• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qadını şəxsi həyatı ilə vurmazlar…” - MÜSAHİBƏ

  • Qadın
  • 18 May 2012 14:45
  • 237 Baxış
“Qadını şəxsi həyatı ilə vurmazlar…” - MÜSAHİBƏ

Publika.Az-ın italiyan restoranı "ROOM" -da həyata keçirdiyi "Ev havası" müsahibə-layihəsinin bu dəfəki qonağı Azəri-Türk Qadınlar Birliyinin sədri, tanınmış ictimai-siyasi xadim Tənzilə Rüstəmxanlıdır.

- Tənzilə xanım, sizə türk millətçilərinin anası deyirlər...

- Bu, mənimçün dünyada ucala biləcəyim son nöqtədir. İnsanın övladına olan sevgisi Allaha olan sevgisinə bərabərdir. İnsana öz övladından qeyrilərinin də "ana" deməsi ən böyük xoşbəxtlikdir. Hətta üzünü görmədiyim uşaqlar var ki, mənə məktublar yazırlar, mənə qarşı hansısa haqsızlığa görə əziyyət çəkirlər. Eyni məfkurənin ətrafında birləşdiyimiz üçün məni öz mənəvi anaları hesab edirlər. Mən bundan qürur duyuram.

- Sizcə, özünü millətçi göstərənlərin hamısı bu məsələdə səmimidirmi?

- Xeyr. İndi çoxları ortaya çıxıb özünə türkçü deyir. Kipri tanımayanlar, bir vaxtlar Şimali Kiprdən olan şəxsləri müxalifətçi sanıb onlarla görüşməkdən qorxanlar, indi Kipr sevdalısı olublar. Bizdə müxalifətlə iqtidar o qədər böyük sədlə bir-birindən ayrılıb ki, elə bilirlər hər yerdə elədir. Türkiyədə bu gün müxalifətdə olan sabah iqtidarda ola bilər. Mən Şimali Kiprdən ilk dəfə qonaqlar dəvət edəndə qorxub qaçanlar, türk sultanlarını ələ salanlar indi millətçi olublar. Millətçilik indi çoxlarına vasitə olub. Türkçülük kiminsə öz mənafeyi üçün istifadə edəcəyi nəsnə deyil. Türkçülük elə bir məfkurədir ki, onun yolunda əriməlisən, heç bir mənfəət ummadan öz ideyan yolunda addımlamalısan. Alparslan Türkeşin gənclərə xitabən yaxşı bir sözü var: "Türk məfkurəsindən mənfəət gözləmə. Əlinə aldığın bayraqla hədəfə doğru irəlilə. Bu yolda səni hər cür əzablar, işgəncələr gözləyə bilər".

Bəzən mənə sual verirlər, türk millətini niyə bu qədər sevirsiniz? Sadə cavabı var: Türk milləti mənim millətimdir. Mən ingilisi, almanı, fransızı sevmək zorunda deyiləm. Hörmət edə bilərəm. Qoyun, onlar da öz millətlərini sevsinlər...

- "Qlobalizm", "liberalizm" - bu anlayışlar türkçülüyə zərər vermədi ki?

- "Liboşlar"ı deyirsinizə, onlara acıyıram. Məqsədləri insanları soy-kökündən sapdırmaq, yanıltmaqdır. Əsl türk millətçiləri üçün belə şeylər keçərli deyil.

- Publika.Az tarixçi-jurnalist Firuz Haşımovdan "Qanun" nəşriyyatında çap edilən, Güntay Gəncalpın müəllifi olduğu "Səfəvilər" kitabına münasibət öyrənmişdi. O, demişdi ki, bu kitabın "Qanun" nəşriyyatında çapı qardaşı öz qardaşının əli ilə vurmaqdı. Təbii ki, Şahbaz Xuduoğlu ilə Sabir Rüstəmxanlını nəzərdə tuturdu…

- Sabir Rüstəmxanlı Xətai heyranıdır. O kitab "Qanun" nəşriyyatında çap edilməsəydi, başqa nəşriyyatda olacaqdı. Niyə müəllifin əvəzinə nəşriyyatın üzərinə gəlirlər? Məncə, belə daha düzgün olar. Kitabı çap etməklə müəllifin mahiyyətini ortaya qoymuş oldular. Hazırda Türkiyəli yazar İsgəndər Palanın "Şah və sultan" kitabını oxuyuram və dəhşətə gəlirəm. Tarixi faktlar saxtalaşdırılıb. Şah İsmayıl təhqir edilib. Sabir bəy Şah İsmayıl Xətaini tarixçilərdən də yaxşı bilir. Sabir Rüstəmxanlının qələmi ilə bu kitabın cavabı verməlidir. Bu missiya onun üzərinə düşür. Tarixi faktlar, xəritə saxtalaşdırılır. Bu məsələlərlə bağlı heç kim öz üzərinə iş götürüb nəsə eləmir. Bu, Şah İsmayıl Xətai ilə bağlı ilk hadisə deyil. Dünyanın bir çox ölkələrində tarixi saxtalaşdıran, Xətaiyə ləkə yaxmaq istəyən kitablar çap edilir. Bu, elə bizdə də var. Bir müddətdir ki, Şah İsmayıl Xətai ilə bağlı kampaniya başlayıb. Bəzi insanlar var ki, kənar təsirlərin istəyi ilə qaralama kampaniyası aparırlar. Kiməsə dil uzatmaq üçün o haqqı qazanmaq lazımdır. Ona dil uzadanlar tarixçidirlər? Gərək, heç kim boyundan hündürə hoppanmağa cəhd etməsin.

- Sizcə, bu kampaniyanı başlatmaqda məqsəd nədir?

- İllərlə insanların gözündə dəyərə, qəhrəmanlıq simvoluna çevrilmiş Şah İsmayılı, Babəki qaralamaq düşmən işidir. Nəyə nail olmaq istədilərsə, alınmadı. Hər il 3 mayda "Türkçülük günü" keçirilir. Biz hər il görüşlər təşkil edirik. Keçən il baş tutan tədbirdə gənclər slayd hazırlamışdı. Slaydda bütün türk dünyasının şah babalarının görüntülərini canlandıran gənclər var idi. Şah İsmayıl və Sultan Səlim slaydda görünəndə gənclər eyni coşqu ilə alqışladı. Görüşdə Türkiyənin böyük şairi, əslən ağdamlı olan, "Azərbaycan ürəyimdə bir şah damardır" şeirinin müəllifi Yavuz Bülənd Bakiler də iştirak edirdi. Yanaşı əyləşmişdik. Bir də gördüm ki, Yavuz bəy hönkürür. Yavuz bəy Azərbaycanı çox sevən insandır. Dedi ki, gənclərə düşmənçilik aşılamamalıyıq. Tarixə görə iki qardaşı düşmən eləmək olmaz. İsgəndər Palanın kitabı nəyə xidmət edir? Qardaşın qardaşın qanını axıtmağını xatırlatmaqla düşmənçilik toxumları səpmək niyə lazımdır? Qazıyıb qan çıxartmaq düşmən dəyirmanına su tökməkdir. İsgəndər Pala roman yazıb. Roman tarixi romandır. Ancaq heç bir tarixi qaynaqlara əsaslanmayıb.

- Bəs bu məsələlərdə medianın rolunu necə qiymətləndirirsiniz?

- Medianın rolu əlbəttə ki, böyükdür. Keçmişimizə sayğı ilə yanaşmaq boynumuzun borcudur. Medianın bunları aşılaması çox vacibdir. Biz gələn ilki 3 May "Türkçülük Günü" nü Şah İsmayıl Xətaiə həsr edəcəyik. Bu dəqiqə türkçülüyü əsl türkçülərin əlindən almaq istəyənlər bu işi qeyri-səmimi, idarəolunan insanlara tapşırıb. Mən bunu təhlil eləmişəm. Burdakı məqsəd də aydındır. Əsl türkçülərin əleyhinə işlətmək üçün yaradılmış qruplaşmalar var. Bunları zamana buraxmaq lazımdır.

- DAK ətrafında olan söz-söhbətlər sizin bir açıqlamanızla bitdi…

- Cəlil Məmmədquluzadənin yaxşı bir sözü var: anlamaq dərdi. Bunları anladıqca insan sarsılır. Mən millətimə heç vaxt yalan danışmamışam. Millətin gözünün içinə baxa-baxa necə yalan danışa bilirlər? Bu yükü necə daşıya bilirlər, onu anlaya bilmirəm.

- Üzərinizə bunca hücumlar olur. Bəzən media da haqsızlıq edir. Necə qoruyub saxlaya bilirsizniz hər şeyi?

- Lalə Şövkətin gözəl bir sözü var. Həmişə deyir ki, hər əyninə şalvar geyinən kişi deyil. Hər əsən külək məni əyəcəksə, mən nəyəm onda? Bu millətin gözü elə bir tərəzidir ki, hamını tanıyır. Buna güclü iradə və mənəviyyat lazımdır. Bunların hamısı xarakter məsələsidir. Var- dövlət keçib gedir. Biz hər şeyi görmüş adamlarıq. Sabir Rüstəmxanlının bir şeiri var: "Dünyanın ən kasıb evindənəm mən, Yoxsulluq, zənginlik aldatmaz məni".

- Ailə məsələləri ilə bağlı mətbuatda gedən yazılara sərt reaksiya verdiniz...

- Məni hamı sevməyə məcbur deyil. Bunu gözləsəm, insanlıqdan çıxmış olaram. Mətbuatda çox hörmət etdiyim, qələminə sayğı ilə yanaşdığım insanlar var. Lakin, elələri də var ki, mətbuatdan istifadə edib içindəki kinini, nifrətini qusur. Şər, böhtan atır. Mən ən yaxın ətrafımdan belə şəxsi həyatı haqda heç nə soruşmuram. Bu, məni qəti şəkildə maraqlandırmır. Bəs mənim həyatıma niyə burunlarını soxurlar? Bu millətin gözünün önündə olan insanam. Hələ Sovet dövründə "Azərittifaq" kimi bir sistemin içində olmuşam. KQB vəzifəyə gedən hamının yeddi arxa dönənini yoxlayırdı. İctimai-siyasi fəaliyyətimdə İranı, Ermənistanı, Rusiyanı narahat edən məsələlər olur. Siz açın erməni, kürd saytlarını. Görün, mənim gördüyüm işlər əleyhinə nə cür yazılar yazırlar. Haqqımda nəsə olsaydı, indi çoxdan aləmə car çəkmişdilər. Ailə müqəddəsdir. Oraya heç kimin burnunu soxmasına icazə verilmir.

- Jurnalistlərin də şəxsi həyatları gündəmə gətirilir…

- Kiminsə qələmi birini narahat edirsə, kəskin yazısı olursa, onu qadınlığı ilə, şəxsi həyatı ilə vurmağa çalışırlar. Videoyazılar yayırlar, müxtəlif iyrəncliyə əl atırlar. Budur, müsəlmanlıq, budur bizim dəyərlərimiz? Hələ mən heç bir qadını görməmişəm ki, siyasi və ya hansısa idealoji mübarizədə qarşısında olan kişini onun şəxsi həyatı ilə "vursun". Kişilər bunu qadına etməyi özlərinə sığışdırır. Mənəviyyatımız aşılanır. Siz nə vaxtsa eşitmisiniz mən və ya Sabir Rüstəmxanlı siyasi mücadələdə kiminsə qızının, qadınının adını çəkək?

- Necə hesab edirsiz, Azərbaycan qadını layiqli yerindədirmi?

- Xeyr. Bu yaxınlarda millət vəkili Hacı Qalib Novella Cəfəroğlu ilə bağlı açıqlama verib. Millət vəkili ağzına o sözü necə yaraşdırır? Novella Cəfəroğlu küçələrə ona görə çıxmışdı ki, Azərbaycana müstəqilliyini qazandırsın. İndi müstəqilliyin meyvələrini dərənlər o vaxt Ayaz Mütəllibovun sıralarında baş yarırdılar. Qadına qarşı belə mübarizə aparılmamalıdır. Novella Cəfəroğluya söz demək üçün o haqqı qazanmaq lazımdır.

- Mətbuatda bəzən sərt çıxışlarınız olur…

- Bu yaxınlardakı nişan hadisəsi ilə bağlı məsələ övladlarımı çox üzdü. Hansısa mətbu orqan informasiya verə bilər. Lakin şəxsi həyatı müzakirəyə çevirmək, mənə qarşı olan kin-küdurəti uşaqlarımdan çıxmaq vicdan işi deyil. Mən uşaqlarımı bu millətə o qədər sayğı və sevgi ilə böyütmüşəm ki, onlar belə münasibət görəndə sarsılır. 9 milyonun içində evlənənlərdən biri də mənim övladımdır. Bunu yazan insan fikirləşmir ki, iki gəncin həyatı mövzu ola bilməz? Bu millətin adətində evlənənə xeyir-dua var. Mən bütün anaların övladlarının sevincinə qoşuluram. Mənim oğlum Cəmil bu yaxınlarda Brüsseldəki görüşdə Cənab Fasyeni öz sualları ilə divara dirəmişdi. Bəzən danışırlar ki, hansısa nazirin övladı xaricdə diaspora ilə məşğul olur. Buna sevinmək yerinə başqa yönə çəkirlər.

- Tanınmış sənətçilər Araz Elseslə Ahmet Şafaka münasibətiniz bizə bəllidir. Bəzən deyirlər ki, Ahmet Şafak Araz Elsəs ola bilmədi…

- Bu, yalnış düşüncədir. Ahmet Şafakı 2004-cü ildə mən Azərbaycana dəvət eləmişəm. Türkiyədən bura o qədər sənətçi gəlib-gedir. Milyonlarla pulla geri dönürlər. Sevib-dinlədiyimiz Sezen Aksu "Sarı Gəlin" i ermənicə oxuyur, Ajda Pekkan dağdakı PKK -lı qızlara mahnı həsr edir. Mənim üçün kimliyindən aslı olmayaraq türkün düşməninə dəstək olan hamı düşməndir.

Ahmet Şafakdan başqa kimi göstərə bilərsiniz ki, konsert verib yığılan pulu hərbi hissəyə köçürüb? Yalnız Ahmet Şafak milyonların qarşısında təmənnasız konsert verib. Azərbaycanda onu sevən böyük insan toplusu var.

- Nəhayət, Sizə olan münasibətlə razısınızmı? Tənzilə Rüstəmxanlı layiq olduğu yerdədirmi?

- Bu həyatda yeganə bir şeyə inanıram, o da İlahi Ədalətdir. Allahın ədaləti çox böyükdür. İnsan Allaha sığındıqca, günlük hesablardan uzaqlaşdıqca, hər şeydən arınır, saflaşır. Kiməsə etdiyim haqsızlıq əvəzsiz qalmadığı kimi, mənə olunan haqsızlığı görəndə də Allaha sığınıram. Mən günlük siyasətlə, günlük hesablarla yaşamıram. Türkiyədə də, burda da mənə olan sevgi bəs edir. Övladlarım da qəbul edib ki, mən Türk dünyasını sevən, eyni məfkurə ətrafında birləşən, məni özünə ana görən bütün gəncliyin anasıyam.

Günay Muradlı

Foto: Bayram İsgəndərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR