Azərbaycanın neftdən mənfəəti azalacaqmı? – Açıqlama
Bizi izləyin

Digər

Azərbaycanın neftdən mənfəəti azalacaqmı? – Açıqlama

Dünya bazarında qiymətinə görə Azəri Light neftinin analoqu olan UK Brent xam neftinin 1 barelinin qiyməti 2005-ci ildən etibarən ən aşağı səviyyəsinə (həmin il üzrə orta qiymət 54,38 ABŞ dollar/barel olub) düşüb.

Yaranmış vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, 2014-cü ildə 1 barel UK Brent xam neftinin orta qiyməti 104,65 ABŞ dolları olub: “ARDNŞ-nin açıqlamalarına görə, ötən ilin yanvar-dekabr aylarında BTC əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına 28 milyon 508 min 192 ton neft ötürülüb. Bu o deməkdir ki, BTC-nin orta günlük ixracı 491 min 278 barel təşkil edib. 1 barel neftin maya dəyərinin 12 ABŞ dollar, Azərbaycan dövlətinin mənfəət neftində payının 75 faiz və ötən il 1 barelin orta satış qiymətinin 104,65 ABŞ dollar olduğunu nəzərə alsaq, 2014-cü ildə hər gün dünya bazarında orta hesabla 51 milyon 412 min ABŞ dolları məbləğində Azərbaycan nefti satılıb. Onun da 5 milyon 895 min ABŞ dolları məsrəfə gedib. Yerdə qalan ümumi mənfəət 45 milyon 516 min ABŞ dollar olub. Bölüşdürülən zaman Azərbaycan dövlətinin payı 75 faiz olduğundan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən il orta hesabla hər gündə 34 milyon 37 min, ayda 1 milyard 24 milyon, ildə isə 12 milyard 290 milyon ABŞ dolları qazandığı ortaya çıxır”.

İqtisadçı bildirir ki, bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat ötən ilki səviyyəsində qalarsa, eləcə də dünya bazarında UK Brent xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenarı üzrə orta hesabla 40 dollar olarsa, ARDNF 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa, 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola bilər: “Bu isə o deməkdir ki, ötən illə müqayisədə ARDNF-nin gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa, 9 milyard 116 milyon, 50 dollar olarsa, 7 milyard 586 milyon, 60 dollar olarsa, 6 milyard 348 milyon ABŞ dolları azala bilər. Yəni ARDNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər. Nəzərə alsaq ki, ARDNF-nin bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10 milyard 388 milyon manat və ya 13 milyard 233 milyon ABŞ dollarıdır, onda Fondun cari ildəki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan transferin pis halda 28 faizini, orta halda 35,5 faizini, yaxşı halda isə 47,9 faizini ödəyə bilər.

Yerdə qalan vəsaitlərin maliyyələşdirilməsi üçün yeganə mənbə fondun aktivləridir ki, onun da müxtəlif banklarında və bazarlarda yerləşdirildiyini nəzərə alsaq, o halda ARDNF aktivlərinin idarəedilməsi siyasətində indidən dəyişikliklər aparmalıdır. Əks tədqirdə, lazım olan sərbəst vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin idarəedilməsinə dair mövcud müqavilələrin pozulmasına və bu səbəbdən də, əlavə cərimə və itkilərə səbəb ola bilər. Təklif edirəm ki, ARDNF 2015-ci il üçün aktivlərinin idarəedilməsi siyasətində dəyişikliklər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək vəsait mənbələri formalaşdırmaldır ki, onun təyinatı üzərində istənilən zaman sərbəst sərəncam vermək imkanı yaransın”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm