• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İlan sancmaları zamanı nəyi etmək olmaz?

İlan sancmaları zamanı nəyi etmək olmaz?

Qızmar yay günlərində ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayı artır.

Publika.az Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevin belə hallarda xəstəyə ilkin tibbi yardımın göstərilməsi və s. barədə universitetin mətbuat xidmətinə verdiyi müsahibəsini təqdim edir:

- Azərbaycanda əsasən hansı növ zəhərli heyvanlara rast gəlinir?

- Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlar arasında da ən zəhərlisi şahmar ilan adlanan gürzədir. Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların zəhərinə qarşı zərdab bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa demək olar, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.

- İlan sancmaları zamanı ilk yardım olaraq nə etmək tələb olunur?

- Xəstəyə düzgün olmayan tədbirlər etmək olmaz. Yəni, ilk növbədə ilan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb, hər kəs elə düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır. Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm hallarının sayı daha çox olur. Bəzən belə də fikirlər səslənir ki, ilan sancan yeri kəsib oradan zəhərli qanı sormaq olar. Lakin araşdırmalar göstərir ki, nəinki ağızla, hətta xüsusi ekstraktla o zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub bədəndən çıxarmaq mümkün olub. Adətən, ilanlar steril olmayan yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma zamanı siz həmin ətrafı kəsməklə, əksinə, yaraya infeksiya da sala bilərsiniz. Belə hallarda həmçinin yaranı sıxmaq, yandırmaq kimi tədbirlər də qəti qadağandır.

- Onda hansı növ yardım göstərilməlidir?

- İlk növbədə, ilan sancan dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə, zəhərin bədənə daha tez yayılmasına kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Bu zərdab xüsusi zülal – at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.

- Xəstə hansı müddətdə həkimə çatdırılsa, ona yardım etmək olar?

- Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Hazırda bütün mərkəzlərdə kifayət qədər zərdab ehtiyatı var və pulsuz təqdim olunur. Buna görə də ilan sancması hallarında həmin şəxsi yaxınlıqdakı rayon xəstəxanasına aparmaq lazımdır. Artıq bir çox bölgələrdə – Gəncə, Naxçıvan və digər yerlərdə Səhiyyə Nazirliyinin “sanaviasiya” xidməti var ki, onların vasitəsilə də zərdab vurula bilər.

- Lakin ilan sancmaları ilə yanaşı, bəzən əqrəb sancmalarına da rast gəlinir. Belə hallarda, hansı tədbirləri görməyi məsləhət bilərdiniz?

- Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdən, ölkəmizdə olan bu heyvan qara əqrəb deyil, sarıdır. Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyə kimi Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında “qara qurd” adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR