“İşə qəbulda xarici təcrübədən niyə istifadə olunmur?” – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

“İşə qəbulda xarici təcrübədən niyə istifadə olunmur?” – ARAŞDIRMA

“Ali məktəbi bu il bitirmişəm, dövlət imtahanı vermişəm, semestrlərdə də qiymətlərin “4”, “5” olub. İndi müəllim olmaq üçün yenidən imtahan verməliyəm. İşə qəbul üçün yenidən imtahan verməli olacağamsa, ali məktəbdə bu qədər imtahan, diplom nəyə lazımdır?”

“Bu il Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi ixtisasını bitirmişəm. Ali məktəbə yüksək balla qəbul olmuşam, institutda da yaxşı oxumuşam. İndi işə qəbul üçün yenidən imtahan verməliyəm. Suallar necə olacaq, müsahibə mərhələsində nələr soruşulacaq, heç bir məlumat da vermirlər. Həm də ali məktəbi bu il bitirmişəmsə, nə üçün imtahan verməliyəm?”

Oxşar müraciətlə kütləvi informasiya vasitələrinin qapılarını döyən məzunların sayı kifayət qədərdir. 4-5 illik ali təhsil müddətində onlarla imtahan, üstəlik dövlət imtahanı, ixtisas üzrə diplom işi hazırlayıb işləmək həvəsi ilə “bazara” daxil olan məzunlar oxşar problem yaşayır. “İŞƏ QƏBUL İMTAHANLADIR”. Axı nə üçün?

Bu istər özəl, istərsə də dövlət müəssisələrinin yazılmamış qanunudur. İş istəyirsənsə, hansı ali məktəbi necə bitirməyindən asılı olmayaraq, imtahandan keçməlisən. Hər müəssisənin də özünün imtahan qaydaları var. İstər test, istərsə də müsahibə mərhələsində veriləcək sualları özləri hazırlayırlar. Hansı qaydalara əsaslandıqları isə açıqlanmır. Hər bir iş sahibinin yüksək səviyyəli mütəxəssis axtarması qəbulolunandır. Lakin yeganə yol imtahandırmı?

Publika.az işə qəbulun imtahanla aparılmasının səbəb və nəticələrini araşdırıb.

Dünya təcrübəsində işə qəbulla bağlı bir neçə üsul var. İllərdir sınaqdan keçmiş bu üsullardan hər kəs özünə uyğun olanını seçir. Bir çox ölkələrdə tələbələr hələ ali məktəbdə oxuyarkən iş tapır. Çünki iş sahibləri ən yaxşı oxuyanları məzun olmamış “ovlayır”. Bizdə isə imtahan üsulu seçilib. Ali məktəbi yaxşı və ya pis oxumağından asılı olmayaraq, əsas şərt iş sahibinin müəyyən etdiyi suallara cavab verməkdir. Bəzən isə müsahibə mərhələsində fərdi yanaşmalar qapıları məzunların üzünə bağlamış olur. Ekspertlər hesab edir ki, işə qəbulun bu cür imtahanla keçirilməsi başda Təhsil Nazirliyi olmaqla istər özəl, istərsə də dövlət qurumlarının ali təhsil müəssisələrinin verdiyi təhsilə güvənmədiyini göstərir. Əks halda nə üçün ali məktəbi imtahan verərək bitirmiş məzun yenidən imtahana cəlb edilsin?

Ali təhsilə inam yoxdur

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, işə qəbulun imtahanla keçirilməsi ölkədə ali təhsil müəssisələrinə olan inamsızlıqla bağlıdır: “Bunun bir çox obyektiv səbəbləri var. Məsələn, konkret müəllimlər məsələsinə gəldikdə, pedaqoji universitetlərin necə müəllim hazırladığı heç kimə sirr deyil. Uzun illərdir professor-müəllim heyəti normal təkmilləşmir, ötən əsrin 70-80-ci illərinin psixologiya, pedaqogikası tədris edilir. Müasir dövr tamamilə fərqli bacarıqlar tələb edir. Yeni təlim texnologiyaları yaranıb. Müəllimlər bunu bacarmalıdırlar. Bunlar olmadığına görə, işə qəbul zamanı imtahanların keçirilməsi labüddür. İmtahan nə qədər vacib olsa da, sualların necə təşkil edilməsi də önəmlidir. Hazırlanan suallar bir neçə qrup tərəfindən ekspertiza edilməlidir. Ali məktəb məzunu universitetdə tədris edilməyən suallarla qarşılaşmamalıdır. Bundan başqa, istər müəllim, istərsə də digər dövlət qurumlarına qəbul mərkəzləşmiş olsa, psixoloji, ixtisas yönümünə daha çox diqqət yetirilər. Hazırkı durumda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçusu olmaq istəyənlər, Təhsil Nazirliyi müəllim olmaq istəyənlər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə müəyyən güc strukturlarına işə qəbul olmaq istəyənlər üçün imtahan keçirir”.

Bu məsələdə dünya təcrübəsinə toxunan ekspert işə qəbulla bağlı fərqli yanaşmaların olduğunu bildirdi: “Qərb ölkələrində işə qəbul universitetlərin reytinq cədvəli nəzərə alınaraq həyata keçirilir. Şanxay reytinq cədvəli, “Times” jurnalının əlavəsində verilən ali məktəblərin reytinqi bir çox iş yerlərində əməkdaşların qəbulu üçün istiqamət vermiş olur. Bizdə isə bu cür reytinq siyahıları olmadığı üçün şirkət, təşkilat və dövlət qurumlarında işə qəbulun imtahanla aparılmasına haqq vermək olur. Çünki onlar ali məktəblərin yaxşı müəllim, mühəndis, iqtisadçı hazırlayacağına əmin deyillər. Bu mənada Azərbaycanda da ali məktəblərin reytinq cədvəlinin hazırlanmasına ehtiyac var. Xarici ölkələrdə yüksək reytinqli ali məktəblərdə təhsil alan tələbələr şirkətlərin də marağında olur. Hazırlıq dövründən, birinci kursdan istedadlı tələbələrə təqaüd verir, yaşayış şəraitini yaxşılaşdırır ki, ali məktəbi bitirən kimi işə qəbul olunsun. Təəssüf ki, bizdə bu məqamlar da yoxdur. Buna görə də biz dünya təcrübəsindəki modellərdən birini seçməli idik və imtahanla işə qəbulu seçdik”.

E.Əliyev hesab edir ki, bu gün ali və orta ixtisas təhsil müəssisələri praktikaya yararlı mütəxəssis yetişdirmir.

“Bu gün elə orta ixtisas təhsil müəssisələri var ki, onlar sovet dövründə istifadə olunan texniki vasitələr üzərində tədris aparırlar. Bütün dünyada universitet reytinqini müəyyən edən xüsusiyyətlərdən biri professor və müəllim heyətinin səviyyəsidir. Bu gün ölkə ali məktəblərində müəllim heyətinin yeniliklərlə işləmə bacarığı aşağıdır. İşə qəbul edənlərin məzunların bilik səviyyəsinə şübhə ilə yanaşmağa haqları var. Bir tərəfdən də iş prosesindən xəbərsiz olan məzunlar imtahandan sonra öz üzərilərində işləyib biliklərini təkmilləşdirə bilərlər”, - deyə ekspert qeyd edir.

İmtahanı təqdir edirəm, amma…

Bəs hər müəssisənin öz qaydaları əsasında imtahan keçirməsi nə qədər qanunauyğundur?

İşə qəbulun testlə aparılmasının tərəfdarı olan hüquqşünas Müzəffər Baxış məsələnin qanuni tərəfinə aydınlıq gətirdi: “Bu gün işə qəbul prosesi iki formada həyata keçirilir. Birinci proses dövlət qulluğuna qəbul komissiyası dövlət qulluqçularının işə qəbulunu həyata keçirir. Dövlət qulluğu haqqında qanuna görə, 5-ci təsnifata qədər müsabiqə, bu təsnifatdan sonra isə test və müsabiqə yolu ilə işə qəbul edirlər. Əvvəllər şifahi imtahan mərhələsində çox ciddi problemlər var idi. Komissiya insanlar arasında ayrı-seçkiliyə yol verirdi. Son dövrlərdə şifahi mərhələnin də videoçəkilişi aparılır, narazı qalanlar apellyasiya komissiyasına müraciət edə bilərlər. Görünür, bu məsələ təkmilləşəndən sonra neqativ halların sayı azalıb. Başqa sahələrdə də işə qəbulla bağlı qanunda konkret maddə müəyyən edilməyib. Bu məsələ işə götürənlərin qərarından asılıdır. Məsələn, müəllim və həkimlər dövlət qulluqçusu deyil, amma onların işə qəbul prosesi imtahanla keçirilir. Müəllimlərin imtahanı kompüterlə aparıldığından onun şəffaf olmasına müəyyən qədər inam var. Həkimlərin imtahanı barədə isə konkret fikir demək çətindir. Lakin testlə imtahan məsələsi nə qədər obyektiv olsa da, sonrakı müsahibə mərhələsi barədə eyni fikirləri deməkdə çətinlik çəkirəm. Bu proses videoçəkilişlə aparılsa, nəticələr elan ediləndən sonra narazı qalanlar şikayət edə bilər”.

Ali təhsili yenicə başa vurmuş şəxslərin işə imtahansız qəbul olmasına gəldikdə M.Baxış şərtlərin hamı üçün eyni olduğunu dedi: “Ali təhsili fərqlənmə diplomu və ya bu il bitirməsindən asılı olmayaraq, hər kəs imtahan prosesində iştirak etməlidir. Çünki bu gün müəllim olmaq istəyən hər kəs paytaxtda işləmək istəyir, bunun üçün imtahandan keçməlidir. Bu, digər sahələrə də aiddir. İşə qəbulun imtahanla aparılmasının tərəfdarıyam, əsas odur ki, imtahan obyektiv keçirilsin. Düzdür, işə qəbulun ikinci mərhələsində müəyyən subyektiv hallar, pozuntular olur. Bu halların qarşısı alınmayıbsa, imtahanın keçirilməsinin effekti olmayacaq. Bu subyektivliyin qarşısını almaq lazımdır”.

Bizdə qanundan çox qaydalar işləyir

Millət vəkili Fazil Mustafa hesab edir ki, istər işə qəbul, istərsə də iş prosesində imtahanların keçirilməsi doğru yanaşma deyil: “İşə qəbulun bu qədər sərtləşdirilməsinin əleyhinəyəm. Xüsusən də bu prosesin mərhələlərlə keçirilməsinə ehtiyac yoxdur. Bu nəinki işin keyfiyyətinə müsbət təsir edir, əksinə insanlarda işə marağı öldürür. Hesab edirəm ki, ən yaxşı halda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bir dəfə imtahan keçirilə bilər. Bu imtahandan keçənlər işə götürülməlidir. Yenidən müsahibə mərhələsini keçməyə lüzum qalmamalıdır. Çünki ikimərhələli olması işə qəbul edilmək ehtimalını azaldır”.

Millət vəkilinin sözlərinə görə, işə qəbul prosesini yüngülləşdirmək lazımdır.

“Məhz bu prosedurların çətinliyi iş tapmaq prosesini çətinləşdirir. Bu cür imtahanlarla işə qəbul vətəndaşa əziyyət verməkdən başqa bir şey deyil. Bir şəxs peşəkardırsa, bu onsuz da iş prosesində özünü göstərəcək. Peşəkar deyilsə, o, imtahandan da keçməyəcək, keçsə belə işləyə bilməyəcək. İşləyə bilməyən şəxs isə işdən azad edilə bilər. Bu məsələnin təkmilləşdirilməsinə ehtiyac var. İşə qəbulun imtahanla keçirilməsi heç bir qanunda da göstərilməyib. Bu da ölkədə qanundan çox qaydaların işlədiyini göstərir. Qanun işləsə, bu hallara da yol verməzlər”, - deyə Fazil Mustafa qeyd edir.

Görünən odur ki, işə qəbulun imtahanla təşkili və ya bu proses barədə qanunda heç bir tələb yoxdur. Konkret tələblər olmadığından hər iş yeri daxili qaydalar tətbiq edir. Qaydaların kimin marağına uyğun olduğu isə aydın deyil.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm