“Ərimlə yatanda da onu düşünürdüm” - Mövlud Mövludun layihəsi
Bizi izləyin

Digər

“Ərimlə yatanda da onu düşünürdüm” - Mövlud Mövludun layihəsi

Başqa kişi ilə münasibət quran qadının hekayəti

Başqa kişi ilə münasibət quran qadının hekayəti

 

On ildir ki, evliyik. Evlənəndə bir-birimizi sevmişdik, ya da mənə elə gəlirdi. Elə bilirdim onu sevirəm. İllər keçdi. İki övladımız dünyaya gəldi. Evimizdə ilk gündən başlayan anlaşılmazlığa bənzəyən söz-söhbətlər səngimək əvəzinə daha da artdı. Ancaq ayrılmaq haqqında düşünmürdük, ya da düşünürdük, həyata keçirməyə heç birimizin cəsarəti çatmırdı. Mənim gedəcək yerim yox idi. Əslində, var idi, ata-anam, bacım-qardaşım... Lakin onların yanına qayıtmağa həm üzüm yox idi, həm də iki oğlan uşağını atasız böyütməyi gözə ala bilmirdim. Uşaqlar da körpə deyildi, artıq hər şeyi gözəl başa düşürdülər, evdəki dava-dalaşdan bezsələr də, atalarından ayrı bir həftədən artıq qalanda darıxırdılar. Mənim üçün olmaya bilər, onlar üçün ata yeri boş qalırdı. Və mən anladım ki, biz elə bu qaydada, bu qalmaqallarla həyatımızı başa vurmaq məcburiyyətindəyik.

 

Adamın Allahı var, onu da deyim ki, ərim məni çox sevir. Xarakteri dözülməz olsa da, mənə olan sevgisinə, sədaqətinə şübhəm olmayıb. Düzdür, eqosu sevgisini daha çox üstələyirdi, məni heç kimlə bölüşə bilmir, öz mülkiyyəti kimi baxırdı. Yerli-yersiz qısqanır, hər şeydən ötrü deyinir, evdə hər xırda məsələyə görə dava salırdı. Uşaqlar atalarını çox istəsələr də, ona dözmək çətin idi. Bunu mən də, ərim də görürdü. Ailəmizdə baş verənlərin uşaqlara psixolji təsir etdiyini görməmək mümkün deyildi.

 

Tənhalıqdan boğulurdum. Bu adama mən ancaq yataq otağında lazım idim. Dörd divar arasında mənim kim olduğumu anlayır, əzizləyir, öl desəm, ölür, qal desəm, qalırdı. Ordan çıxan kimi olurdu yad, tanımadığımı bir adam.

 

Ali təhsilim olsa da, heç bir yerdə işləmirdim. Əvvəl özü icazə vermədi, sonra da daha mənim həvəsim olmadı. Zaman keçdikcə həvəsim öldü, bildiklərim də yadımdan çıxdı. Evə qapıldım. İşim-gücüm ancaq ev işlərilə məşğul olmaq, yemək bişirmək, qulluqda durmaq idi. Bütün bunlara baxmayaraq, necə olur-olsun mütaliəyə vaxt tapır, müxtəlif bədii ədəbiyyat nümunələri oxuyur, başımı qarışdırırdım. Yaxşı ki, virtual aləm var, sosial şəbəkələrdəki dostlar, müzakirələr vaxtımı öldürməkdə mənə yardım edirdi.

 

***

 

Necə dostlaşdığımızı bilmirəm, xatırlamıram. Onu bilirəm ki, hər gün onunla bölüşməyə ehtiyac duyurdum. Bu bölüşmələr, müzakirələr getdikcə asılılığa çevrildi. Artıq onunla virtual olaraq danşmadan yata da bilmirdim.

 

Məndən iyirmi yaş böyük olan bu adama necə aşiq olmuşdumsa, gözüm ayağımın altını görmürdü. Bütün əhval-ruhiyyəm, psixoloji durumum ona görə tənzilənmişdi sanki. Ürəyimdə də onunla danışırdım. Ərimlə yatağa girəndə belə gözlərimi yumub onu düşünürdüm. Elə təsəvvür edirdim qolları arasında məst olduğum adam odur. Vay o gündən ki, qəfil gözlərimi açıb əsl həqiqəti görəm. Onda bütün xəyallarım ayaqlarımın altına düşüb çilik-çilik olurdu. Zaman keçdikcə bizim münasibətlərimiz gözlədiyimizdən aşırı həddə çatdı. Artıq platonik sevgi yerini real hisslərə verdi. Onu görmək, toxunmaq, toxunduğunu hiss etmək istəyirdim. Həyatımda mənə kiminsə bu qədər anlayış göstərdiyi, qayğıma qaldığı, az qala şüşə qab kimi yerə düşüb sınacağımı düşünən birinin olduğunu xatırlamıram. Ancaq bütün bunlara və bir-birimizi sevməyimizin iki ilə çatdığına baxmayaraq, hələ də bir-birimizi görməmişdik. Yalnız şəkillərdə və bir neçə dəfə evdə tək olanda kamera açıb ötəri görünməklə. Hər şey bundan sonra daha da ağırlaşdı. Onun məndən böyüklüyünü göstərən əlamətlərin qabarıqlığı, saçlarının ağlığı, gözlərindəki əzabın ağırlığı, üzündəki xəfif qırışların olması nəinki məni ondan uzaqlaşdırdı, əksinə, daha da yaxınlaşdırdı. Özümü güvəndə, arxalı hiss edirdim. Elə bilirdim bir adam mənə gözün üstə qaşın var deyə bilməz. Bu adama atam, qardaşım, sevgilim kimi sığınmışdım.

 

Ancaq günlərin bir günü ovcuma sıxıb gizlədiyim ümidlərim darmadağın oldu. Ərim yan otaqda televizora baxırdı. Mən onun yadına bir neçə saatdan sonra yatağa girəndə düşəcəkdim. Odur ki, şam yeməyini verib süfrəni yığışdırdıqdan sonra mən də öz otağıma çəkildim. Mahnı dinləmək istədim. Telefonun qulaqcıqlarını qulağıma taxıb uzandım. İyirimi dəqiqə olar, ya olmazdı ki, telefonuma mesaj gəldi. O idi, danışmaq istəyirdi, lakin imkanım olmadığını yazdım. Onda telefonuma növbəti mesajı göndərdi. Üzüm xəbərim olmadan gülürdü, gözlərimin dərinliyində səbəbini kimsənin bilmədiyi bir xoşbəxtlik gizlənmişdi. Mənim yazdığım növbəti mesajdan sonra onun cavabı ləngidi. Mən də fürsətdən istifadə edib telefonu taxtın üstünə atıb ayaqyoluna qaçdım. Otağa qayıdanda şoka düşdüm. Ərim telefon əlində taxtın yanında cəhənnəmdən canını götürüb qaçmış kimi durmuşdu. Hər şey məlum idi. Mesajları oxumuşdu. Nə irəli, nə geri qayıda bildim. Göz-gözə dayanmışdıq. Heç nə demirdi. Gözləri qan çanağına dönmüşdü. Gəlib düz qarşımda dayandı. Var gücü ilə sifətimə bir şillə çəkdi.

 

- Necə? Bunu mənə necə etdin, necə edə bildiiiin???

- ....

 

Var gücü ilə bağırdı. Özümü zorla yıxılmaqdan saxladım. Yıxılmayacaqdım. Dirənəcəkdim. Hər şeyin bir sonu olmalı idi zatən.

 

- Səninləyəm, bunu mənə necə etdin? Kimdir bu alçaq, kimdir başqasının arvadına göz dikən bu oğraş?

 

Cavab vermədən ölü kimi durmuşdum. Nə heç nə danışmır, nə heç nə hiss etmirdim. Bütün hisslərim daşa dönmüşdü. Bircə onu, onu qorumaq, başqa heç nə düşünmürdüm.

 

- Danışığını bil! Oğraş deyil o!

 

- Onu  mənə qarşı qoruyursan? Sən onu qoruyursan?

 

- Hə! Hə! Həəəəə! Onu qoruyuruam! Sevirəm onu! Heç vaxt heç kimi sevmədiyim kimi sevirəm! O məni qadın olduğuma inandırdı!

 

- Nəəə? Yatdınmı onunla?

 

-  Haaa-haa-haaa!!!! – dəli kimi gülməyə başladım.

 

- Nəyə gülürsən?

 

- Yatmaqmı? Yatmaqmı? Qadın yalnız yatmaqlamı qadın olur? Bədbəxt! Sənin üçün qadın ancaq yatmaqlamı qadın sayılır? Bax, budur onun səndən fərqi. Əli əlimə toxunmadan, nəfəsini belə hiss etmədən qadın olduğumu hiss etdirdi mənə. Dəyər verməklə, anlayış göstərməklə, əzizləməklə. Uzaqdan-uzağa, üzümü görmədən anlatdı bunu mənə!

 

- Eləmi? Toxunmadan, deyilmi? Toxunmadan qadınmı etdi səni? Buna ancaq dəlilər inanar!

 

- Yox, əzizim! Yoox! Buna dəlilər inana bilər, bunu etmək ancaq ağıllıların işidir. Sən bunu bacarmadın. Bacarmadın! Əlində ola-ola, sənin ola-ola bacarmadın!

 

- Bacarmadım, hə? Bacarmadım? Bacardım, lap gözəl bacardım!

 

Qəfildən daha bir şillə ilə gözləmədiyim halda məni taxtın üstünə saldı. Ayağa qalxmaq istədim, ancaq gözlərim qaraldı. Sifətimdən od çıxdı. Yerimdən qalxmağa macal tapmadım. Özünü üstümə atdı. Vəhşi kimi bağırdı. Özgənin arvadından ərinin qisasını alırmış kimi məni – öz halalını zorladı...

 

 O bunlardan xəbər tutdu təbii. Bir müddət sonra hər şeyi ona danışdım.

 

- "Gəl" de...bir kəlmə gəl de, hər şeyə tüpürüb balalarımı da götürüb gəlim, - dedim.

 

- Sənin balaların mənim də balalarımdır, bilirsən. Səni necə sevdiyimi, mənim üçün kim olduğunu bilirsən. Ancaq bağışla, bunu ona edə bilmərəm, bacarmaram. Mən belə alçaqlıq edə bilmərrəm. Onun arvadını, balasını əlindən ala bilmərəm.

 

- Mən onun deyiləm, mən onun deyiləm, ürəyim səndə, səndədir!

 

- Bunu biz istəyirik, bu, bizim istəyimizdən başqa bir şey deyil, gülüm...

 

***

 

Biz ayrılmadıq. Yaşamaq demək olarsa, bir evdə, bir damın altında, bir döşəmənin üstündə, hətta bir yataqda yaşamağa, həyat şousu göstərməyə davam edirik. Sevdiyimdən ayrılıb sevmədiyim adamla ölməyə davam edirəm. Ruhsuz bədənimin sahibi olan adamla...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm