XƏBƏRDARLIQ: Azərbaycanda bu il qış sərt keçəcək
Bizi izləyin

Qırmızı.az

XƏBƏRDARLIQ: Azərbaycanda bu il qış sərt keçəcək

ABŞ-ın Milli Okean və Atmosfer Agentliyinin (NOAA) məlumatına görə, bu il dünya son 10 ilin ən soyuq qışını gözləyir.

Qurumun okean sularına baxaraq apardığı müşahidələr nəticəsində axırıncı dəfə 1997-98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcəyi bildirilib. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.

ABŞ agentliyinin bu məlumatı insanlarda narahatlıq yaradıb. Həqiqətənmi qış çox sərt olacaq? Azərbaycanda bu il qış necə keçəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a bildirib ki indidən qışın necə keçəcəyi ilə proqnoz vermək doğru deyil:

“Hər il qışın necə keçəcəyi ilə bağlı noyabrın sonunda məlumat yayırıq. Bu il də əvvəldən proqnoz verə bilməyəcəyik. Çünki hər il noyabrın sonunda Cənub-Şərqi Avropa və Qafqaz ölkələri üzrə Forum keçirilir. Həmin forumda qışın necə keçəcəyi ilə bağlı müzakirələr aparılır və ölkələr üzrə yekun qərar verilir. Biz də hər il həmin forumda iştirak edirik, yalnız ondan sonra qışın necə keçəcəyi barədə məlumat veririk. ABŞ-da proqnoz mərkəzləri çoxdur və onların hansı üsullarla proqnoz hazırladıqlarını deyə bilmərəm. Lakin biz hər il proqnozu qeyd etdiyimiz forumdan sonra veririk”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Publika.az-a açıqlamasında bildirib ki, ABŞ agentliyi bu cür proqnozlar verməklə insanları qorxudur. Ekoloq həmin proqnozun özünü doğruldacağına inanmadığını deyib:

“İllərdir aparılan müşahidələr göstərir ki, ölkəmizdə qış çox sərt keçmir. Bizdə şaxtalar 15-20 dərəcədən çox olmur. Bu baxımdan biz şaxtalı hava şəraitinə öyrənmişik. Önəmli olan kommunal xidmətlərin yaxşı olmasıdır. Bunlar da təmin olunarsa, soyuqdan qorxu yoxdur. Bu il ölkəmizdə qış sərt keçəcək, lakin çox sərt olmayacaq. Müəyyən günlərdə 15-17 dərəcə şaxta olacaq, bu təxminən bir həftə davam edəcək. Sonra yenidən temperatur yüksələcək və yenidən bir neçə gün şaxtalı hava müşahidə ediləcək”.

T.Zeynalov bildirib ki, şaxtalı günlər dekabrın sonu, yanvar ayında müşahidə ediləcək. Ola bilər ki, fevralın əvvəllərində də bir neçə gün belə keçsin.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm