Ülkər Atəş: “Qonşu uşaq həyatımı məhv etdi”
Bizi izləyin

Digər

Ülkər Atəş: “Qonşu uşaq həyatımı məhv etdi”

Evini tapa bilmirəm, hava soyuq, soruşduqlarım onu tanımır... Zəng etmək də istəmirəm...

Axır ki, qapısını döymək qismətim oldu. Kobud qadın səsi eşidildi:

- Kimdir?

- Mənə Ülkər xanım lazımdır.

- Burda elə adam yaşamır!

- Tanınmış şairədir - Ülkər Atəş.

- Biz nə Ülkəri tanıyırıq, nə də Atəşi!

Asta addımlarla geri dönmək istəyirdim ki, döydüyüm qapı açıldı. Orta yaşlı bir qadın maraq dolu nəzərlə qapının arxasından boylandı:

- Bəlkə siz “görməyən” qadını axtarırsınız?

Ürəkləndim:

- Bəli. Burda yaşayır?

- Üzbəüz qapını döyün!

Qapı açıldığı kimi də örtüldü.

Sevincək qadının göstərdiyi qapını döydüm. İçəridən zəif qadın səsi eşidildi.

- Kimdir?

- Ülkər xanım, mənəm, Aynur!

- Mən zəngini gözlədim, dedim, yəqin gəlməzsən. Necə tapdın evimizi? Çətin olmadı ki?

- Yox, sağ olsun qonşunuz, adınızı çəkən kimi tanıdı.

Ülkər xanım məni otağa ötürüb, özü çay tədarükü görməyə başladı.

- Qızım işdən gəlib yorğundur, yatır. Mən çay hazırlayım, gəlirəm.

Əslində kor bizik...

Az keçmir, Ülkər xanım çay dolu fincanla otağa daxil oldu:

- Aynur, çantanı kənara qoy, çayını iç, soyuqdan gəlibsən.

Şokda idim. Bir anlıq təsəvvür etdim ki, Ülkər xanımın gözləri görür.

- Ülkər xanım, mənim unutduğum çantanı siz necə gördünüz? Açığı, çaşqınam.

Ülkər xanımın sifətinə təbəssüm çilənir:

- Mən hər şeyi duyuram, qızım. Sən gələndə çantanı masanın üstünə qoydun, səsini eşitdim, götürsəydin, hiss edərdim.

Özümü qaranlıq dünyanın qonağı, Ülkər xanımı isə işıqlı aləmin sakini hesab etdim. Utandım.

Son ümidimi Moskvada gözümün nuru ilə bərabər itirdim...

- Əslində, siz yox, mən görmürəm. Tədbirlərin birində əvvəllər sağlam olduğunuzu demisiz. Bəs necə oldu ki, sonradan “gözdən əlil” adını qazandınız?

- Bu, uşaq vaxtı olub. Altı yaşım vardı, məndən bir yaş böyük qonşumuzun oğlu pəncərəmizə daş atdı. Şüşə çiliklənib sol gözümə girdi. Müalicə, əməliyyat köməklik etmədi. Tədricən sağlam gözüm də zəifləməyə başladı. 1988-ci ilə qədər çətinliklə də olsa rəngləri ayıra bilirdim. Moskvaya əməliyyat üçün yollandım, elə son ümidimi də orada gözümün nuru ilə bərabər itirdim.

- Demək, bir nadinc uşağın atdığı daş bütün həyatınızı puç elədi...

- Hə, qonşu uşaq həyatımı məhv elədi, demək olar. Amma əslində, bu bir qismət, alın yazısıdır.

- Görsəniz o insana nə deyərdiniz? Ona qarşı ürəyinizdə hansı hiss var?

- Bəlkə də özü oxuyacaq müsahibəni, bəlkə də yox. Amma mən Allahdan ona yalnız can sağlığı diləyirəm. Onun heç bir günahı yoxdur. Taleyi yazan Allahdır; bu bir qəzadır, olmaya da bilərdi. Yəqin Yaradan məni bu cür sınağa çəkir. Amma mən yenə şükür edirəm.

Qadın məndən halallıq istədi...

- Sizin gözəl ürəyinizə heyranam. Yəqin ailədə hər kəs siz xasiyyətdədir?

- Yox, hər kəs deyil. Misal üçün anam rəhmətlik bütün baş verənlərə daha emosional yanaşırdı. Sizə bir hadisə danışım; qonşuluqda bir qız vardı. Onunla anam arasında mübahisə oldu. Anama: “Sən get, kor qızının dərdini çək”, - dedi. Anam çox pis oldu, indiyə kimi yadımdadır; bütün gecəni yatmadı, ağladı.

Bu əhvalatın üstündən uzun illər keçdi. Mən artıq ailəli idim, övladım da vardı. Bir gün qızım Nərminlə mağazadan qayıdanda, bir qadının məni səslədiyini eşitdim. Qadın yaxınlaşıb özünü təqdim etdi; o, anamla dava edən qonşu idi. Mənə öz həyatını danışdı. Sən demə, ailə qurandan sonra iflic bir övlad dünyaya gətirib. Həkimlərin müalicəsinə baxmayaraq, oğlu on beş yaşında ikən ürək çatışmazlığından dünyasını dəyişib.

Qadın məndən halallıq istədi:

- Bir vaxt xətrinə dəymişdim, Allah tərəfindən cəzalandım.

Mən uşaqlıqda baş vermiş bu əhvalatı çoxdan unutmuşdum. O, qızımı qucaqlayıb hönkürtü ilə ağlamağa başladı.

- Ülkər xanım, nə gözəl köynəyiniz var? Rəngi də əladır, sizə yaraşır. Yəqin qızınız kömək edib almağa.

Cavab məni yenidən heyrətləndirdi:

- Yox, özüm toxumuşam.

- Axı orda müxtəlif naxışlar var! Siz onu necə toxuya bilərsiniz?

Ülkər xanım asta addımlarla dolaba yaxınlaşdı, oradan bir çanta çıxardı. İçərisində müxtəlif əl işləri və toxuma geyimlər var idi.

- Bax, bu hələ yarımçıqdır, toxuyuram vaxt olanda. Bu isə köhnə maqnitofon lentindən toxunan kiçik əl çantasıdır. Mən gördüyüm vaxtlardan cizgiləri xatırlamağa çalışıram və onları naxış şəklində geyimlərdə toxuyuram. Hətta bir dəfə əynimə dar gələn donu biçib onu köynək halına saldım, kökləyib verdim dərziyə ki, tiksin. O, çox təəccübləndi: “Özün tək biçmisən? Daha burda nə iş qalıb ki?” - dedi.

Əl işlərimi satıram...

- Doğrudan da başdan ayağa möcüzəsiniz! Sizin əl işlərindən sərgi təşkil etmək olar!

- Yox, mən onları toxuyub satıram. Dolanışığım zəifdir, dövlətə kommunal borclarım var; əlillərə güzəşt yoxdur. Əlillik məvacibimlə yaşaya bilmirəm, çətinlik çəkirəm. Övladım belə mənim himayəmdədir. Onu işlə təmin edə bilmirəm.

- Kifayət qədər tanınmış xanımsınız. Yazıçılar və jurnalistlər birliyinin üzvsünüz. Bu yaxınlarda 6-cı kitabınız işıq üzü görəcək. Şeirlərinizə çoxlu mahnılar bəstələnib. Nadir Bayramlı, Aygün Bəylər kimi məşhur müğənnilər sizin sözlərinizə bəstələnən mahnıları ifa ediblər. Bütün bu sadalanan nailiyyətlər sizin maddi imkanınıza müsbət təsir göstərməyib?

- Xeyir. Əksinə, kitablarımı özüm çap etdirirəm. Dəfələrlə yardım üçün müxtəlif qurum və təşkilatlara müraciət etmişəm, lakin nəticəsiz qalıb.

- Qızınızın da şair olmasını istərdinizmi?

- Qızım Nərminə yaradıcılığa yaxındır. O, Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsini bitirib, gənc tədqiqatçı alimdir. İki kitabı - “Dağlıq Qarabağ münaqişəsini gözləyən problem kimi” elmi kitabı və mənə həsr etdiyi “Əsrin incilərindən - Ülkər Atəş” kitabları işıq üzü görüb. Şeirə marağı əvvəllər olub, istedadlı qızdır. Gənc yaşında bu qədər nailiyyətlər əldə edib. Bir ana kimi onunla fəxr edirəm.

Pis insanları “görmürəm”...

- Ülkər xanım, əgər boyalara bölsək, insanları hansı rəngdə hiss edərdiniz?

- Yaxşı insanları - yaşıl rəngdə duyuram. Çünki yaşıl islamın rəmzi, paklığın təcəssümüdür. Pis insanları isə zülmət kimi görürəm. Daha doğrusu, onları heç görmürəm; mənim üçün mövcud deyillər.

- Ən böyük arzunuz?..

- Ən böyük arzum - gözlərimin görməsidir. Deyilənə görə, İsraildə əməliyyat olunsam, “görmək” şansım böyükdür, amma mənim maddi çətinliyim ucbatından bu bahalı müalicəyə gedə bilmirəm. İndi gümanım tək uca Allahadır. O istəsə, mən yenə əvvəlki kimi nuruma qovuşaram; o qayğısız, iztirabsız, xoş xatirələrlə bol uşaqlıq illərində olduğu kimi, yenidən sağlam və xoşbəxt olaram...

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm