• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Şeyx jurnalistləri təbrik etdi

Şeyx jurnalistləri təbrik etdi

Şeyxülislam Hacı Allahşükür Paşazadə Mətbuat Şurasının sədri Əflatun Amaşov və jurnalistləri Mətbuatın 140 illiyi münasibətilə təbrik edib.

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, bununla bağlı Şeyx təbrik məktubu ünvanlayıb.

“Hörmətli Əflatun Amaşov sizi və sizin şəxsinizdə bütün Azərbaycan jurnalistlərini, mətbuat işçilərini peşə bayramınız və Azərbaycan Milli mətbuatının yaranmasının 140-cı ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan hamınıza nəcib və şərəfli işinizdə xeyir-dualar diləyirəm.

Azərbaycanın milli mətbuatı, həqiqətən, çox şərəfli və mürəkkəb inkişaf yolu keçmişdir. Bu yolda qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər hər zaman Vətənimizin tərəqqi və inkişafına xidmət etmişdir. Milli mətbuatımız yarandığı andan etibarən özünün maarifçi ruhu ilə milyonların mənəvi intibahına, mədəni dirçəlişinə yardımçı olmuşdur. 140 illik inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilmişdir. Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur. Ulu öndər Heydər Əliyev Azərbaycan milli mətbuatının inkişafına böyuk önəm verirdi. Əminəm ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənablarının ali diqqət və qayğısı sayəsində milli mətbuatımızın tərəqqisi yönündə atılan əhəmiyyətli addımlar, göstərilən səylər, inşallah, bu sahədə daha böyük uğurlara rəvac verəcəkdir.

Xalqımız və Vətənimiz üçün olduqca böyük dəyər kəsb edən milli mətbuatın inkişafı istiqamətində Azərbaycan Mətbuat Şurasının gördüyü işlər təqdirəlayiq və dəyərlidir. Belə ki, mətbuatın öz ilkin amal və məqsədlərinə uyğun şəkildə fəaliyyət göstərməsi, uca niyyət və məramlarına ehtiramla yanaşması, qələm əhlinin peşəkarlıq, səriştə və qərəzsizliyinin təmin olunması, jurnalist adının şərəf və ləyaqətinin qorunması kimi mühüm məsələlərdə ardıcıllıq və obyektivlik nümayiş etdirən Mətbuat Şurası Azərbaycan jurnalistikasının daha yüksək səviyyələrə qalxması işinə öz qiymətli töhfəsini verir.

Hörmətli Əflatun müəllim! Bu möhtəşəm yubiley ərəfəsində Sizi və Sizin simanızda ölkəmizin bütün mətbuat işçilərini bir daha ürəkdən təbrik edir, sizlərə çətin, eyni zamanda olduqca şərəfli işinizdə yeni-yeni uğurlar, daha uca zirvələr arzulayıram. Hamınıza Azərbaycanın şanlı jurnalistika məktəbinin ləyaqətli davamçıları olmağı, əlinizdəki qələmin müqəddəs olduğunu heç zaman unutmamağı və xalqımızın milli-mədəni, dini-əxlaqi dəyərlərinə, mənəvi irsinə daima sadiq qalmağı Allahdan diləyirəm. Qoy Uca Yaradan öz Lütfünü hər zaman sizlərin üzərində bərqərar etsin!”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR