Ət kəsimi məntəqələrində reydlər keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Ət kəsimi məntəqələrində reydlər keçiriləcək

Qurban bayramı ilə əlaqədar olaraq ət kəsimi məntəqələrində təmizliyə və gigiyenik normalara əməl olunmasına nəzarət məqsədilə reydlər keçiriləcək.

Bununla bağlı aidiyyəti qurumlara tapşırıq verildiyini deyən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Publika.az-a bildirib ki, reydlər müvafiq bələdiyyə qurumları, icra nümayəndələri, baytarlıq qurumları ilə birlikdə keçiriləcək.

“Heyvanların kəsim yerləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilib. Buna baxmayaraq, bayram günü şəhərin nəzərdə tutulmayan yerlərdə heyvanların saxlanması, kəsimi müşahidə edilir. Keçirəcəyimiz reydlərdə şəhərin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görəcəyik”.

İ.Abdullayev nəzərdə tutulmamış yerlərdə kəsilən heyvanların sağlamlıq üçün təhlükəsinə də toxundu:

“Kəsim üçün nəzərdə tutulmayan yerdə heyvanların kəsimi iki problemi ortaya qoyur. İlk problem bu heyvanların sağlamlığı ilə bağlıdır. Düzdür, reydlər zamanı xəstəliyi müəyyən etmək üçün laboratoriya olmur, lakin baytar həmin heyvana baxaraq onun xəstə olmasını müəyyən edə bilir. İkinci problem heyvan kəsiləndən sonra onun ətinin, içalatının natəmiz şəraitdə saxlanmasıdır. Bəzən kəsim yerləri lazımı avadanlıq, axar su ilə təmin edilmir. Bu zaman da ətin çirklənməsi qaçılmaz olur. Çirklənmiş ət qısa zamanda yeyildikdə təhlükə yaratmır. Lakin müəyyən müddət saxlandıqda təhlükələrə yol aça bilər. Bu zaman ən çox təhlükə mənbəyi içalatı hesab edilir. Digər məqam heyvanın ətini natəmiz dəmirlərdən asılmasıdır ki, bu da çirklənmə yaradır. Vətəndaşlar da ət alarkən kəsim yerində lazımı şəraitin olmasına diqqət etməlidir”.

İ.Abdullayev qadağan olunan yerlərdə ət kəsimi ilə bağlı danışarkən deyib ki, bəzən səkilərin üzərində, insanların çox olduğu yerlərdə də kəsim aparılır.

“Həmin yerlərdə axar su olmur, durğun sular və ya vedrələrdə gətirilmiş sulardan istifadə edirlər. Bəzən həmin su təkrar-təkrar istifadə edilir. Bu zaman yerli icra, bələdiyyə nümayəndələri, həmçinin polis orqanlarına məlumat verilir. Görülən tədbirlər nəticəsində kəsim aparan şəxsləri ərazidən uzaqlaşdırılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm