İnternat məktəbində dəhşət: uşaq yandı
Bizi izləyin

Digər

İnternat məktəbində dəhşət: uşaq yandı

11 saylı İnteqrasiya təlimli İnternat məktəbində Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Buna səbəb internatda uşaqlara nəzarətin lazımi səviyyədə olmamasıdır. Bunu Publika.az-a açıqlamasında Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 10-da baş verib. Bu barədə bir-birini yandıran uşaqların qrupuna nəzarət edən Mülkücahan adlı müəllimə məlumat verib. Hüquq müdafiəçisi hadisənin internat məktəbində uşaqların nəzarətsiz qalması səbəbindən baş verdiyini deyib:

“İnternatdakı uşaqlar əqli qüsurludur. Ona görə də onlara mütəmadi nəzarət olmalıdır. Qızlar və oğlanlar ayrıca korpuslarda qalırlar, hər birinin də öz nəzarətçisi olmalıdır. Lakin qızlara nəzarət edəcək şəxs olmadığına görə, oğlan korpusunun nəzarətçisi həm də qızlara baxır. Nəzarətçi dayə qızların korpusunda olanda Surxay adlı uşaq dəhlizdəki qaynar suyu götürüb və yatan Fatehin qulağına töküb. Baxmayaraq ki, əqli qüsurlu uşaqların qaldığı müəssisədə dəhlizdə qaynar suyun saxlanması qadağandır. İndi Fatehin qulaq və boyun nahiyəsində ciddi yaralar əmələ gəlib. Hazırda uşaq adi streptasitlə müalicə edilir, lakin yara geniş ərazini əhatə edir, daha fərqli dərmanlarla müalicə edilməlidir”.

T.Rzayev direktorun cəhdlə hadisəni gizlətməyə çalışdığını dedi:

“Hadisənin səhəri günü biz hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdə əvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. R.İsmayılov da hadisə barədə bizdən xəbər tutdu, baxmayaraq ki, ona hadisə baş verən kimi məlumat verilməli idi. İnternatın direktoru Gülnarə Abdullayevanın yanına gedəndə təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov da onun otağında idi. Onlar hər ikisi faktı inkar etdilər”.

T.Rzayev artıq Mülkücahan müəllimə ilə görüşdüklərini, uşağın hazırda internatdakı tibb bacısının nəzarətində olduğunu deyib. Hazırda Təhsil Nazirliyinin əməkdaşları da internat müəssisəsindədirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hadisə barədə onlarda məlumatın olmadığını, lakin bu saatdan araşdırmaya başlayacaqlarını dedi:

“Hazırda komitə tərəfindən internat müəssisələrində monitorinqlər aparılır. Adıçəkilən internat müəssisəsi də həmin siyahıya daxildir. İndi əməkdaşlarımıza məsələnin araşdırılması üçün tapşırıq verəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm