Siyasət və dəb: Güclü xanımların bənzərsiz stilləri - FOTOLAR
Bizi izləyin

Qadın

Siyasət və dəb: Güclü xanımların bənzərsiz stilləri - FOTOLAR

8 mart Beynəlxalq qadınlar günü dünyanın hər yerində qadın bərabərliyi və azadlığı kimi qeyd olunur. Bayram ərəfəsində publika.az güclü xanımların bənzərsiz üslubunu təhlil etməyi qərara alıb. Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu gün həqiqətən güclü və uğurlu qadın üslubunun nə demək olduğunu nümunələrlə göstərməyə çalışacağam.

Dəb dünyası rəhbər vəzifələr tutan, bizneslə, siyasətlə məşğul olan qadınlar üçün "power dressing", yəni "dəbin gücü" deyilən xüsusi üslub fikirləşiblər. Güclü qadın üslubunu bizneslə məşğul olan, rəhbər vəzifə tutan, ölkənin siyasi və ictimai həyatında mühüm yeri olan, siyasətçi və hüquqşünas xanımların tərzi kimi qələmə verə bilərik. Vəzifələri onları bu üslubun qayda-qanunlarına riayət etməyə məcbur edir.

Güman edilir ki, "Power dressing" deyilən üslub Amerikada qadınların rəhbər postlar tutmağa başladığı və əmək bazarında kişilərlə ciddi rəqabət apardığı 80-cı illərdə yaranıb.

Mühafizəkar üslubda olduğu kimi, "power dressing" üslubunun da əsas elementi kostyumlardır. Bəs, onda bu iki üslubu prinsipial olaraq nə fərqləndirir? Fərq məhz "power" - güc sözündən ibarətdir. Öz peşə sahəsində uğur qazanan qadınlar birmənalı şəkildə bu üsluba üstünlük verirlər, dress-kodun qaydalarına tabe olurlar. Amma artıq kifayət qədər nüfuz qazanmış xanımlar imkan daxilində bu normalardan kənara çıxa bilirlər. Bu, ilk növbədə individual tərzdən və zövqdən asılıdır.

İctimai-siyasi fəaliyyəti ilə seçilən, həm də ən yaxşı geyinən xanımların siyahısı

Əzəmətli xanım tərzi

Mehriban Əliyeva öz simasında sübut edir ki, moda bəlkə də fransız podiumlarında doğulur, amma zövq qəlbimizdə yaşayır. Təsadüfi deyil ki, ölkəmizin birinci xanımı dəfələrlə dünyanın ən gözəl və yüksək zövqlə geyinən siyasətçi xanımlarından biri seçilib:

"Bu gün dəb sənayesi müasir cəmiyyətin irimiqyaslı və kifayət qədər nüfuzlu tərkib hissəsidir. Bu hadisə çoxdan adi istehsal çərçivəsindən çıxıb. Bu öz kökləri, ənənələri və tendensiyaları olan mədəni təbəqədir. Beynəlxalq moda arenasında hökm sürən rəngarəngliyə baxmayaraq, əsl rəssam və yaradıcı insanlara tək-tük rast gəlmək olar. Dəb zaman və kütləviliyin sınağından keçmiş yüksək incəsənətdir. Mənim üçün dəb – maraqlı yaradıcılıq prosesidir. Bundan artıq heç bir şey.

Geyimdə təmkinli davranmaq, fikrini tam açıqlamamaq, aydın xətlərə üstünlük vermək, ola bilsin ki, müəyyən dərəcədə mənim xasiyyətimi əks etdirir. Lakin bu qarşılıqlı bağlılıq barədə heç vaxt ciddi düşünməmişəm. Tərz xırdalıqlarda, detallarda, nüanslarda, özünü aparmaq tərzində və insandan ayrılmaz olan başqa şeylərdə özünü göstərir. Mənə elə gəlir ki, bunu rasional mövqedən izah etmək çətindir. Bəlkə də üslub insanın yaratdığı emosional, duyulan təəssüratın yekunudur.

Əgər gözəllik intellektlə vəhdət təşkil edirsə, uğur qazanmaq şansları xeyli yüksəlir. Xarici gözəllik, yəni harmonik və biçimli görünüş, haradasa taleyin hədiyyəsidir. Ancaq tez və ya gec, hamımız bizim iç dünyamızı əks etdirən görünüşü alırıq. Demək, məhz görünüşün məzmunu həm insanın uğurlu olmasında, həm də insanın həqiqətən gözəl olmasında həlledici rol oynayır". (Mehriban Əliyevanın "Baku" jurnalına verdiyi müsahibəsindən)

Mehriban Əliyevanın geyim tərzi özündə zərifliyi, təbiiliyi, cazibədarlığı və şarmı birləşdirir. Kübar, sərbəst, eyni zamanda, çox zərif qadın obrazı: bu, təbiətin bəxş etdiyi gözəlliyi və gənclik simasını uzun müddət saxlayan həmin qadının portretidir.

Hər zaman ideal formada görünən Mehriban Əliyevanın əzəmətli xanım tərzinə hamı heyranlıqla baxır. Onda hər bir azərbaycanlı qızın arzuladığı klassik gözəllik cəmlənib. Dünyanın ən nüfuzlu moda jurnalları Azərbaycanın birinci xanımının nadir ziyalı gözəlliyi ilə təbii məlahətinin vəhdət təşkil etdiyini xüsusi qeyd edirlər.

Moda tənqidçilərinin fikrincə, Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. O, qara rəngə və müasir klassikaya, ciddi siluet cizgilərinə üstünlük verir.

Rusiyada çıxan populyar "Allure" moda gözəllik jurnalının versiyasına görə 2013-cü ildə Mehriban xanım Əliyeva dünyanın ən yüksək zövqlü birinci xanımların siyahısına başçılıq edir.

İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Birinci xanımların geyimləri isə protokollara və qoyulan müəyyən tələblərə cavab verməlidir. Bu mənada Mehriban Əliyevanın zərif üslubunu bir nümunə kimi göstərmək olar. İştirak etdiyi rəsmi ziyafətlərdə, bütün dövlət tədbirlərində, xarici səfərləri, bayram və digər xüsusi günlərdə incə zövqün və nadir istedadın sahibəsi tələb olunan geyim qaydalarına dəqiqliklə əməl edir. Zəriflik və incəlik onun üslubunun əsas xüsusiyyətləridir. O, özünün təkrarolunmaz geyim üslubu ilə müasir və aktual görünür. Xüsusi zövq əsasında seçilən aksessuarlar isə stilini tamamlamağa kömək edir. Zahiri görünüşü onun zəngin, yaradıcı daxili aləminin təzahürdür.

Parlaq nümunə

Amerikanın birinci xanımı Mişel Obama Amerikanın ənənəvi dizaynerlərindən geyinməyə üstünlük vermir. O, konseptual geyimlər seçir, cəsarətli biçimlər və qeyri-adi printləri özünə icazə verir.

Mişel Obama öz üzərində sadə və tək rənglərlə dəqiq qeydlər aparır. Çox bahalı paltarlar almadan da qəşəng olmağın mümkün olduğunu göstərir. Hətta M.Obama ABŞ tarixində ilk birinci ledidir ki, bijuteriya taxmağı özünə rəva görüb.

Bədən quruluşunu yaxşı tanıdığı üçün özünə nəyin yaraşdığını yaxşı bilir. Bahalı və təmtəraqlı geyimlərə marağı yoxdur. Sadə geyimləri irihəcmli aksessuarlarla vurğulamağa çalışır. Amerikalı gənc dizayner Ceyson Vu Proenzanın eskizlərini çox bəyənir.

Onun yaxşı geyinib-geyinmədiyi, dəb qaydalarına əməl edib-etmədiyi, zövqü olub-olmadığı barədə istənilən qədər mübahisə etmək olar. Lakin onun özünəməxsus üslubu olduğunu və bu üsluba sadiq qaldığını inkar edə bilmərik. Qəşəng geyimləri özünə o qədər gözəl yaraşdırır ki, hətta protokol qaydalarını tapdalasa belə, bu, ona insanların sevgisini qazanmağa mane olmur. Seçdiyi zinət əşyaları onun özünəməxsusluğunu vurğulamağa kömək edir.

Obama bütövlükdə obrazında parlaqlıq yaratmaq üçün zinət əşyalarından və aksessuarlardan çox istifadə edir. Gəlin etiraf edək ki, bu qadın zinət əşyalarını üzərində daşımağı da çox yaxşı bacarır. Onun üslubunda fərqli və maraqlı zinət əşyalarına tez-tez rast gəlirik. Onun saç düzümünü, geyimlərini və zinət əşyalarını tənqid edən dəb ustaları da kifayət qədərdir. Lakin Mişel Obama şəxsiyyəti ilə, hətta onu tənqid edənlərin də diqqətini cəlb edərək özünə qarşı maraq doğurur.

Bəzəyə ehtiyacı olmayan xanım

Kişi kostyumları Hillari Klinton və Angela Merkel kimi tanınmış və nüfuzlu siyasətçi xanımların vizit kartıdır. Hillari Klinton güclü qadın stilində də zərif və xeyli cavan görünür.

Xanım Klintonun imici stilistlərin uzun və zəhmətli işinin nəticəsidir. Tələbəlik illərində o, uzun saçlarla gəzir, prinsipial olaraq kosmetik məhsullardan istifadə etmir, üslubuna da xüsusi qayğı ilə yanaşmırdı. Geyimdə olduqca sakit rənglərə üstünlük verir, gündəlik həyatda isə rahat tərzə müraciət edirdi.

O, imici ilə Bill Klinton prezident seçildikdən sonra ciddi şəkildə məşğul olur. Amerikanın birinci xanımı vəzifəsi onu sadə və rahat üslubdan bir qədər imtina etməyi məcburiyyətində qoyur. Lakin Hillari Klinton birinci xanım olandan sonra da ifrata varmır.

Sələfi Mişel Obamadan fərqli olaraq, aksessuarlarla çox təmkinli rəftar edir. Çünki onun qeyri-adi, parlaq gözləri və cazibədar təbəssümü kimi təbii bəzəyi var. Hillari birinci xanım statusunu qazandıqdan sonra uzun saçları ilə vidalaşır, "Hollivud təbəssümünü" isə işgüzar kostyumla birləşdirir.

Zinət əşyalarını o, yalnız ziyafət paltarları geyinəndə taxır. Xanım Klinton, adətən, maksimum bir-iki zərgərlik məmulatları ilə kifayətlənir. Bunlar: saç sancağı, mirvari, brilyant qaşlı iri sırğalar və ya yaxada pencəyin üstünə ilişdirilən broşlar ola bilər. Onun əşyalarının əksəriyyəti sadə dizaynı ilə seçilir.

90-cı illərin sonlarında Hilari bir qədər cəsarətli davranır. Belə ki, o, parlaq rənglər geyinməyə başlayır. Xanım Klintonu pencəklər, jaketlər və qatlama yaxalıqlı köynəklər olmadan təsəvvür etmək mümkün deyil. O, klassikaya üstünlük verir.

Hilari öz çatışmazlıqlarını qürur mənbəyinə

çevirməyi bacaran xanımlardandır. Onun bədən quruluşu kamillikdən uzaqdır. Lakin o, dolu ayaqlarını dizdən aşağı yubka və ya enli şalvarlar altında gizlədir. Vizual olaraq hündür və mükəmməl görünmək üçün isə orta dabanlı klassik tuflilər geyir.

Mühafizəkarlar partiyasının və mühafizəkar üslubun təmsilçisi

Marqaret Tetçerin obrazları rəngarəngliyi ilə seçilmir. O, güclü üslubun ən yaxşı təmsilçisidir.

"Dəmir ledi" ciddi və adi üslubda geyinməyi xoşlayırdı. Siyasi fəaliyyəti ərzində də bu üsluba sadiq qaldı. Klassik siluetlər və düz kəsimlər onun obrazını təşkil edən əsas elementlər oldu.

Göy Marqaret Tetçerin sevimli rəngi idi. O, ictimai tədbirlərdə ən müxtəlif rənglərdə, bu rəng qammasının açıq-mavi çalarından, gecə səmasının çalarlarına qədər üstünlük təşkil etdiyi geyimlərdə tez-tez görünürdü. O, göyün bütün çalarlarına axıra qədər sadiq qaldı.

Axı o, Böyük Britaniyada mühafizəkarlar partiyasının simvolu sayılır.

Marqaret öz zahiri görünüşündə laqeydliyə yer vermirdi. O, ictimaiyyət qarşısına hər zaman ideal şəkildə yığılmış saç düzümündə və səliqəli makiyajda çıxırdı. Onun bütün obrazları ən xırda detallarına qədər düşünülmüş idi: Geyimlər bədənə ideal şəkildə oturur, aksessuarlar geyimlə məharətlə uzlaşdırılırdı.

Çoxları baş naziri xarici görünüşündə qadın siluetini vurğulayan geyimlər seçmədiyi üçün tez-tez qınayırdılar. Lakin belə deyil. Çünki Tetçer cəlbedici olmaq üçün gecəsinə haram qatıb saatlarla gözəllik salonunda oturub yuxusunu qurban verməyə hazır idi. Hətta növbəti çıxış üçün geyimlərini də çox çətinliklə seçərdi. Onun üslubunda incə detallar da çox romantik idi. O, boynunda böyük bantları olan bluzlar geyinməyi sevir, axşam tədbirlərində isə döşəməyə qədər uzanan paltarlarda görünürdü.

Marqaret Tetçerin obrazında mirvarilər hər zaman bir dəyişməz detal olaraq qaldı. Baş nazir mirvari sapı və iri salxım dəstlərini həmişə üzərində daşıyıb. Onun bu seçimi uzun illər dəyişməyib. O, bu incilərlə həm tribunada mühüm siyasi bəyanatlar verib, həm də kraiça II Yelizaveta ilə görüşüb.

Tetçerin sevimli aksessuarından biri də kiçik "Asprey" çantası idi. O, bu çanta modellərindən demək olar ki, heç ayrılmırdı. Belə sədaqət isə moda tənqidçilərinin hücumu ilə nəticələnirdi. Buna baxmayaraq, Marqaret öz üslubunu dəyişmir. "Dəmir ledi" "Asprey"-dən olan çantası ilə bütün ölkələri gəzirdi. Dördkünc, yığcam çanta ən ciddi danışıqlarda - Ronald Reyqanla, Mixail Qorbaçovla görüşlərdə Marqareti müşayiət edib. Sonradan bu çanta 28 min avroya hərracda satılıb.

"Dəmir ledi" obrazının digər dəyişməz atributlarına qısa əlcəklər və rəngarəng şlyapalar daxildir. Bu detallar mühafizəkar Marqaretin stilinə daxil olsa da, eyni zamanda ona müxtəliflik verirdi.

Daimilik onu bütün siyasi baxışları, şəxsi həyat və zahiri görünüşündə təqib edirdi.

Güclü şəxsiyyət və güclü qadın obrazı

"Dressing Power: Birinci xanımlar və qadın-siyasətçilər" kitabının müəllifi Rob Yanq deyir ki, Merkelin kostyumları – onun yenilməz, barışmaz və güclü şəxsiyyətinin əksidir.

O, kişi qarderobuna daxil olan paltarlara üstünlük verir. Kostyumların fasonu klassik olaraq qalır, lakin rəng seçimində müxtəlifliyə yol verir.

Angela Merkel təkcə Almaniyanın ilk qadın-kansleri deyil. O, həm də nüfuzlu qadın-siyasətçilər arasında ən yaxşı geyinən əsl feminist ikonadır. Angela Merkel uzunmüddətli siyasi karyerası boyu cəmi bir neçə dəfə paltar geyinib. Hətta 2009-ci ildə "Mattel" şirkəti Merkelin şərəfinə qısa kürən saçlı və kostyum geymiş "Barbi" kuklalarını satışa buraxır.

Lakin zamanında yubkalarla vidalaşıb şalvarlara üstünlük verən Merkellə bağlı bir mühüm detalı qeyd etmədən keçə bilmərik. Almaniyalı siyasətçi darıxdırıcı yeknəsəklikdən qaçmağa çalışır və qarderobunda mütəmadi olaraq parlaq jaketlərə yer verir.

Moda tarixçiləri hesab edir ki, "power dressing" üslubunun elementləri ciddi dress-kod qaydaları ilə gəlir. Ötən əsrin güclü qadın üslubunda geyinən xanımlarına İndra Qandi, 1-ci Yelizaveta, çariça Xaçşeptus və başqalarını misal çəkmək olar. Sonuncu xanım, məsələn, qaz ayağı naxışını çox sevirdi və "Ferragamo"-dan olan əl çantasını heç zaman tərk etmirdi.

Təbii gözəllik nisbi şeydir, onu müzakirə etmək olar. Zövq məsələsində isə ehtiyatlı davranmaq lazımdır. Seçdiyimiz siyasətçi xanımların tərzləri də bir-birindən kəskin şəkildə fərqlənir. Stilləri fərqli olmasına baxmayaraq, bu xanımların xeyriyyəçiliklə məşğul olması, məlahətli və qəşəng olmaları onların ortaq xüsusiyyətləridir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm