Maşın sürə bilməsələr də...
Bizi izləyin

Qadın

Maşın sürə bilməsələr də...

Səudiyyə Ərəbistanında qadınlar son 10 ildə məşğulluq, universitet və hətta siyasi həyatda bəzi uğurlar əldə ediblər. Lakin onlar hələ də avtomobil sürə bilmir və ağır ictimai qadağalarla üzləşməkdə davam edirlər.

Böyük və yaraşıqlı binanın qapıları arxasında təhükəsiz olan qadınlar, qara cübbələrini çıxararaq ən son dəb idman paltarlarını geyinirlər.

Onlar ehtiyatlı olmalıdır. Səudiyyə Ərəbistanında qadınların idman proqramları yeni bir məşğuliyyətdir və onlar İslamın sərt versiyasını təşviq edən dindar rəsmilərin senzurasına məruz qalmaq istəmirlər.

“Qızlar gənc yaşlarında heç bir fəaliyyətlə məşğul olmadığı üçün, məşqlərə gələndə sanki körpəyə gəzməyi öyrədirsən,” - avropalı təlimçı deyir.

Müsahibə verən bir çox şəxs kimi, o da dindar mühafizəkarların reaksiyasından ehtiyatlanaraq kimliyini açıqlamaq istəmir.

Sağlamlıq klubu yeni üzvləri yavaş-yavaş qəbul edir, lakin eyni zamanda, sərhədləri aşaraq “Crossfit” adlı ekstremal məşqləri də təklif edir.

Enerji verən musiqinin ifası altında qadınlar ağırlıq qaldırır və 45sm qutuların üzərinə tullanaraq bir-birlərini alqışlayırlar.

Məhdud nailiyyətlər

Həssaslığa baxmayaraq, bu sahədə irəliləyiş olub.

Keçən il Kral Fərmanı ilə fiziki təhsil məktəbli qızlar üçün ilk dəfə olaraq icbari olub. Bir çox təşkilatlar hökumətə müraciət edərək qadın idman mərkəzlərinə lisenziya verilməsini təklif ediblər.

Təsdiqlənərsə, bu addım mərhum kral Abdulla bin Əbdüləziz tərəfindən son 10 ildə irəli sürülmüş qadınlar üçün digər nailiyyətlərin sırasına qoşulacaq.

İndi daha çox qadın işə düzəlir; onlar universitetlərdə kişiləri üstələyir və siyasətə yol tapıblar – indi 30 qadın Şura Məclisi adlanan dövlət məsləhət kollegiyasında təmsil olunur.

Lakin onların hüquq və təcrübədə kişilərlə bərabərlik əldə etmək uğrunda mübarizəsində hələ uzun yol getmək lazım olacaq.

Mübarizədə tənəzzül

Qızlı oğlanlı bir qrup peşəkar gənc, lüks restoranda oturub, kofe və meyvə suyu içərək sakitcə krallığın sərt cinsi bərabərsizliyini tənqid edirlər.

“Bu, normal ölkədə bir barda keçirilən görüş kimidir, lakin alkoqolsuz,” qadınlardan biri şərh edir.

Lakin qadın hüquqşünas və bankirlərdən heç biri hazırda özlərini evə apara bilmir. Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, qadınlara sükan arxasına keçmək qadağan edilib.

Hakimiyyətin təzyiqləri və ictimai dəstəyin olmaması ucbatından, bu qadağaya qarşı təşviqat da zəifləyib. Bu yaxınlarda etiraz etmək istəyən iki kişi isə terrorizm ittihamları ilə həbs edilmişdi.

Hazırda onlar azadlıqdadır. Bu hadisə hərəkat üçün başqa bir geriləmədir. Buna baxmayaraq, bəzi məlumatlara görə Şura Məclisi qadınların sürücülüyünə qoyulmuş qadağada yumuşalmanı tövsiyyə edib.

Səudiyyə Ərəbistanından kənarda avtomobil idarə etməsinə baxmayaraq, marketinq üzrə analitik qadın ehtiyatlıdır.

“Bilmirəm bu təhlükəsizdir ya yox, bilmirəm sürə bilərəm yoxsa yox,” o deyib. “Məncə əksəriyyətin qapalı düşüncəsi səbəbindən bu, onların mədəniyyətinə hopub: bu, onlar üçün bir az şok terapiya olar”.

Sosial qaydalara qarşı çıxmağın təhlükəsi vurğulandığı bir vaxt, xəbər gəldi ki, dini polis yaxınlaşıb.

Dərhal kişilər və qadınlar restoranın əks tərəflərinə çəkildilər. Polis qapının yanında dayandı, lakin bu, görüşü dağıtmağa kifayət etdi.

İşədüzəlməyə təkan

Bu peşəkar gənclər kimi, bir çox qadınlar hakimiyyətin onların işə düzəlməsi üçün təkanından faydalanıblar. Bəziləri innovativ özəl şirkətlər qurub, bəziləri isə zavodlarda işə düzəlir və dükanlarda kişiləri əvəz edirlər.

Hiba əl-Zamil qadınlara sosial xidmətlər və iş treyninqləri təklif edən Əl-Nəhdada fandreyzinq müdiridir. Onlardan bir çoxu ərindən dəstək ala bilməyən dul və kasıb analardır.

Xanım əl-Zamilə görə, qadınların avtomobil sürməsi iqtisadi məsələdir.

“Bizim layihələrin əksəriyyəti nəqliyyat ucbatından şişir,” o deyir. “Biz qadınlara gedib-gələ bilməsi üçün çoxlu pul ödəyirik və bilirik ki, onlar təhlükəsiz nəqliyyat tapmaqda çətinlik çəkirlər. Mənə görə, ictimai nəqliyyat qadınların maşın sürməsindən daha vacibdir”.

Hazırda Riyadda böyük metro sisteminin tikintisi davam edir.

Qadınlar gözləyir ki, yeni hökmdar, kral Salman bin Əbdüləzizin hakimiyyəti dövründə digər sahələrdə də inkişaf davam edəcəkmi, hansı ki, sələfinə nisbətən dini təsisata daha yaxındır. İndiyədək o, qarışıq mesajlar verib.

İctimai şəkildə qadınlar bəyan edir ki, o, əldə etdikləri nailiyyətləri geri qaytara bilməz. Gizlində isə bəziləri narahatlıq ifadə edir. Lakin hər kəs razılaşır ki, hətta dəyişikliklər davam etsə belə, bu çox yavaş baş verəcək./BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm