Azərbaycanlı xanəndə: “Nişanlanandan sonra qızı instituta getməyə qoymadım” – FOTOLAR/VİDEO
Bizi izləyin

Digər

Azərbaycanlı xanəndə: “Nişanlanandan sonra qızı instituta getməyə qoymadım” – FOTOLAR/VİDEO

“Ulduzlu axşam”ın qonağı səhnəmizin Məcnunu, əməkdar artist, Prezident mükafatçısı xanəndə Səbuhi İbayevdir. Səhnəmizin ən gənc Məcnunu şəxsi həyatı ilə bağlı ən maraqlı məqamlardan danışdı. Həyatının Leylisini də bizə tanıtdı.

“Deyirdi ki, Səbuhi, istəyirəm, Arif Babayev kimi Məcnun olasan”

Səbuhi, neçə ilin Məcnunusan? Bildiyimə görə, indiyədək opera səhnəsinin ən gənc Məcnunu sən olmusan…

– 2002-ci ildə Opera Teatrının səhnəsində ilk dəfə olaraq Məcnun kimi çıxış etdim. Sözün düzü, atamın ən böyük arzusu idi ki, mən “Leyli və Məcnun”da Məcnun obrazında çıxış edim. Həmişə deyirdi ki, Səbuhi, istəyirəm, Arif Babayev kimi Məcnun olasan. Elə özümün də Məcnun olmaq həvəsim çox güclü idi. Mən o vaxt Mənsum İbrahimovu səhnədə görüb çox bəyənmişdim.

O vaxt özüm də o premyeranı izləyənlər sırasında idim. Bilirəm ki, həmin ərəfədə səni hətta ustad sənətkarlardan da qısqananlar oldu.

– Bu barədə danışmaq istəmirəm. Olubsa da, siz bilərsiniz. Hər halda, hamısına böyük hörmətim var.

“Bir Leylim var, o da evdədir”

İndiyə qədər neçə Leylin olub səhnədə?

– Birinci Leylim Gülyaz Məmmədova olub. Gülyaz mükəmməl bir ifa nümayiş etdirdi. Daha sonra Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva ilə oynamışam. Sonuncu Leylilərim Lalə Məmmədova və Vüsalə Musayeva olub.

Bəs həyatda neçə Leylin olub?

– Bir Leylim var, o da evdədir. Çoxdan evlənmişik, elə ilk dəfə Məcnunu oynayanda nişanlı idim. Nişanlım da zaldan məni izləyirdi.

“Nişanlanandan sonra qızı instituta getməyə qoymadım”

Hardan tapmışdın o Leylini?

– Bir yerdə oxumuşduq. O, fortepiano şöbəsində təhsil alırdı. Nişanlanandan sonra qızı heç ali məktəbə getməyə də qoymadım.

Səni səhnədəki Leylilərinə qısqanırmı?

– Hələ bu barədə, bir kəlmə də olsun irad bildirməyib. Məni sənətimlə bərabər sevir, elə mən də onu çox istəyirəm. Əsas odur ki, aramızda qarşılıqlı anlaşma var.

Belə başa düşdüm ki, çox qısqancsan…

– Yox, qətiyyən.

Bəs onda qızı niyə ali məktəbə getməyə qoymadın?

– Nişanlanandan sonra dedim ki, məsləhət bilirsənsə, çıx otur evdə. İmtahanlarının da qiymətlərini yazdırırdım. Ehtiyac görmədim e… Sözün düzü, o özü də mənə təzyiq eləmədi, eləsə, söz deməzdim. İndi hərdən deyirəm ki, istəsən, səni müəllimə düzəldərəm, məktəbdə işləyərsən. İstəmir. Deyir, evdə uşaqlara baxıram. Ona belə xoşdursa, mən də evi yaxşı dolandırıramsa, evdə oturmağın nə ziyanı var?

“Gördüm boğazım quruyur, tez səhnədən çıxdım”

Səhnədə ekstremal vəziyyətlərə düşmüsən heç?

– Çox olub. Canlı ifa elədir ki, hər zaman nəsə bir hadisə ilə qarşılaşmaq mümkündür. Bir dəfə “Leyli və Məcnun”u oynayırdıq. Bir onda gördük ki, səhnəyə yuxarıdan su tökülür. Gülyaz özünü itirdi, tez qırağa çəkildi. Hiss elədim ki, həyəcan keçirir və tamaşaçı bunu başa düşəcək. O saat işarə etdim ki, tərpənməsin və dərhal da başladım oxumağa. Sən demə, o qədər yağış yağıb və üstdəki dəmir tab gətirməyib, yığılan su səhnəyə tökülüb. Azı bir vedrə su axmışdı səhnəyə. Bir dəfə də Şəkidə “Leyli və Məcnun”u oynayırdıq. Tərəf müqabilim də Gülyaz idi. Şam səhnəsini oynayırdıq, orada bir dialoqumuz vardı. Mən deməliydim: “Leyli, Leyli!” Gülyaz da cavab verməlidir ki: “Qeys, sənsən?” Gördüm boğazım quruyur, tez səhnədən çıxdım və su içib geri qayıtdım. Bu dialoqu unutdum, demədim. Qayıdanda gördüm ki, Gülyaz öz sözünü deyib, mənim yerim boş qalıb. Səhnədən çıxandan sonra Gülyaz dedi ki, hardaydın, ay Məcnun, məni niyə tək qoymuşdun. Belə... Aramızda şirin zarafat oldu.

“Dedi ki, tez bura gəl, paltarımın “zamok”u bağlanmır”

Leylilərə fərq qoyursan, yoxsa elə hamısına bir gözlə baxırsan?

– Hərəsinin öz yeri var. Gülyazın səhnə plastikasından yoxdur də. Gülüstanın səsi, Aygünün səhnə mədəniyyəti – hamısı gözəldir. O biriləri də həmçinin, hamısının adını bir-bir çəkmək istəmirəm. Onlara ayrıseçkilik qoymuram. Amma etiraf edim ki, Gülüstanla mənimki tutur, həmişə onunla dilxoşluq edirəm. Bir dəfə Leylinin ölüm səhnəsini oynamalıydı, hələ səhnəyə çıxmamışdıq. Onunla otağımız da yanaşı idi. Bir də gördüm Gülüstan məni çağırır: “Ay Səbuhi, ay Səbuhi, tez bura gəl, bəs paltarımın “zamok”u bağlanmır”. Getdim “zamok”unu çəkdim. Bir az ətli-canlı xanımdır axı, “zamok”unu bağlaya bilmirdi. Zarafatından da qalmadı. Onun səmimiyyəti həmişə məni valeh edib.

“Qadınlar mənə yalnız səhnədə vurula bilər”

Səni səhnədə görüb vurulanlar da olur, yəqin…

– Bir dəfə tamaşadan çıxıb gedəndə gördüm qadınlı-kişili ona yaxın adam dayanıb məni gözləyir. Özlərini üstümə atıb məni qucaqlamağa başladılar. “Ağa, nə gözəl oynadın” deyib heyranlıqlarını bildirirdilər. Sən demə, iranlı imişlər, ifamı bəyəndikləri üçün küçədə məni gözləyib rəğbətlərini bildiriblər. İndiyə qədər də onlarla dostluq edirəm. Çox olub belə.

Bəs xanımlar?..

– Yox, qadınlar mənə yalnız səhnədə vurula bilər. Həyatda bu mümkün deyil. Mən belə şeylərə vaxt ayırmıram. Səhnədir, kimsə baxa, vurula bilər, öz işidir.

Sosial şəbəkədə varsan?

– Yox, yox, marağım yoxdur.

“Lazım olsa, onlar qadağa qoya bilər Röyaya”

Bəs marağın nəyədir?

– İşim, ailəm və dostlarımla ünsiyyət qururam. Sənət aləmində o qədər işlərim olur ki, sosial şəbəkədə yazışmağa vaxtım qalmır. Heç buna ehtiyac da görmürəm. Arada “votsap”la dostlarıma nəsə yazıram. Bir də görürsən kimsə zəng edir ki, filankəs haqqında nəsə yazıblar, oxuyuram.

Duet təklif edən olub sənə? Estrada müğənnilərini nəzərdə tuturam.

– Muğam ifaçıları ilə duet oxumuşam. Amma estrada sənətçilərindən kimi nəzərdə tutursan?

Biri elə Röya... Təklif eləsə, onunla duet oxuyarsan?

– Röyanın fərqli səs tembri, gözəl mahnıları var, istəsə, niyə də oxumayım. Başqa işlərinə qarışa bilmərəm, amma səsi gözəldir, mahnılarına da qulaq asıram...

Başqa hansı işləri deyirsən ki?

– Nə bilim, bir də görürsən, kimsə deyir Röya soyundu, geyindi və sair. Belə söz-söhbətlərə qarışmıram. Röya da, o biriləri də özü bilər. Başqalarının şəxsi həyatına qarışmaq etik baxımdan düzgün deyil. Həyat yoldaşı, atası, qardaşı var, lazım olsa, onlar Röyaya qadağa qoya bilər. Mənim nə işimə qalıb?

Bəs bu qaşını alan, üzünü dartdıran kişi sənətçilərə nə deyirsən?

– Qaşını alan haradan kişi oldu?(gülür) Kişiciklərdir onlar. Amma mən heç kimin qəlbinə dəymərəm, çünki özümün də qəlbimə vaxtilə çox dəyiblər. Təbii ki, sənət baxımından nəzərdə tuturam, zamanında olub. İnsandır da, Allah onları da elə yaradıb. Öz həyatlarıdır, özləri də bilər. Heç kimin onların həyatına müdaxilə etməyə haqqı çatmır.

“Aramızda nə qaş alan var, nə də üz dartıran”

Sən özün dar şalvar, bədənə kip oturan köynək geyinmirsən?

– Yox, xanəndə sənəti elə əsl kişi sənətidir. Elələri bizim içimizə gəlib düşə bilməz, heç yaxın buraxmarıq da. Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, üzü bəri cavanlar – hamısı görün necə geyinir, özünü cəmiyyətdə necə aparır, hörmət qazanır. Bizim aramızda nə qaş alan var, nə də üz dartıran.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm