Şəmkirdəki yanğınları kim törədir? Sakinlər səksəkədə - VİDEO
Bizi izləyin

Qırmızı.az

Şəmkirdəki yanğınları kim törədir? Sakinlər səksəkədə - VİDEO

Son bir ay ərzində Şəmkir rayonunun Qaracəmirli kəndində baş verən yanğın hadisələri müəyyən şübhələrə yol açıb. Ard-arda baş verdiyindən sakinlər hadisələrin qəsdən törədildiyini ehtimal edir.

Ötən gecə saat 01:30 radələrində də Şəmkir rayonunun Qaracəmirli kəndində körpələr evi-uşaq bağçasında yanğın hadisəsi baş verib. Ümumi sahəsi 240 kvadratmetr olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Yanğının qarşısını almaq üçün əraziyə əvvəlcə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 125 saylı bölməsinin şəxsi heyəti cəlb olunub. Sonradan rayon mərkəzindən canlı qüvvə və texnika da hadisə yerinə çağırılıb. Görülən tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, inzibati binada mövcud olan sənədləri və əşyaları yanğından xilas etmək mümkün olmayıb.

“Gecə mənə xəbər verdilər ki, bağça yanır. İşıq xətti yeni çəkilib. Bu, qəsdən törədilib”, - Qaracəmirli kənd uşaq bağçası-körpələr evinin müdiri Muşafərim Xasıyeva deyib.

Kənd sakinləri də bağça müdiri ilə eyni fikirdədirlər və son bir ay ərzində kənd xəstəxanasında, eləcə də müxtəlif şəxslərə məxsus fərdi təsərrüfatlarda bu cür yanğınların qeydə alındığını deyirlər.

“Bütün kənd sakinləri ot bağlamalarının yanında yatır. Hamı həyəcan içindədir. Bunun qarşısı alınmalıdır. Gündə bir yer yanır”, - kənd sakini Dilbər Əsədova bildirib.

Şəmkir rayon polis şöbəsindən isə hadisələrin qəsdən törədilməsi ilə bağlı danışmağın tez olduğu bildirilir. Hadisə ilə bağlı ilkin araşdırma Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Sözügedən nazirliyin müvafiq rəyindən sonra yanğının hansı səbəbdən baş verdiyi məlum olacaq. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm