Gürcü gədəsi məni əzişdirəcəkdi
Bizi izləyin

Digər

Gürcü gədəsi məni əzişdirəcəkdi

Gürcü xalqının necə inadkar olduğunu və milli dəyərlərinə sahib çıxdığını yaxşı bilirəm. Həm insanlıqları, həm də qonaqpərvərlikləri kəndimizdə, demək olar ki, dillər əzbəridir. Ağsaqqallar deyir ki, gürcünün qapısında yıxılıb ayağını zədələdinsə, ya da nə bilim narahatlıq baş verdisə o, səni evinə aparar sağaldar, üstəlik, cibinə yol pulu da qoyar. Cana yaxın olmaları gürcülərdə yüksək insanlıq anlayışının var olması deməkdir. Amma müsbət cəhətləri ilə yanaşı, gürcülərin mənfi cəhətləri də mövcuddur. Ümumiyyətlə həyatda qüsursuz, səhvsiz insan tapmaq absurd düşüncədir. Mövzudan kənara çıxmadan davam edək. Məsələn, üçün sərxoş gürcünün dava-şava salması qaçılmazdır. Bunu bir neçə dəfə özüm yaşamış və müşahidə etmişəm. Kəndimizin cavan, yeniyetmə oğlanları daha çox gürcülərlə futbol matçlarından sonra əlbəyaxa olur, “razborka” halları belə vəziyyətlərdə ortaya çıxır. İki tərəfin sülh yaratmaq istəyi alınmasa, ölüm hadisələri də baş verir. Təbii ki, bu gərginlik hər dəfə təkrarlanmır. Sovet vaxtı daha çox olsa da, indiki zamanımızda bu “savaşlar” artıq azalmağa başlayıb, deyərdim...

Kənd orta məktəbimizdə isə təhsil olduqca aşağı səviyyədədir. Sovet dönəmindən qalan məktəb binaları xarabalığa çevrilməkdədir. Təhsilin bərbad vəziyyəti elə məktəb binasının görünüşü açıqca göstərir. Bu hal kədərli görünsə belə, qurum fəaliyyətini davam etdirir. Məktəblərdən birində ədəbiyyat dərsi deyən Dilqəm müəllimin söylədiyinə görə, təxminən 2 ilə gürcülər Azərbaycan sektorunu ləğv edəcək və özlərinin tarixini, dilini, irqini ön plana atacaqlar. Belə olan halda oxumaq istəyən kənd uşaqları gürcü məktəblərinə üz tuturlar. Sionda, Sarticalada gürcü təhsil ocaqlarının mövcudluğu şagirdlərimizə yaxşı imkan vəd edir. Amma ilk növbədə şagird gürcü dilini ana dili kimi bilməlidir...

Yadıma düşür, keçən il, az qala, 2 gürcü gədəsi məni əzişdirəcəkdi. Niyə? Çünki ikisi də sərxoş idi. İndi deyəcəksiz ki, sərxoş adamın halımı var dava etməyə!? Bəli, lül-qəmbər olmasalar da, mənə sataşmışdılar. Məndə gah rus, gah da öz dilimizdə ağzıma gələni onların küt sifətlərinə “çırpmışdım”. Anlaya bilməsələr də, çox aqressiv qarşılamışdılar. Qeyd edim ki, gərginlik avtobusda cərəyan edirdi. Xoşbəxtlikdən, savaş baş tutmadı. Əgər həqiqətən də, ikisindən biri əl-qol atsaydı, elə avtobusuca bir-birinə qatardı. Sonra da düşüb məni yaxşıca əzişdirərdilər. Sərxoş gürcülər bizim kəndə çatmamış, düşüb uzaqlaşdılar.

Bu əhvalat tez-tez yadıma düşür. Xüsusən də sərhədi keçib, Tiflisə doğru getdiyimiz zaman. Hər dəfə xatırlayanda gülümsəyir və bunu xoş bir xatirə kimi yaddaş arxivimdə saxlayıram...

Tiflisdə isə gürcü qadınlarının səmimiliyi, əsrarəngiz gözəllikləri diqqətimi çəkir. Küçələrdən Tiflisin özünə məxsus qoxusu gəlir. Uşaqlığımın şəhəri öz füsunkar gözəlliyi, köhnəliyi ilə məni duyğulandırır. Rustavelli küçəsində əlləri qırışlı dilənçi gözlərində taleyini əks etdirir. Sevgililər parkda sarmaş-dolaş bir-biriləri ilə dilxoşluq edirlər. Metronun yanında bir qrup gənc retro musiqilərin altında küçədə rəqs edir, əylənir. Tiflisin işıqları, köhnə maşınları, insanları, sərin mehi məni içməmiş kefləndirir.

Tiflis bizim qədim paytaxtımız, şəhərimizdir. Hələ də qədimliyini, ənənələrini, qocaman ağaclarını qoruyub saxlayan bir şəhərimiz var – Tiflis. Şair demiş: “Ən gözəl yağışlar Tiflisə yağır...”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm