Mən də istərdim belə olum, amma bacarmıram. Görünür, bu da xasiyyətlə bağlı olan şeydir.

“O sözü deyəndən sonra gözümdən düşdü”

– Cəmiyyətlə hesablaşan adamsan?

– Heç vaxt istər şəxsi, istərsə də səhnə həyatımda elə bir addıma yol vermərəm ki, sonradan narahatlıq keçirim. Fikirləşim ki, qonşum, qohumum, yaxud da digər insanlar buna nə deyər.

– Azad fikirli qadınlara necə baxırsan?

– Şəxsi həyata müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur.

– Bir də görürsən, kimsə efirdə əxlaq dərsi keçir...

– Belə şeylər efirdə olmasa, daha yaxşı olar. Bəzən kimsə çox pis danışır, insanların da həmin adama münasibəti dəyişir. Deyirlər, filankəsə hörmətim vardı, filan sözü deyəndən sonra gözümdən düşdü. Çalışmaq lazımdır ki, efirdə etik normalara əməl edəsən.

“İstəmirəm, kimsə kənardan baxıb artıq-əskik söz desin”

– Geyimlərdə qapalısan. Çox maraqlıdır, qarderobda dekolte geyimin var?

– İndi yoxdur. Əvvəllər vardı. Mən hansı musiqini oxuduğumun fərqindəyəm. Xasiyyətimdə açıq-saçıqlıq olmayıb. Səhnədə də buna xüsusi önəm verirəm. Səhnə geyimi sənətçi üçün vacib məsələdir. Təbii ki, gözəl görünməlisən, geyimə görə qarşılayıb, oxumağa görə yola salırlar. Adi həyatda da geyimlərimə fikir verirəm. İstəmirəm, kənardan kimsə baxıb artıq-əskik söz desin, bunu qəbul edə bilmərəm.

Rahat geyimləri çox xoşlayıram. Səfərə gedəndə rahat geyimdə oluram. Hava limanında iki-üç təyyarə dəyişirəm, buna görə də idman geyimlərinə üstünlük verirəm.

“Burnum, sifətim, dodağım – hamısı özümündür”

– Plastik əməliyyatlara münasibətin necədir?

– Bax, necə dünyaya gəlmişəmsə eləyəm. Burnum, sifətim, dodağım –hamısı özümündür. Nə vaxtsa ehtiyac olsa, plastik əməliyyat etdirə bilərəm. Amma bir şərtlə ki, əndazədən kənara çıxmasın. Hər yaşın öz gözəlliyi var. Hələ ki, buna ehtiyacım yoxdur. Heç xüsusi maskalardan da istifadə etmirəm.

– Çəki problemin yoxdur ki?

– Ehtiyac yoxdur nə arıqlayım, nə də kilo alım. Mən elə həmişə formadayam. Əvvəllər həftədə üç dəfə zalda idmanla məşğul olurdum, indi evdə idman edirəm. Çalışıram, axşam saat 7-8-dən o yana yemək yeməyim. Konsertdən gəlib, nəsə yüngül yeməklə keçinə bilərəm. Ən çox istifadə etdiyim meyvə-tərəvəzdir; bu iki şey olmasa, elə bilərəm evdə heç nə yoxdur. Göyərtilərdən həddən artıq istifadə edirəm.

“Həvəsim yoxdursa, bişirmirəm”

– Biş-düşlə aran necədir?

– Xörək hazırlamağa həvəsim yoxdursa, başdansovdu heç nə eləmirəm.

– Hansı xörəyi əla bişirirsən?

– Çox adam deyir ki, yarpaq dolmasını və Qarabağ plovunu gözəl bişirirəm.

“Ayaqqabı xəstəsiyəm”

– Pul xərcləməklə aran necədir?

– Simic insanlara “yazıqlar olsun” deyirəm.

– Ən çox nəyə pul xərcləyirsən?

– Geyimə. Ayaqqabı xəstəsiyəm. İmkanım çatan qədər yaxşı geyinməyi çox sevirəm. Uşaqlıqdan belə olmuşam, harada yaxşı paltar görmüşəm, aldırmışam. Anama deyirdim ki, filan mağazada filan şey görmüşəm, o saat alırdı. Zövqlü qız olmuşam e...

– Geyimlərini hardan alırsan?

– Adətən, xarici səfərlər zamanı alış-veriş edirəm.

– Geyinmədiklərini neynirsən, qohum-əqrəbaya verirsən, yoxsa, saxlayırsan?

– Elə səhnə paltarlarım var ki, saxlayıram. Onları kimə verəsiyəm ki… Əvvəllər kiməsə verirdim paltarlarımı, indi vermirəm. Bundan sonra heç bir geyimimi heç kəsə verməyəcəyəm də. Son bir ildə bu qərara gəlmişəm.

“Xoşbəxtəm ki, sevilirəm”

– Çeynənmiş sual olsa da, Aygünün xoşbəxtlik anlayışı mənə çox maraqlıdır.

– Sizə bir söz deyim də… Sevgilər cürbəcürdür, əsas odur ki, insan sevilsin. Xoşbəxtəm ki, sevilirəm.

Cəvahir Səlimqızı

Foto: müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm