• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Batumidə batanlar

  • Digər
  • 25 Noyabr 2014 11:50
  • 1 161 Baxış
Batumidə batanlar

Ötən həftənin sonu Batumidə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumunda biz də iştirak etdik. Təəssüf ki, qeyri-hökumət təşkilatları olaraq üzv kimi böyük ümid və gözləntilərlə qatıldığımız toplantı bizi ölkəmiz adına heç xoş olmayan sürprizlərlə qarşıladı...

Forum ilk dəqiqələrdən qalmaqallarla müşayiət olundu. Mediada yazıldı. Sosial şəbəkələrdə ciddi diskussiyalar başladıldı. Diskussiyanın böyük bir qismi də ölkəmizin əleyhinə...

Bəs Batumidə nə baş verdi?

Sözügedən toplantının yekunları ilə bağlı gəldiyim qənaət budur ki, Azərbaycandan kənarda fəaliyyət göstərən ermənipərəstləri cəmiyyətə tanıtdırmaqla yanaşı, içimizdəki ermənipərəstləri də ifşa etmək çox vacibdir. Azərbaycanda xaricdən qrant alan, xaricdəki donorların əlində məsafədən idarə olunan “oyuncağa” çevrilən başıpozuq bir dəstə var ki, “QHT” adı altında vətəni satmağa hazırdırlar. Bunlar demokratiya, ədalət, insan haqları və s. davası aparmırlar. Bunların məqsədi puldur, yarınmaqdır, hətta ermənilərlə də rahatca iş birliyinə getməyə hazırdırlar.

Təsəvvür edin, Forumda jurnalist kimi iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun müsavat.com-da dərc olunan yazıları anındaca Bakıda ingilis dilinə tərcümə olunur, “ingilis dilli Bakı ermənilərinin” Batumidəki dostlarına çatdırılır və təəssüf ki, mətn də “xədicələşərək” təhrif olunurdu. Xoşagəlməz situasiyalar yarandı. “Yeni Müsavat”ın yazdıqlarına Azərbaycan nümayəndə heyətinin rəhbərliyindən izahat tələb etmək kimi absurd reaksiyalar gördük.

Əlbəttə, çox yaxşı olardı ki, biz də həmin tədbirə əliboş getməyəydik. Yəni ermənipərəst “People in Need” təşkilatının qarşısına Azərbaycanpərəst bir əcnəbi təşkilat da Ermənistanda insan haqlarının biabırçı durumu ilə bağlı bir sərgi ilə çıxa bilərdi. Bununla da həmin çex təşkilatı öz Ermənistan sevgisi naminə “sərgi”ni sakit-səssiz qapadacaqdı. Bu, olmadı. Lobbi fəaliyyəti ilə məşğul olan qurumlar yaxın perspektivdə bu istiqamətdə müəyyən işlər görməlidirlər...

“People in Need”in Ermənistan sevgisi isə danılmaz bir gerçəklikdir. O, Dağlıq Qarabağ ermənilərinin sözügedən Foruma “müstəqil respublika”nın nümayəndələri kimi qatılmasına tərəfdar olan bir qurumdur. Forumun İdarə heyətinin yığıncaqlarında da bu məsələ dəfələrlə onlar tərəfindən qaldırılıb. İkinci nüans isə “People İn Need”in rəhbərinin Dağlıq Qarabağa qanunsuz səfərləridir. O, özü də bunu dəfələrlə vurğulayıb. Rəsmi Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə səfər edən bu insanın qondarma rejimə simpatiyasını sübut etmək üçün daha hansı məlumatlar lazımdır ki?..

Bu təşkilatın erməni sevgisi yeni yaranmayıb: “People in Need” vaxtilə Ermənistanın Spitak bölgəsində baş verən zəlzələnin qurbanlarına humanitar yardımları təşkil etmək üçün təşəbbüs qrupu kimi yaradılıb və Ermənistana humanitar yardımlar edib. Və sonradan bu təşkilat nəinki humanitar sahədə, həm də Ermənistanın işğal siyasətində onların yardımçılarından birinə çevrilib.

Təşkilatın fəaliyyəti ilə bağlı bu bilgilər onların öz saytında qeyd olunub.

“People in Need”in ünvanına səslənən tənqidlərə, ən qəribəsi “ermənipərəst” ifadəsinə azərbaycanlı QHT qaragüruhunun bu səviyyədə hay-küy salması başa düşülən deyil. Niyə bu təşkilatın ünvanına səslənən tənqidləri öz ünvanlarına söyüş-təhqir kimi qəbul edirlər? Bunları “People in Need”lə nə bağlayır? Yəqin ki, bunu araşdırmaq lazım gələcək. Və ən önəmlisi, insan haqlarını müdafiə etdiyini iddia edən QHT rəhbərləri normal insanlar kimi sivil qaydada müzakirələr aparmağı bacarmırsa, onların vətəndaş cəmiyyətinə hansı töfhələrindən danışmaq olar? Tutaq ki, mən, ya bir başqası, sizin mövqeyinizi bölüşmürük, buna görə sosial şəbəkələrdə təhqir yağışı yağdırmaqmı lazımdır? Siyasi mədəniyyəti, etikası olmayanlar hansı haqlardan danışa bilərlər?

Daha bir qalmaqallı vəziyyət: “People in Need”in sərgisinə - daha dəqiqi, bu təşkilatın Azərbaycana qeyri-səmimi münasibətinə etiraz edib Forumun ilk iclasına qatılmayan Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri ilə bağlı da izahat istənildi: “etiraf etmək” gərəkirdi ki, doğrudan da iclası boykot etmişik, yoxsa yox? “People in Need”in posterinin cırılmasına münasibətimiz müsbətdir, yoxsa yox?..

Nəhayət, ikili standartlar özünü Forumun iclasında Azərbaycanda həbs olunan QHT rəhbərləri ilə bağlı qətnamənin qəbul edilməsinə cəhd zamanı aşırı şəkildə büruzə verdi. Sözügedən qətnamə 3 dəfə - 2 dəfə açıq, 1 dəfə gizli səsverməyə çıxarıldı. Forumun indiyəqədərki fəaliyyəti dövründə bir sənədin 3 dəfə səsverməyə qoyulması görünməmiş bir hadisə idi.

Əlbəttə, bu cəhdlərin qarşısı alındı, qətnamə qəbul olunmadı.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR