• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı metrosunun qrafiki dəyişdirilir: interval azaldılacaq

Bakı metrosunun qrafiki dəyişdirilir: interval azaldılacaq

"Bakı Metropolitenində qatarların hərəkətində qış qrafikinə keçidin tarixi hələlik dəqiqləşdirilməyib. Lakin adətən qış qrafikinə keçid yeni dərs ilinin başlamasından bir neçə gün əvvəl, sentyabr ayının 10-12-si tarixlərində olur. Əgər sərnişin sıxlığı çox olarsa, yeni qrafikə bundan tez də keçilə bilər".

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi qeyd edib ki, hazırda qış qrafikinə keçidlə bağlı metropolitendə aparılan hazırlıqlar və təmir işləri yekunlaşmaq üzrədir.

Metropolitenin sözçüsü yeni qrafikə keçəndən sonra qatarlar arasındakı intervalın necə olacağına da aydınlıq gətirib: "Yay qrafiki zamanı xətlərə cəmi 20-24 qatar buraxılır. Qış qrafikinə keçəndən sonra xəttə buraxılan qatarların sayı yenidən 30-a çatdırılacaq, qatarlar arasında interval isə azaldılacaq. Belə ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda interval metronun "28 May" - "Həzi Aslanov" stansiyaları arasında 2,5 - 3 dəqidədir. "28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" stansiyaları arasında isə 5-6 dəqiqədir. Sentyabr ayından etibarən isə sərnişin sıxlığı nəzərə alınmaqla interval yenə də müvafiq olaraq 2 - 2,5 dəqiqə və 3 - 4 dəqiqə olacaq".

N.Paşayevin sözlərinə görə, hər il yayda Bakı Metropolitenində yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metrodan təxminən gün ərzində 700 - 750 min sərnişin istifadə edirsə, yay mövsümü zamanı bu rəqəm 400 - 450 min nəfərədək azalır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR