Anası azərbaycanlı olan modelin dünyaya səs salan gözəlliyi - FOTOLAR
Bizi izləyin

Qadın

Anası azərbaycanlı olan modelin dünyaya səs salan gözəlliyi - FOTOLAR

Avropanın ən perspektivli super modellərindən biridir. O, İtaliyanın qüruru, Azərbaycanın isə fəxridir. 29 yaşı olmasına baxmayaraq, 20 yaşlı qız kimi görünür. İdmanla məşğul olmur, ancaq çox zərif və nərmə-nazik xanımdır, eyni ilə anası kimi. Mavi gözlərini və cəlbedici dodaqlarını isə azərbaycanlı anasından aldığını deyə bilmərəm, çünki üzdən heç oxşamırlar. Beləliklə bu gün “9 don” layihəsi çərçivəsində keçən həftə Bakıya qonaq gələn, anası azərbaycanlı, atası ilə italyan olan və gözəlliyi ilə dünyaya səs salan model Bianka Balti haqqında danışacağam.

Bianka Balti 1984-cü il mayın 25-ində İtaliyanın Lombardiya əyalətində dünyaya gəlib. Atası italyan, anası isə - Məryəm Bikə Mərzani azərbaycanlıdır. Hətta anası və qızı ilə “Xərçəng Xəstəliyinə Qalib Gələcəyik!” adlı dünyaca məşhur xeyriyyə layihəsində çəkilib. “Qızım mənim işimi davam etdirməyəcək. Bir dəfə onu çəkiləşə aparanda bir neçə saat gözləməli oldu. Sonra isə mənə elan etdi ki, model olmaq istəmir. Çünki bu iş ona çox darıxdıcı gəlmişdi”. Gözəlliyi ilə dünyaya səs salan anası azərbaycanlı modelin bədən ölçüləri 80, 58, 86, boyu 173-dür.

Podiumların parlayan ulduzu…

Dəb aləminin qaydalarını nəzərə alsaq, modelliyə çox gec yaşlarda başlayıb. Bianka Balti uşaqlıqdan model olmaq arzusu ilə yaşayır və Milanda keçirilən heç bir dəfiləni qaçırmır. Uşaqlıq arzusunu reallaşdırıb model biznesinə yiyələnmək üçün çətin yollardan keçir. Qəribə səslənsə də, model agentliklərinə dəfələrlə müraciəti nəticəsiz qalır. Hətta Elit Model Agentliyi Biankanın xüsusi və qeyri-adi gözəlliyə malik olmadığını iddia edir. Biyanka təsadüfü görüş baş verənə qədər model olmaq sevdasından və podiumların parlayan ulduzu olmaqdan vaz keçir. 20 yaşında əsrarəngiz gözəlliyə malik Biyanka Balti təhsil xərclərini ödəmək üçün adi satıcı işləməyə başlayır. Mağazada Bruno Pauletta ilə təsadüf nəticəsində qarşılaşması gələcək taleyini həll edir. Bruno Pauletta: “Mən ona kəkillərini kənara etməyi və üzünü göstərməyi xahiş etdim. Saçını üzündən çəkəndə maqnit kimi gözlərini görəndə başa düşdüm ki, onu parlaq karyera gözləyir”. Professional baxış İtaliyanın qüruru hesab olunan Biyankanın gözəlliyini aşkar edir, beləcə dəb dünyası daha bir əvəzolunmaz model qazanır. İlk müqaviləsini “Dolce & Gabbana” ilə bağlayır. Daha sonra qüsursuz siması ilə “L’Officiel”, “Numero and Amica” jurnalların üz qabığında çəkilir. Həmçinin “Vogue”, “Harper’s Bazaar”, “W”, “Jalouse”, “Cosmopolitan”, “Velvet” və “Marie Claire” kimi nüfuzlu jurnalların səhifələrini bəzəyib.

2004-cü ildən sonra Bianka Balti “Alexander McQueen”, “Dolce & Gabbana”, “Emanuel Ungaro”, “Hermes”, “Valentino”, “Donna Karan”, “Marc Jacobs” kimi bahalı brendlərin dəfilələrində çıxış edir. 2005-ci ildən etibarən Bianka Balti “Victorias Secret” brendi ilə əməkdaşlıq edir. 2006-cı il modelin həyatında rekord ili olur. Həmin “Bill Blass”, “Carolina Herrera”, “Chanel”, “Givenchy”, “Gucci”, “Michael Kors”, “Ralph Lauren”, “Stella McCartney” və.s brendlərin dəfilələrinə dəvət alır. 2008-ci ildə Bianka “Go go Tales” adlı filmin kastinqlərindən keçir və filmdəki erotik rəqqasələrdən birini oynayır. Amma oynadığı rol o qədər də uğurlu alınmır. Bu filmdən sonra Bianka hamiləlik məzuniyyətinə çıxır. Qızı Matildanı dünyaya gətirdikdən sonra “Cesare Paciotti”-nin siması olaraq qayıdır.

Balti 2007-ci ildə tanınmış fotoqraf Kristian Lucidi ilə ailə qurur. Təəssüflər olsun ki, cütlük 2009-cu ildə ayrılır. Həyat yoldaşından ayrıldıqdan sonra özündən yaşca kiçik musiqiçi Françesco Mele ilə görüşür. Onların münasibətləri hələ də davam edir. Deyəsən, elə musiqiçilər dünyanın ən gözəl modellərinin qəlbinin açarını hamıdan yaxşı tapa bilirlər. “Biz tanış olanda onun kim olduğundan xəbərim yox idi. Sonradan musiqiçi və öz qrupu olduğunu öyrəndim. Beləcə mən də roku sevməyə başladım. Hərdən qızımla Françesko evdə musiqili şou göstərirlər. Qızım rep oxuyur, Françesko isə gitarada ifa edir. Sevgilim çox yaxşı oğlandır, məni təəccübləndirmək üçün əlindən gələni edir. Düzü hər dəfə fiasko ilə nəticələnsə də, onun bu əziyyətini qiymətləndirirəm”.

Model reklamların çoxunda tanınmış kişi həmkarı və dünyanın ən yaraşıqlı kişisi kimi tanınan David Qandi ilə birlikdə çəkilir. “David əla oğlandır. Düzü, onunla birlikdə çəkiləcəyimi öyrənəndə həyəcan keçirirdim, axı onunla çəkilmək böyük məsuliyyət deməkdir. Hər şey yaxşı və əyləncəli keçdi. Qandi əsl centilmendir. Ümumiyyətlə, “Dolce & Gabbana” ilə həmişə belə olur. İş əlaqələri daha səmimi ünsiyyətə çevrilir. Biz böyük bir İtalyan ailəsiyik, onun bir hissəsi olmaq gözəl hissdir. İnanın ki, dəb dünyasında olduqca nadir rast gəlinən hadisədir”.

Modelin işi təkcə jurnal və podiumlardan ibarət deyil. Belə ki, Bianka xeyriyyəçiliklə də məşğul olur. Biyanka - SOS Children’s Villages-in sponsorudur. Bu təşkilat ehtiyacı olan uşaqlara yardım edir. Bundan başqa hələ rəsmi olaraq brend yaratmasa da, özü üçün eskizlər çəkir, paltarlar tikir.

Gözəllik sirləri

Hər bir qadın kimi modelin də özünə məxsus gözəllik sirləri var: “Mən İtaliyanın Lodi vəyalətində böyümüşəm. Biz tez-tez valideynlərimizlə dağlarda gəzintiyə çıxırdıq. O vaxtdan etibarən meşələrin ətrini sevməyə başladım. Bundan başqa dəniz və bütün bədəni örtən isti qumu da sevirəm. Bütün bunlar “Light Blue ətrində” cəmlənib. “Light Blue” ən sevimli ətrimdir, 13 yaşım olanda Yeni İldə xalam mənə bu ətirdən hədiyyə etmişdi. Hətta onun plakatını kravatımın üstündən asmışdım. İndi isə onun siması oldum”.


Bədən quruluşunu nəyə borcludur?

“İstəyirsiniz inanın, istəyirsiniz inanmayın idmanla məşğul olmuram. Maksimum yoqa ilə məşğul ola bilərəm. İdmanla mütəmadi olaraq məşğul olmalısan. Mən isə gələn həftə harada olacağımı bilmirəm. Ağır çamadanla aeroportda gəzmək bəs edir. Amma qida rejiminə xüsusi fikir verirəm, sağlam və lazımlı qidaları yeyirəm. Xoşbəxtlikdən italyan mətbəxi belədir. Həyatımda ancaq bir dəfə qızım dünyaya gələndən sonra pəhriz saxlamışam, tezliklə əvvəlki formaya qayıda bildim. Anam da cavanlıqda arıq və incə olub. İndi isə pəhriz saxlamağa məcbur olur. Bilmək olmaz, gələcəkdə bəlkə mən də pəhriz saxlamalı oldum”.

Makiyaj sirləri

“Mənim iri gözlərim və dolğun dodaqlarım makiyaj reklamı üçün çox idealdır. Gündəlik həyatda isə demək olar ki, üzümə heç nə çəkmirəm, təkcə qaşlarımı karandaşla vurğulayıram. Kirpiklərimə nadir hallarda tuş çəksəm də, həmişə bururam. Dodaqlarıma həcm verici Burt’s Bees balzamı çəkirəm, bu balzam inanılmaz dərəcədə ucuzdur. Balzam dodaqlarımı həm qidalandırır, həm də dolğunlaşdırır”.

Dəriyə qulluq vasitəsi - “Dəriyə qulluq etməyin öz qaydası var. Artıq heç nə çəkmirəm, ancaq ehtiyacı olan qulluğu göstərirəm. Gündə iki dəfə nəmləndirici və günəşdən qoruyucu SPF tərkibli krem çəkirəm. Modellik mənə yatmazdan əvvəl makiyajı silməyi öyrədib”.

Chanelin qırmızı dırnaq boyasına heyran olan model bu rəngin dərisi ilə çox gözəl göründüyünü bildirir.

“Dolce & Gabbananın Sicily çantaları əlimdən düşmür, mənim üçün çox dəyərlidir. Onların tuflililərinə də heyranam, hətta ən hündür ayaqqabıları da inanılmaz dərəcədə rahatdır. Ziyafət geyimlərinə isə söz ola bilməz. Xüsusən də keçən il Kann Festivalında geyindiyim güllü və dəbdəbəli paltar zövqümcə idi. Həmin paltarda özümü əsl şahzadə kimi hiss edirdim”.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm