YAP Gənclər Birliyinin "Yay məktəbi" Lerikdə
Bizi izləyin

Digər

YAP Gənclər Birliyinin "Yay məktəbi" Lerikdə

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinə start verilib. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində təşkil olunur. İyulun 6-dan 11-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq.

Publika.az Trend-ə istinadən xəbər verir ki, iyulun 6-da "Yay məktəbi"nin açılışı olub. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular. Eyni zamanda, layihə iştirakçıları Heydər Əliyev Mərkəzində oldular.

Sonra rayon ərazisində yerləşən "Relax" istirahət mərkəzində "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin açılış mərasimində çıxış edən qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi. Bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

V.Rəhimzadə qeyd etdi ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

O da vurğulandı ki, avqustun birinci ongünlüyünə qədər davam edəcək "Yay məktəbi" 5 mərhələdə davam edəcək. Layihədə 1000-ə yaxın Bakı və regionları təmsil edən gənclər iştirak edəcək ki, bu da dövlətimizin onlara olan etimadının nəticəsidir.

V.Rəhimzadə gənclərə göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlığını bildirdi.

Açılış mərasimində çıxış edən YAP İcra Katibliyinin baş təlimatçısı Rəfail Gülməmmədov və YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimovalayihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat verdilər.

L.Kərimova, eyni zamanda, layihə çərçivəsində gənclərin istirahətini nəzərdə tutan intellektual oyunların, yarışların proqrama daxil edildiyini bildirdi.

Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri elan olundu.

"Yay məktəbi"nin ikinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində "Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu" mövzusunda seminar keçirildi.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza biri-birindən əhəmiyyətli uğurlar qazandırır.

V.Rəhimzadə bildirdi ki, gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüsçüsü olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Qrup rəhbəri qeyd etdi ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumunun rolu inkaredilməzdir. 1996-cı il fevralın 2-də keçirilən bu forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur. Sonrakı illərdə keçirilən gənclər forumları bir daha Azərbaycan gənclərinin fəallığının ildən-ilə necə artdığını nümayiş etdirir.

Bildirildi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərin gələcəyi üçün zəruri olan bütün addımların atılması öz əksini tapıb. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Gənclər Fondu yaradılıb. Bütün bunlar onu təsdiqləyir ki, gənclərə diqqət və qayğı davamlıdır.

V.Rəhimzadə bildirdi ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək, öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər. Bu fikir də xüsusi vurğulandı ki, hazırda milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın indiki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin "Gənclər Azərbaycanın gələcəyidir" tezisi dövlət siyasətinin əsasında dayanır.

Seminarda gənclərdən Vüsal Əliyev (Nərimanov rayonu YAP GB), Aysel Məmmədova (Sumqayıt YAP GB), Xətai Abdullayev (Ağdam YAP GB), Şahnaz Hacıyeva (Nizami rayonu YAP GB), Lütfiyyə Mustafayeva (Naftalan YAP GB), Ramin Həsənov (Zaqatala YAP GB), Elvin Dadaşov (Sumqayıt YAP GB), Vəfa Ələkbərova (Abşeron YAP GB), Vüsal Rzayev (Şəmkir YAP GB) və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndirdilər.

Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırıldı. Sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirildi. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vuruldu.

"Yay məktəbi"nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan "Yay məktəbi" davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm