10 yaşında hamilə, abort da ki qadağan - atası tərəfindən zorlanmış qızın həyat hekayəsi
Bizi izləyin

Qadın

10 yaşında hamilə, abort da ki qadağan - atası tərəfindən zorlanmış qızın həyat hekayəsi

Bu ilin əvvəllərində Paraqvayda 10 yaşlı bir qız uşağının 20 həftəlik hamiləliklə xəstəxanaya gəlməsi barədə xəbər dünya mediasının başlıqlarına çıxmışdı. Lakin əhalisi 7 milyon nəfər olan Paraqvayın özü üçün bu, kifayət qədər adi bir hadisə idi. Bu ölkədə təkcə ötən il 14 yaşından aşağı 700 qız dünyaya uşaq gətirib.

Paraqvayın paytaxtı Asunsyon şəhərindəki Casa Rosa Maria evinin mətbəxi laqqırtı vuran qızlarla doludur. Onlar beş aylıq hamilə olan başqa bir qızın 13-cü ad gününü qeyd etməyə hazırlaşırlar. Qızlardan doqquzu katolik kilsəsinin nəzdində olan bu ana və uşaq evində yaşayır. Bura şən-şaqraq bir yerdir. Yeniyetmə qızların gülüşləri uşaq qığıltısına qarışır.

Mətbəxdə əynində zolaqlı cemper və cins şalvar olan yeniyetmə qız 1 yaşlı uşağını qucağında yırğalayır. Bu Perladır. Onun 12 yaşı var. Perlanın 10 yaşı olanda onu qardaşı zorlayıb. Perla 11 yaşında ana olub.

Perla, Casa Rosa Maria ana və uşaq evinin qapısından keçmiş 200 qızdan biridir. Onlardan bəzilərinin 9 yaşı olub.

“Onlar belə erkən ailə ocağından qopanda və buraya gətiriləndə, bu qızlar üçün əvvəlcə çox çətin olur. Lakin biz onlara yaxşı tibb xidməti göstəririk, pal-paltar, yeyib-içmək veririk və onlar bura çox tez alışırlar”, - Uşaq evinin direktor Silsa Vera deyir.

İndi 17 yaşı olan Mersedesin başına elə bu cür bir iş gəlib. O, atalığı tərəfindən zorlanandan sonra 12 yaşında hamilə olub. Onu Casa Rosa Mariaya gəlməsi xilas edib.

“Mən kənddə, öz evimizdə yaşayanda həyatım dəhşət idi. Asunsyona gələndən sonra hər şey bir az yaxşı oldu. İndi mən aşpazlıq öyrənmək istəyirəm. Məktəbi bitirib universitetə daxil olmağı arzulayıram. Mən qızıma yaxşı bir həyat istəyirəm. Mən istəmirəm ki, mənim çəkdiklərim onun da başına gəlsin”, - Mersedes başına gələnləri nəql edir.

Casa Rosa Mariada qızların hamısını təhsilə həvəsləndirirlər ki, sonradan iş tapıb özlərini dolandıra bilsinlər.

Paraqvay Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il 14 yaşından aşağı 704 qız uşaq doğub. Bu, hər iki gündən bir uşaq deməkdir. Lakin real rəqəm daha yüksək ola bilər. Məlumat toplanması, xüsusilə də ucqar icmalarda etibarlı deyil.

BMT-nin nümayəndəsi Mirta Rivarolanın sözlərinə görə , rəqəmlər ildən ilə artır: "Deməli, bu problem kəskinləşir. Bu çox həyəcanlı vəziyyətdir. 10 yaşlı uşağın hamilə olması o deməkdir ki, onun bütün həyat yolunun trayektoriyası düzgün deyil. Biz gələcək üçün çox sayda qiymətli insan həyatları itiririk”.

57 milyonluq əhalisi ilə Paraqvaydan 8 dəfə böyük İngiltərə və Uelsdə 2013-cü ildə 14 və daha aşağı yaşlı qızların 1378 hamiləliyi qeydə alınıb. Birləşmiş Krallıqda abortlar qanuni olduğu üçün bu hamiləliklərin əksəriyyəti dayandırılıb. Paraqvayda isə yalnız ananın həyatı təhlükədə olduqda aborta yol verilir.

10 yaşlı Maynumbi qəzetlərin birinci səhifəsinə aprel ayında çıxıb. O qarın ağrısından ilk dəfə yanvarda şikayətlənmişdi. Anası onu müxtəlif klinikalara aparsa da, ağrılar kəsilmək bilmirdi. Nəhayət üç aydan sonra həkimin ağlına gəlib ki, uşağı rentgenə salsın. Yalnız bundan sonra onun 20 həftəlik hamilə olduğu üzə çıxıb.

Seksual təcavüzün Maynumbinin atalığı tərəfindən törədildiyi iddia olunub. O hazırda həbsxanada DNT analizinin nəticəsini gözləyir. Bu hadisəyə medianın marağı ona görə artıb ki, uşağın anası da təcavüzə rəvac vermiş birisi kimi həbsxanaya salınıb.

"Maynumbinin psixoloji müayinəsi göstərib ki, o çox xoşbəxt bir qızıdr və heç bir problemi yoxdur. Bizim üçün yeganə mümkün variant hamilələyin davam etdirilməsi idi, çünki qızın həyatı üçün heç bir təhlükə yoxdu”, - Paraqvayın səhiyyə naziri doktor Antonio Barrios deyib.

Maynumbi artıq anadır. Amma bəzi paraqvaylılar düşünürlər ki, hökumət bu uşağın həyatı ilə qumar oynayıb. Hamiləlik qadınlarla müqayisədə qızlar üçün dəfələrlə təhlükəlidir.

“Cladem” feminist şəbəkəsinin əlaqələndiricisi Elba Nunez hesab edir ki, burada güclü dini fundamentalist təsir var: "Onlar isbat etməyə çalışırlar ki, Paraqvayda 10 yaşlı uşağın ana olması normal haldır. Seksual zorakılıq problemdir, lakin uşaq hamiləliyi də problemdir, insan haqları məsələsidir”.

Əgər qızın ailəsi haqqını ödəyə bilirsə, qanunsuz abort da mümkündür. Bu barədə etibarlı rəqəmlər yoxdur. Abortlar zamanı baş verən pozuntular ucbatından nə qədər qadının öldüyü barədə də malumatlar yoxdur. Nunez Asunsyonun şimalındakı Concepcion mərkəzindəki uşaqlarla danışıb. Onlar belə hallar barədə məlumatlıdırlar.

"Kasıb uşaqlar deyirdilər ki, burda belə şeylər baş verir. Qızlar qızdırmaya tutulur, nəfəs ala bilmir və ölürlər…”

Varlı ailələrdən olan uşaqlar abortların hansı xəstəxanalarda və neçəyə edildiyini yaxşı bilirlər.

"Onlar abortlara “balaca ayaqları olan apendisit” deyirlər. Əgər qız bir neçə gün məktəbə gəlmirsə, uşaqlar bilirlər ki, onun “balaca ayaqlı apendisiti” olub.

Çox vaxt uşaq hamiləliyinin arxasında cinsi zorakılıq aktları dayanır. Baş prokurorluğa hər il 14 yaşına çatmamış qızlara qarşı zorakılıqla bağlı 600-dək şikayətlər daxil olur. Amma bu da var ki, çox vaxt zorakılıq törədənlər cəzasız qalırlar.

"Bizim gördüyümüz Paraqvayda baş verən zorakılıqların tam mənzərəsi deyil. Cəzalandırma da var. Amma bu yalnız işlərin 30 faizində baş verir. Həm də həbsxana müddətləri çox qısadır. Zorakılıq törədənlər 3-5 ildən sonra azad edilir və öz zorakılıqlarını davam etdirirlər”, prokuror Tereza Martinez Akosta bildirir.

Bununla beklə prokuror müəyyən uğurların əldə olunduğunu qeyd edir.

“İndi bizə daha çox şikayət daxil olur. Bir neçə il bundan əvvəl heç kəs heç nəyi xəbər vermək istəmirdi, amma indi qonşular və müəllimlər irəli çıxıb informasiyanı çatdırırlar”.

Adamların zorakılıqlar barədə məlumat verməyə hazır olduqlarını buradakı qaynar xətt də göstərir. Bu qaynar xətlə uşaqlara qarşı pis rəftar barədə məlumatlar verilir. Meynumbinin hamiləliyi xəbəri mediaya çıxandan bircə ay sonra qaynar xətlə zəng edənlərin sayı 750-dən 950-ə çatıb.

Zorakılıq edənlər barədə xəbər verənlər çox vaxt adlarının olmamasını istəyirlər. Bu görünür, Paraqvayın diktatura illərindən qalan bir vərdişdir. Minlərlə insan işgəncələrə məruz qalıb məhbəslərə atılanda salamat qalmağın ən yaxşı yolu baş aşağı sakit dayanmaq olub.

Keçmişlərdə bu ona səbəb olurdu ki, belə hadisələrin çoxu heç məhkəməyə gəlib çatmırdı. İndi isə bu telefon zənglərinin mətni məhkəmələr tərəfindən dəlil kimi qəbul edilir.

Qaynar xəttin çoxillik iş təcrübəsinə malik əlaqələndiricisi Lisiya Martinez elə indi də hərdən bəzi zənglərə, zorakılıq törədənlərin münasibətinə məəttəl qalır: "Bu adamlar bəzən düzgün etmədiklərini başa düşmürlər. Bunlar içi boş, günah hiss etməyən adamlardır. Bunlarda nə hüsn-rəğbət, nə də bir günah hissi var. Onlar başa düşmürlər ki, buna görə həbsxanaya düşə bilərlər. Onlar başqa bir insana əzab verdiklərini anlamırlar. Elə bil psixopatdırlar”.

Paraqvayda gənc analara çox az dövlət yardımı göstərilir. Köməyin çoxu xeyriyyələrdən və katolik kilsəsindən gəlir.

Banados Surda kilsənin nəzdindəki Mil Solidarios ailə mərkəzində onadək yeniyetmə ana öz uşaqları ilə gündüz məktəbində oxuyur. Qızlardan bəzilərinin yoldaşları da var. Tənha olan analar da az deyil. Bura həftədə iki dəfə gəlməklə və orta məktəb təhsilini baş vurmaq üçün gecə məktəblərinə gedənlər üçün azacıq ianə də verilir.

“Biz çalışırıq ki, onlar gələcəkləri olduğuna inansınlar” – deyir əlaqələndirici Soraya Bello.

Banados Sur Asunsyonun qapalı və sıx məhəllələrindən biridir. Bura şəhərin sərhədi ilə Paraqvay çayının sahili arasındakı bataqlıq ərazidə, zibilxananın yanında salınıb. Burada asfaltlanmış yollar yoxdur və ətrafı tez-tez su basır.

“Qızlar burada küçəyə çıxıb oynamırlar, uşaqlıq müddəti çox qısadır. Burada iş imkanları və təhsil yoxdur. Əgər hər iki valideyn işləyirsə kiçik bacı-qardaşlara analıq etmək böyük qızın üzərinə düşür. Belə bir şəraitdə onun özünün hamilə olması üçün çox vaxt tələb olunmur”, - Bello əlavə edir.

Sinif otaqlarından birində Mariya gündüz dərsindən sonra boyük kağız üzərində öz qrupunun üzvlərini qiymətləndirir: “Adamlar bizim haqqımızda çox şey danışırlar, çünki biz Banados Surdanıq. Orada isə guya hamı canidir və biz yaşadığımız şəraitə görə murdar sayılırıq. Onlar deyirlər: Sən artıq uşaq doğmusan? Ağlın harada idi, ay fahişə? Hətta xəstəxanada da abrımızı verdilər. İndi nə edəcəyik? Uşağın nə təqsiri var? Hamilə olandan sonra nə edə bilərdim?”

Casa Rosa Maria ana və uşaq evində nə olacağını artıq bilirlər. İndi bu evin təzə sakini var. 5 aylıq hamilə uşaq əlləri cibində dayanıb. Başqaları isə artıq onun ad gününə hazırlıq görürlər. O burada hələki danışıb-gülməyən, balaca uşaqların dalınca qaçmayan yeganə sakindir. Qızlar “Ad günün mübarək” oxuduqca onun üzündə bir çaşqınlıq və ümidsizlik var. Hansı uşaq belə bir ad günü təsəvvür edərdi? /BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm