Bulanıq su problemi ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Bulanıq su problemi ilə bağlı XƏBƏRDARLIQ

“Su xətlərində qəza baş verərkən və ya borularda təmir işləri aparılarkən suya torpaq və ya toz düşə bilər. Mərkəzi və məhəllədaxili anbarlar mütəmadi olaraq yuyulur və bu zaman müəyyən lillənmələr mümkündür”.

Bunu Publika.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı respublika ərazisində içməli suda bulanıqlığın müşahidə olunmasına münasibət bildirərkən deyib.

Belə halların çox az hallarda baş verdiyini deyən A. Cəbrayıllının sözlərinə görə, içməli suda bulanıqlıq olarsa, təşvişə düşmək lazım deyil. Bu heç də suyun zərərli olması anlamına gəlməməlidir. Əgər magistral su xəttində qəza baş veribsə, bu xəttin müəyyən hissəsi dəyişdirilirsə, ora istər-istəməz toz-torpaq və digər kənar cisimlər düşə bilər: “Bu günlərdə bizə belə bir şikayət daxil olmuşdu. Araşdırdıq və məlum oldu ki, köhnə boruların sıradan çıxması nəticəsində baş verib və bunun qarşısını aldıq. Bəzən zirzəmilərdəki və dik dayaqlarda, eləcə də mənzillərin özündə köhnə borular bulanıqlığa səbəb ola bilər. Xüsusən də fasiləli rejimdə su verilən ərazilərdə köhnə borularla suyun verilişi dayandırılanda oksidləşmə prosesi gedir, borular daxildən korroziyaya uğrayır və çürümə halları baş verir. Növbəti dəfə evlərə su veriləndə yüksək təzyiq borunu titrədir və bu da evlərə az da olsa paslı və lilli suyun getməsinə səbəb ola bilir. Bunlar davamlı proses deyil. Bununla bağlı vətəndaşlarımız narahat olmasınlar. Su xətləri mərhələli yenilənir, anbarlar yuyulub təmizlənir, üstəlik içməli suyun zərərsizləşdirilməsi həyata keçirilir. Belə hallar baş verdikdə təşvişə düşmək lazım deyil. Biz çalışırıq ki, belə hallar baş verməsin, olsa da tez aradan qaldırılsın” - deyə A. Cəbrayıllı bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm