• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropanın Papası Sultan və Çar arasında

  • Digər
  • 3 Dekabr 2014 15:18
  • 1 059 Baxış
Avropanın Papası Sultan və Çar arasında

Rəsmi Ankara keçən həftə iki dövlət başçısını qarşılamaqla dünya siyasət gündəminə öz damğasını vurdu.

Roma Papasının ziyarəti və ardınca da Rusiya prezidentinin səfəri rəsmi Ankaranın cəlb olunduğu oyunun miqyasının genişçaplı olması ilə diqqət çəkməklə yanaşı, eyni zamanda bütün bölgəyə təsir edəcək əslində pərdəarxası yeni gedişlərin şahidi ola biləcəyimiz mənasını ifadə etməkdədir. Səfərlər, İŞİD-in artıq Yaxın Şərqdə öz ideoloji-siyasi nüfuzunu qaldırması, Qərblə-Rusiya arasında toqquşmaların daha kəskin iqtisadi xarakter alması və Moskvanın Abxaziya gedişi ilə heç də özünün geosiyasi imperialist maraqlarından əl çəkmək niyyətində olmaması, OPEK-in yeni və əslində həm də ikibaşlı neft siyasəti, İranın istər Qərb, istərsə də bölgə ölkələri ilə münasibətlər baxımından maraqlı gedişlər etməsi fonunda gerçəkləşdi. Yəni, hər kəsin öz hesabı, öz oyunu var...

Papa Türkiyəyə niyə gəldi?

Əslində Roma papasının Türkiyə ziyarətinin bir sıra diqqət çəkən məqamlar var. İlk növbədə vurğulmaq lazımdır ki, Papa Fransisin bu səfəri, daşıdığı iki vəzifədə dolayı iki istiqamətdə dəyərləndirilməlidir: Vatikan dövlət başçısı olaraq siyasətçi kimi və Vatikan Roma Kilsəsisinin lideri olaraq dini rəhbər kimi. Hər nə qədər papa rəsmi dövlət rəhbərləri üçün hazırlanan birinci dərəcəli mərasim ilə qarşılansa belə, onun bir ruhani lider olması faktı qəbul edilən bir həqiqətdir. Burda bir maraqlı məqamı qeyd etmək lazımdır. 2006-cı ildə Roma papası XVI Benedikt, Türkiyə səfəri zamanı II dərəcəli qarşılama mərasimi ilə qəbul edilmişdi. Bunun başlıca səbəbi isə, o zamankı Türkiyə prezidenti Əhməd Necdət Sezərin Benediktə, “əgər Fənər-Rum Kilsəsinin rəhbəri Bortolomeusla görüşə gəlirsinizsə, o zaman sizə birinci dərəcədə dövlət törəni keçirmərik”, - xəbərdarlığını etməsi idi. Türkiyə o zaman, papanı sırf dini lider olaraq qəbul etmişdi. Lakin indiki qarşılama tamamən fərqli oldu, baxmayaraq ki, səfərdən əvvəl papa ziyarətinin səbəbinin iki xristian kilsəsini barışdırmaq məqsədi ilə Konstantinopola (İstanbula deyil!) səfər edəcəyini bildirmşdi, bununla da əslində bir dövlət başçısı olaraq deyil, dini rəhbər olaraq gədiyinə vurğu etmişdi...

Bu səfər hər nə qədər “dinlərarası dialoq” və “mədəniyyətlər ittifaqı” fonunda təqdim edilsə də, əslində səfər əsnasında verilən mesajlar və səslənən fikirlər başqa məqamların da ortaya çıxmasına səbəb olur.

İlk növbdə dövlət rəhbəri, siyasətçi olaraq səfərin mənasına diqqət etməyə çalışaq.

İŞİD-in, yuxarıda da qeyd etdiyimiz kimi, siyasi-ideoloji təsir dairəsini kifayət qədər genişləndirməyə müvəffəq olması, əslində ciddi həyəcan siqnalıdır. Bir sıra radikal dini qruplaşmaların İŞİD-ə beyət etmələri və tabe olduqlarını elan etmələri diqqəti çəkən əsas məqmlardandır. Bu kontekstde, Livanda “Cəbhət ən-Nusra”, Misirdə “Ənsar əl-Beyt əl-Maqdis” qruplaşmalarının, Liviyada “Ənsar əş-Şaria” təşkilatının, eləcə də İordaniya, Yemən, Səudiyyə Ərəbistanı və bir sıra fars körfəzində yerləşən digər ərəb ölkələrində müxtəlif dəstələrin İŞİD-ə beyət etmələrini misal göstərmək olar. Belə bir həyəcanlı ortamda, hadisələrin birbaşa sərhəddində yerləşən və İslam ölkəsi olan Türkiyənin Qərb üçün bir körpü funksiyası oynadığı əslində qəbul edilməli olan bir həqiqətdir. Məhz bu səbəbdən də, ABŞ və Qərb koalisiya üzvləri hər vəhclə Suriya və İraq cəbhəsinə Türkiyəni daxil etmək üçün hər cür gedişlər ediblər (bir müddət əvvəl Kobani hadisələri zamanı Türkiyənin daxilində baş verən ixtişaşları yadımıza salmaq kifayət edər) və təbii ki, etməkdə də davam edirlər. Əslində papanın siyasi lider olaraq səfərinin ikinci gizli tərəfi də məhz, bu faktorlarla bağlı ola bilər: Türkiyəni İŞİD məsələsində yola gətirmək. Türkiyənin birbaşa hərbi müdaxiləsinin olmaması, İŞİD faktorunun tamamən aradan qaldırılmasını əngəlləyir. Çünki: a) Türkiyə bölgədə aktyor dövlətdir və onun proseslərdə birbaşa iştirakə əslində koalisiya qüvvələrinin işini xeyli yüngülləşdirə bilər; b) Türkiyə İslam dövləti və eyni zamanda sünni məzhəbli lider dövlətlərdəndir ki, bu birbaşa İŞİD-in “sünni anlayış” adı altında apardığı təbliğata birbaşa zərbə anlamına gələrdi; c) Türkiyə NATO dövləti olmaqla bölgə ilə Qərb arasında körpüdür. Lakin Ankara bu proseslərə girməklə özünü bataqlığa salmaq istəmir.

Papanın, hadisələrin bu istiqamətdə cərəyan etdiyi bir dönəmdə səfər etməsini eyni zamanda, İslam dünyası ilə dialoq məsələsində vasitəçi qismində əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu hüquqi-dünyəvi bir bir dövlət olaraq Türkiyəni gördüyü mənasında da yozula bilər. Əslində ziyarət Türkiyənin Avropa Birliyi ilə münasibətləri baxımından da əhəmiyyətli görünə bilər. Hazırda dalana dirənmiş bu münasibtlərin təkrar normal məcraya dönməsi üçün Papa hansısa təkliflərlə də gələ bilər. Yəni bu ziyarət, müəyyən qapıların açılması təklifinin gəlməsi kimi də dəyərləndirilə bilər. Və təbii ki, müəyyən güzəştlər və Qərbin öz siyasi maraqlarına cavab verəcək güzəştlər əldə etmək şərti ilə. Nəzərə alsaq ki, Vatikan rəsmən qondarma erməni soyqımını tanıyıb, bu şərtlərdən birinin məhz ermənilərlə sərhədd məsələsi ilə bağlı olduğunu artıq, papanın öz dili ilə verdiyi mesajlardan da anlamaq mümkün oldu. Əslində Papa bu məsələyə dair səslindirdiyi fikirlərlə, Avropa Birliyinin bu problemə baxış bucağının nədən ibarət olduğunu ortaya qoymuş oldu. Bununla da məsələyə münasibətdə Qərbin cızdığı konturlar müəyyənləşdi.

Digər məqam isə Rusiya faktorudur. Türkiyə-Rusiya münasibətərindəki yeni məqamlar və Putinin Ankaraya səfəri, əslində rəsmi Moskvanı dizə gətirmək üçün iqtisadi anlamda ölüm-dirim savaşına çıxmış Qərb üçün heç də xoşagələn perspektivlər vəd etmir. Bu barədə bir az aşağıda daha ətraflı məlumat verməyə çalışacağıq. Əinliklə söyləmək olar ki, Papa Moskva ilə bağlı da qərbin müəyyən mesajlarını Ankaraya çatdırmamış deyil.

Və dini lider olaraq səfərin mənasına diqqət etmək gərəkir.

Papanın səfəri, 1054-cü ildə bölünən və hər zaman aralarında acımasız tarixi-siyasi rəqabət yaşanan bu iki kilsə arasında, 1964-cü ildən start götürən və “sevgi dialoqu” adını almış birləşmə sevdasının reallaşması istiqamətində prinsipial addım olaraq qiymətləndirilməlidir. Xristian dünyasının hər iki dini lideri - həm Papa Frensis, həm də dünya ortodoks xristianlarının lideri statusunda olan Bartalameus birləşmək mənasını verə biləcək açıqlamalar verdilər. Patrikin ictimaiyyətin qarşısında papanın başını sığallayaraq alnından öpməsi isə, xirstian dünyasının birləşmək üçün ciddi səylər göstərməsinin ən vacib nişanəsi olaraq dəyərləndirilə bilər, əslində. Və bütün bunlar, Yaxın Şərqdə İslam dünyasını bürümüş sünni-şiə məzhəbsəl çatışmanın İŞİD və İran faktoru ilə yeni bir şəkil almasının fonunda baş verməkdədir. Əslində bu iki kilsənin birləşməsi bu gün xristian dünyası üçün olduqca böyük mənəvi əhəmiyyət daşımaqdadır. İstanbulu hər zaman qərb xristianlığının müqəddəs məkanı, AyaSofyanı isə simgəsi olaraq görən Qərb dünyası, ən azından min ilə yaxındır ki, davam edən bu bölünməni və siyasi rəqabəti aradan qaldırmaq ümidindədir. Unutmaq olmaz ki, Qərb bu gün də Fənər Patrikliyini İstanbulda Bizansın təmsilçisi və mirasçısı olaraq görməkdədir. Bildiyimiz kimi, 16 mart 1920-ci ildə İstanbul müttəfiqlər tərəfindən işğal edilərkən, Patrikliyin binasının qaşısında Bizansın tarixi üzərində ikbaşlı qartal əks olunan bayrağı dalğalandırılmışdı. Lakin Fənər-Rum Patrikliyinin ortodoks xristian dünyasında şəriksiz liderliyini şübhə altına alan Moskva və yunan provoslavlarının da mövcudluğu, əslində bu birləşmənin siyasi nöqteyi-nəzərdən hələ çox müzakirələrə və siyasi anlamda qarşıdurmalara yol açacağından xəbər verən amillərdir.

Putinin xilaskarı – Ankara!

Gündəmə damğasını vuran başqa bir səfər isə Rusiya prezidenti ilə bağlı oldu. Səfəri Qərbə müharibə elan edən Rusiyanın Türkiyədə nicat axtarması kimi də qiymətləndirmək olar. Türkiyənin Qərbdən fərqli olaraq, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması, Ankaranın qarşısında yeni iqtisadi imkanlar açıb. Türkiyə və Rusiya ikitərəfli münasibətlərdəki ticarət-iqtisadi əlaqələrin səviyyəsini 38 milyarddan 100 milyard dollara qədər yüksəltməklə bağlı əldə edilmiş razılaşma əslində səfərin, iqtisadi cəhətdən ağır zərbələr almış rəsmi Moskvanın Ankaranın hesabına itkilərini kompensasiya etməyə çalışmasıdır. Əslində iqtisadi anlaşma Türkiyə üçün də geniş perspektiv vəd edir. Məsələn, Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının daha da artırılması buna misal ola bilər. Ukrayna hadisələrindən dolayi Qərbin sanksiyaları ilə üzləşən şimal qonşumuz ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən kənd təsərrüfatı məhsulları ala bilmir. Bu isə Türkiyə üçün “Rusiya adlı böyük bazar” anlamını ifadə etməkdədir. Məhz bu səbəbdən, Rusiyaya keçən il 1.3 milyard dollarlıq kənd təsərrüfatı məhsulları satan Türkiyə, 2015-ci ildən bu rəqəmin iki dəfə artırmaqla bağlı razılaşma əldə edib. Almaniyadan sonra “Qazprom”un ikinci ən böyük müştərisi olan Türkiyə, keçən il işlətdiyi 45 milyard kub metrlik qazın yüzdə 58 faizini Rusiyadan almışdı. Qaza olan tələbi ödəməkdə çətinlik çəkən türklərin, Rusiyadan asılılığını artıracağı ilə bağı xəbərdarlıqlara rəğmən “Qazprom”dan alacağı yanacağın həcmini artırmağa da çalışır, təbii ki, özünə münasib qiymət çərçivəsində. “Qazprom”un rəhbəri Aleksey Millerin dili ilə, Vladimir Putinin Türkiyəyə 63 milyard kub metrlik yeni boru xətti anlaşmasını təklif etməsi ilə, əslində Avrupaya "təbii qaz müharibəsi elan etdiyi" reallıqdır. Əməkdaşlıq eyni zamanda turizm sektorunu və eləcə də Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı 2010-cu ildə əldə olunan razılaşmanın 2016-cı ildə stansiyanın fəaliyyətə başlaması ilə bağlı qərarı da əhatə edir.

Lakin bu iki dövlətin bölgədə cərəyan edən proseslərlə bağlı siyasi xəttlərində prinsipial fərqlər mövcuddur. Ziyarətdən əvvəl və sonra verilməkdə olan pozitiv bəyənatlara rəğmən Suriyada yaşanan daxili müharibə, Türkiyə ilə Rusiya arasında ən prinsipial fikir ayrılığı kimi qiymətləndirilməlidir. Hətta Qərbin belə İŞİD faktoruna görə ikinci dərəcəyə keçirdiyinə baxmayaraq, rəsmi Ankaranın hələ də Əsəd rejiminə qarşı prinsipial mövqe orta qoyduğu və onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni etdiyi bir zamanda, Moskva tamamən əks mövqedə duraraq hər zaman Suriya iqtidarının və Əsədin ən prinsipial müdafiəçisi rolunda çıxış etdi. Hətta bir ara mövqelərin bu cür tərs düşməsi ilə əlaqədar olaraq Türkiyədən Rusiyaya ünvanlanmış sərt bəyənatlar da səsləndirildi.

Başqa prinsipial fikir ayrılığı Ukrayna və Krım məsələsi ilə bağlıdır. Düzdür, rəsmi Ankara bu məsələdə, bütün gözləntilərə rəğmən öz sükunətini sonadək qoruya bildi, lakin bu heç də Türkiyənin baş verənlərlə razılaşması mənasını ifadə edə bilməz. Ankara bu ilhaqı rəsmən tanımadı və Ukraynanın ərazi bütünlüyünün lehinə mövqe sərgilədi. Bununla belə, Suriya məsələsindən fərqli olaraq, prinsipiallıq nümayiş etdirmədi, Rusiyaya qarşı müxalifətin ön cərgəsində yer almadı və Qərbin embarqolarına qoşulmadı. Və nəticədə Rusiyaya qapılarını Türkiyəyə açaraq geniş iqtisadi perspektivlər vəd etməkdədir.

Əslində səfər zamanı istər Suriya, istərsə də Krım – Ukrayna məsələlərinin hər iki ölkənin prezidentləri arasında müzakirə olunub desək, yanılmarıq. Bu ilk növbədə partnyorların biri-birinə tam etibar etməsi və daha böyük iqtisadi layihələrə imza atması baxımından əhəmiyyətlidir. Lakin Moskvanın nə dərəcədə rəsmi Ankaranın eşitmək istədiklərini söyləməsi ciddi mübhisə predmeti ola bilər. Əslində unudulmamalıdır ki, səfər əsnasında əldə edilən razılaşmalar nə qədər cəlbedici və parıltılı görünsə də, bu layihələrin ardı gəlməlidir. Və bunun ardını gətirilməsi üçün isə, bu iki prinsipial məsələdə, eyni zamanda Cənubi Qafqazdakı münaqişələrlə bağlı prinsipial razılaşmanın olması şərtdir. Qərb təbii ki, Ankaraya proseslərin belə bir məcraya düşdüyü bi zamanda Moskvaya qucaq açmasını bağışlamayacaq. Zatən belə demək mümkündür ki, papa vasitəsi ilə, Ankaraya lazımi mesajlar da artıq çatırılıb. Moskva isə hər halda nə Krımdan imtina etməsə belə ən azından hərbi varlığını qısıtlamağa (ki, Qara dəniz bölgəsi ölkəsi kimi Türkiyə üçün bu ciddi amildir və eyni zamanda Krımın özü tatar türkləri faktoru səbəbi ilə əhəmiyyət daşıyır), nə bu günlərdə Abxaziya ilə imzaladığı razılaşmadan imtina etməyə (ki, Gürcüstan Türkiyə üçün maraqlı ölkədir və eyni zamanda bu halın özü çox ciddi president yaradır və Azərbaycan üçün də təhlükəlidir), nə ermənilərin əl-qolunu bağlamağa (ki, Türkiyə üçün həm sərhədlərin açılması ilə bağlı edilən təzyiqlər, həm Azərbaycanla bağı strateji müttəfiqlik, həm də qarşıdan gələn qondarma soyqırımın 100 illiyi ilə əlaqədar prinsipial məsələdir), nə də sonadək müdafiə etdiyi Əsədi tək qoymağa hazırlaşır.

Əslində masaya çox şey yatırılıb. Və qazanmaq istədiyin zaman, əlində olanları da itirmək təhlükəsi çox yüksəkdir. Bunu Ankara da, Qərb də, elə Moskva da çox yaxşı anlayır...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR