Oqtay Şirəliyev: “Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb”
Bizi izləyin

Qırmızı.az

Oqtay Şirəliyev: “Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb”

Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. Onların nə dərəcədə vacib olduğunu təkcə bir neçə rəqəmlə göstərmək olar. 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir deyib ki, vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır.

Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır.

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.

Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir.

Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər var. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi ölüm təhlükəsi ilə qarşılaşan belə xəstələrə, əsasən də uşaqlara həyatlarını davam etdirmək imkanı yaradıb. 2015-ci ildə bu səhiyyə ocağına 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Bu gün biz fəxrlə deyə bilərik ki, indi Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm