Babəki, Şah İsmayılı...
Bizi izləyin

Digər

Babəki, Şah İsmayılı...

Tribunal pafosla Babəki “üzqızardan şəxs”, Şah İsmayılı “şiə barbarı”, Axundovu “rus nökəri” adlandıran intellektuallarımız üçün

Etnoqrafiyanın yazılı qanunlarında deyilir ki, hər bir xalq öz təbii mövcudluğunu qoruyub saxlamaqdan ötrü, ilk növbədə, təşkil olunduğu fərdlərin metafizik dayanıqlığını təmin edən vasitələr yaratmağa, özü yarada bilmirsə, başqa xalqların yaratdıqlarından oğurlayıb, ora-burasına əl gəzdirməklə özününküləşdirməyə məhkumdur. Məsələn, qədim romalıların misirlilərdən əkişdirdiyi məhkəmə allahı Nemezida kimi. Bu mənada dünya xalqlarının inandığı müasir Allahlar müəllifi məlum olmayan qədim vahid Allahın oğurluq oxşarlarıdır. Saxsı kitabələrə inansaq, belə agah olur ki, günümüzün “inanc dəstlərini” təşkil edən oxşar Tanrıları və onların müqəddəs idarə heyətini hindlilər, şumerlilərdən, farslar hindlilərdən, yunanlar və misirlilər farslardan, yəhudilər və romalılar yunan və misirlilərdən, avropalılar və ərəblər yəhudilərdən müxtəlif yollarla mənimsəyərək özlərinin xarakterlərinə bənzər hala salıblar. Necə ki, eyni din, xristianlıq İspaniyada, Fransada, İngiltərədə fərqli şəkillər almışdır, eləcə də, islam dini müsəlman ölkələrinin tarixi mentalitetinə uyğun olaraq çeşidlənmişdir. Eyni Tanrı bir xalqın təfəkküründə mərhəmətli, digərində qəzəblidir, başqa birində soyuqqanlı, o birində, yumşaq desək, ehtiras düşkünüdür. Eləcə də, digər dünyəvi dəyərlərin, tarixi şəxsiyyətlərin, miflərin, nağıl və dastan qəhrəmanlarının oxşarlıqları da “Babil qülləsi”nin dağılması ilə dünyanın dil xəritəsinə bölünməsi rəvayətinə şübhə yeri qoymur. Vahid dilin parçalanması oxşar fərqliliklərin yaranmasına, yəni çeynənilmiş frazayla desək, “sonun başlanğıcına” təkan verdi; Qədim dünyanın dilində “hamınındır” olan bərabərlik orta əsrlərdə “bizimdir” ayrı-seçkiliyinə, müasir dövrdə isə “mənimdir” düşmənliyinə gətirib çıxardı.

“Mənimdir” ambisiyası sivilizasiyanın süqutunda son bölgüdür, bundan sonra “heç kimindir” sonsuzluğu başlayır. Buna görə də indi xalqlar ya geriyə, “bizimdir”ə, “hamınındır”a qayıtmalıdır (mədəniyyətin vəhşiliklə başa çatması), ya da daha da irəli əbədi məhvə, “heç kimindir” sonsuzluğuna doğru şığımalıdır. Dini fantaziyanın elmi təxəyyüllə, ənənənin zəkayla, mifin reallıqla görüşü bizim Qarabağ sülh danışıqları kimi hələ ki, “heç nə” və “heç kim” uğursuzluğu ilə nəticəsiz davam edir.

Vaxtilə istər Şərq, istər Qərb dünyasında milada görə, orta əsrlərin “böyük qorxu dövrünün” zəkası özünü fiziki məhvolmadan qorumaq üçün dini mövhumatdan ayırmaqla, əslində, dinin ekzistensial substansiyasını qorumuş oldu. Bu gün din artıq özü öz mövhumatını rədd edir, öz düşmənlərinin qarşısına xurafat, mövhumat şəklində deyil, özünün ekzistensial halı ilə çıxır, elmin yaxasından yapışıb bağırır ki, sözün var üzmə de, adımı mövhumat, xurafat qoyub arxamca danışma. İndi dini təcavüzdən qorunmaq üçün elm özü özünün elmi mövhumatını yaradır və yayır. Keçmiş əsrlərin alternativ ideallarını məhv etməklə, vaxtilə dini imperailizmin əleyhinə çıxmış tarixi şəxsiyyətləri aşağılamaqla xoruzlanan intellektual mövhumatçılarımız tarixin qan analizinin yanlış aparıldığını sübut etmək üçün keçmişin “heçkimləşdirilməsini”, az qala, yeni elmi ideya kimi ortaya atırlar. Mədəniyyət ağrının tarixidirsə, tarix də xalqların zərurət qanunlarının tələbi ilə özlərinə ideal yaratması, ona səcdə etməsi, nəhayət, xatirələşdirib qoruması barədə gərgin mübarizəsinin hekayəsidir. Bu gün tribunal pafosla Babəki “üzqızardan şəxs”, Şah İsmayılı “şiə barbarı”, Axundovu “rus nökəri” adlandıran, Platonun “ikiayaqlı lələksiz varlıq” dediyi ağıl dəryalarımız, əslində, insanın mübarizə ruhu, əqidə azadlığı, fitri yenilməzlik kimi ulu dəyərlərini inkar edirlər. Bu Jozef Fuşelər özlərini vaxtilə xırda-xuruş Yunan, Misir allahlarına tapınıb etiqad pərakəndəliyi içində azan və yəhudilər, atəşpərəstlər kimi bəşəri bir inanca sahiblənmək üçün nazaretli dülgər Yusifin oğlu İsanının təlimini iudaizmin, yəni başqasını başqasının əlindən alıb özlərinə ali ruhani dəyər, peyğəmbər “düzəldən” Avropa xalqlarından daha uzaqgörən hesab edirlər. Top barıtına görə yunan odunu lənətləyən bu elmi mövhumatın fanatikləri tarixi gerçəklikləri qarabasmalar şəklində təsəvvür edirlər. Onlar elmi mövhumatın aşıladığı qocafəndi nihilizmi, məsələn, azadlığın insanın zərurətlər sistemində köləliyindən başqa bir şey olmadığını, cəmiyyətin təbiət qanunlarından asılılığını, elmi şübhələrin beyinlərdəki oturuşmuş inancları sarsıtdığını zümzümə edən mızıltılarını getdikcə major gurultuya çevirərək xalqın tarixi təsəvvürlərini korlamağa girişirlər. Mağaralardan axan qaranlıq çaylarda yaşayan balıqlar kimi onların bu fitri korluğu irsi xarakterlidir. Bu korluq nəsildən-nəsilə deyil, əsrdən-əsrə keçən tarixi korluqdur. Tarixin “heçkimləşdirilməsi”nə olan psixopatik yerikləmələri onları sosioloji-bioloji növ olmaqdan uzaqlaşdırıb psixopatoloji növlərə çevirir. Sosioloqlar sübut edir ki, vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterinin zəifləməsinə səbəb bu xalqların düşüncələrində ideyaların anarxizmini yaradaraq ruhi aləmini depressiyaya uğradan bu cür halarvadı xislətli şəxslər olmuşdur. Belə adamlarda Stendal sindromu (uğur, gözəllik qarşısında qarabasma, başgicəllənmə, eyforik bayğınlıq keçirmə) neqativ təzahürlü şərti refleks həddində olur və onlar yaxşı bilirlər ki, çox zaman qəddar və intensiv cəhdlər nəticəsində nəhəng yalanları insanların, xalqların uzunmüddətli inancına çevirmək mümkündür.

Onların həyat epiqrafı bir cümlədən ibarətdir: “dünya alçaq ruhlu insanlar üçündür, bu şərtlə ki, öz dediklərinə özləri də inansınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm