“Əsas məsələ bazarlara qazımızı çatdırmaqdır” - Açıqlama
Bizi izləyin

Digər

“Əsas məsələ bazarlara qazımızı çatdırmaqdır” - Açıqlama

“Azərbaycan gələcəkdə öz qazının Avropaya ixracı üçün Rusiyanın “Türk axını” layihəsinin imkanlarından yararlana bilər”.

Xəbər verdiyimiz kimi, bunu SOCAR və “Qazprom” arasında Sankt-Peterburg iqtisadi Forumu çərçivəsində keçirilən işgüzar görüşdən sonra SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib. SOCAR rəsmisinin açıqlaması ciddi müzakirəyə yol açıb. İndiyə qədər aparılan təbliğatda Azərbaycan böyük olmayan Avropa bazarlarında Rusiya qazına qarşı alternativ qaz kimi təqdim edilirdi. Xəzər qazını Avropaya çatdıracaq “Cənub qaz dəhlizi”nin imkanları Rusiyanın əvvəlcə “Cənub axını”, sonra isə “Türk axını” layihəsinə transformasiya edilmiş layihəsindən daha perspektivli hesab olunurdu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bildirib ki, əslində Avropanı təəccübləndirəcək elə bir məqam yoxdur: “Çünki SOCAR rəsmisi ikinci və üçüncü mərhələ işlənəcək Azərbaycanın qaz yataqlarından çıxan xammalın Avropa bazarlarına çıxarılmasının mümkün perspektivlərini qeyd edib. Bunlardan biri də “Türk axını” layihəsidir”.

Azərbaycanın qarşısında duran vəzifə öz qazını Avropa bazarlarına imkanı çatdığı qədər ixrac etməkdir. Ancaq bunun qarşısını əngəlləyən əsas məsələ Xəzərin qapalı hövzədə yerləşməsi, Avropanın Şərq hissəsinin və Balkanlarda infrastrukturun zəif olmasıdır. Hazırda Azərbaycan və tərəfdaşları Xəzərdən Avropaya qədər müasir infrastrukturun yaradılmasına start veriblər. Əvvəla, Rusiya Avropaya təklif edir ki, öz qazını Türkiyə-Yunanıstan sərhədinə qədər gətirir, bundan sonra Avropa özü müxtəlif infrastruktur yaradaraq qazı daşısın. Üçüncü enerji paketinin müddəalarına görə, Avropa ərazisində yaradılan istənilən infrasturkturda digər tərəfin qazı üçün də imkanlar yaradılmalıdır. Belə halda Azərbaycan niyə bundan yararlanmasın? Bizim üçün əsas məsələ bazarlara qazımızı çatdırmaqdır”.

İ.Şaban bildirir ki, belə bir sövdələşmə gələcəkdə mümkün olarsa, “Qazprom” Azərbaycan qazının hər hansı bazara çatdırılmasında süni əngəllər yarada bilməz: “Əslində bu heç onun marağında da olmamalıdır. Çünki Azərbaycanın qaz həcmləri ilə onun qaz həcmləri arasında böyük fərq mövcud olacaq. Rusiya üçün “kiçik alternativ” həcmlərinin olması isə bir növ bazarda rahat satış imkanıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm