Nəvə böyüdən, övlad dolandıran ahıllar - Qocalar niyə dilənirlər? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nəvə böyüdən, övlad dolandıran ahıllar - Qocalar niyə dilənirlər? - FOTOLAR

Hər gün eyni yerlərdə dayanır, ötüb keçənlərdən maddi yardım umur, pul istəyirlər. Diləndikləri yerlər “Əhmədli”, “20 Yanvar”, “Gənclik”, “Qara Qarayev” metrostansiyalarının qarşısı kimi fərqli məkanlar olsa da, problemləri eynidir: yoxsulluq, maddi ehtiyac...

Söhbət paytaxtın qoca dilənçilərindən gedir. Ağsaçlı, beli bükülmüş bu insanların hər birinin öz dərdi var. Publika.az-ın əməkdaşı onlardan bir neçəsi ilə söhbətləşib problemləri ilə maraqlanıb.

“Gənclik” metrostansiyasının qarşısında dilənən Ədicə Quliyeva bircə övladı dünyasını dəyişəndən sonra buna məcbur olub.

Doğulduğu ili, tarixi unutduğunu deyən qadının həyat yoldaşı da illər əvvəl haqqın dərgahına qovuşub: “Dolana bilmirik. Nəvələrimə mən baxıram. Neynim, başqa əlacım yoxdur”.

“20 Yanvar” metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birinin daş pilləkənlərində oturub əl açan yaşlı qadının isə nitqi qüsurludur. Böyük çətinliklə Allah sözünü deyir, kəkələyə-kəkələyə danışır. Əl hərəkətləri ilə bizə başa salır ki, iki azyaşlı nəvəsi onun öhdəsindədir. Övladı həyatda deyil. Yaşı 70-ə yaxın olan qadın buralarda az-az görünür.

Bakı-Sumqayıt avtobus dayanacağında dilənən qadın Ağdamın Quzanlı kəndindəndir. Əsli Məmmədovanın iki övladı var: “Qızımın biri kənddə (Ağdamda) qalır. Kasıb olduğundan mənə baxa bilmir. O biri qızımın isə böyrəkləri xəstədir. Əri onu atıb başqa qadınla yaşayır. Buna görə də nəvələrimə mən baxıram”.

Elə özünün də xəstə olduğunu deyən qadın səhhətindəki problemləri dilə gətirdi: “Ciyərlərim ağrıyır. Binəqədidəki yataqxanada yaşayıram. Təvəllüdümü unutmuşam. Getmişdim pensiya fonduna, orda dedilər ki, pensiya (müavinət) almağa bir yaşım çatmır. Bircə gələn il tez gəlsəydi, yəqin ki, pensiya alardım”.

Əvvəllər “20 Yanvar” metrostansiyasında hər gün dilənən, son günlər isə burada çox az görünən, görmə qabiliyyətində problem olan 64 yaşlı Cavanşir kişi paytaxta rayonlardan birindən üz tutub: “Bərdədə anadan olmuşam. Bakıda çoxdan yaşayıram”.

Özünün dediyinə görə, onu hər gün bura gəlini gətirir. Axşam isə gəlib aparır. Həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişmiş qocanı gəlini adlandırdığı qadın bura gətirir.

Cavanşir kişinin burada bir rəqibi də var. Yaşı 60-65 olan bu qadın metro stansiyasının girişində oturduğu yerdə yuxulayır. Onu ovcuna qəpik-quruş basan sakinlər oyadır.

Satıcıların sözlərinə görə, bu qadın hərdənbir buralarda görünür. Özü də qısa müddətə. Qocalıqdanmı, yorğunluqdanmı, onu çox vaxt yuxulu görürlər.

Elə biz orada olanda yatmışdı. Yuxudan oyatmağa qıymadıq. Onsuz da oyanıb problemlərlə baş-başa qalacaqdı.

Hər gün səhər Xətai rayonunun küçələrində, “Əhmədli” metro stansiyasının qarşısında dilənən Gülbahar adlı yaşlı qadın isə yalnız günün birinci hissəsində buralarda olur. “Bala, Allaha and olsun ki, heç kimim yoxdur” deyən qadın iddia etdi ki, sonsuzdur: “Heç kimim yoxdur. Övladım olmadı. Həyat yoldaşım dünyasını dəyişib. Özüm 3 dəfə əməliyyat olunmuşam”.

Paytaxtın Nizami rayonunda, “Qara Qarayev” stansiyasının yaxınlığında dilənən Zübeydə adlı qadın ömrünün 74-cü payızını yaşayır. 1941-ci ildə anadan olan qarı həyat yoldaşından ayrılıb: “İki övladım var - bir qız, bir oğlan. Qızım öz başını güclə dolandırır. Əri bu yaxınlarda avtomobil qəzasına düşüb.

Oğlum ağır xəstədir. O, dostlarının maddi köməyi ilə ağır əməliyyat olunsa da, ürəkgetməsi hələ də keçməyib. Gəlinim də rəhmətə getdiyindən nəvələrim boynubükük qalıb”.

Oğlunun səhhətində problem olan qadın özü də xəstədir: “Neçə ildir şəkər xəstəsiyəm. Ayda 60 manat pensiya (müavinət) alıram. Amma o pul heç dərmanların xərcinə çatmır. Torbadakı (əli ilə göstərərək) dərmanlarımın reseptidir. Beş nəvəm var, gözlərini mənə dikiblər”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm