Qulamrza Səbri Təbrizi 80 yaşında
Bizi izləyin

Qırmızı.az

Qulamrza Səbri Təbrizi 80 yaşında

Professor Qulamrza Səbri Təbrizi ömrünün 80-ci Baharına qədəm qoyur.


Düz 80 il öncə o, Azərbaycanın Güneyində, qədim və zəngin mədəniyyət mərkəzi, inqilablar beşiyi olan Təbrizdə dünyaya göz açmışdır. Ömrünün çox hissəsini Vətəndən uzaqda keçirsə də hər zaman qəlbi vətən eşqiylə döyünüb.

Bu gün söhbət açdığım bu şəxsiyyətin həyat və fəaliyyəti, yaradıcılığı haqqında düşündükcə görürəm ki, bu işıqlı aləmin ona bəxş etdiyi ömür-gün çərçivəsində neçə-neçə nəslin çırpıntıları, döyüşləri, bunlarla yanaşı qürbət və mühacirətin məhsulu, sıxıntı, firqət, məhrumiyyətlərlə dolu olan bir ömür keçirmiş. Bəli o, yaşadığı 80 illik həyatında bir tarix yazmış əslində, yazdığı bu tarix müəllifi olduğu bir çox şeir kitablarında öz əksini göstərir.

Azərbaycan!

Nağıllarımın ölkəsi,

Son yerim, son sığınacağım...

Həsrət dərdimin davası.

Altı qızıl, üstü qızıl,

Tüstüsü də qızıl, məmləkətim,

Havam, suyum, bərəkətim!...


Görkəmli siyasi xadim, ustad tədqiqatçı, məharətli pedaqoq, səriştəli tərcüməçi və ən əsası Filosof, Vətənsevər Şair – Qulamrza Səbri Təbrizi!

Ömrünün çox hissəsini qurbətdə Vətən eşqiylə yaşasa da amma şərəflə Vətəninə xidmət edib, daim Azərbaycanın Güneyini də, Quzeyini də təbliğ edib, istər professor olduğu Böyük Britaniyanın Edinburq Universitetində və digər dərs keçdiyi univesritetlərdə, istərsə də beynəlxalq konfranslarda, simpoziumlarda Vətəninin təbliğini şərəflə etmişdir. O, Vətəndən uzaqda olduğu hər yerdə qəlbində Azərbaycan adlı məmləkətimizi daşıyıb. Özünün dediyi kimi: “Mən Vətəndən çıxdım, Vətən məndən çıxmadı”!

Professor Qulamrza Səbri Təbrizi ulu öndərimiz Heydər Əliyev tərəfindən 2001-ci ildə Quzey Azərbaycanda təşkil olunmuş Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının (DAƏŞ) İdarə heyətinə müavin vəzifəsinə təyin edilmişdir. Elə buna görə də o, Quzey Azərbaycanda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının (DAƏŞ) ofisini təşkil etmiş və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, diaspor təşkilatlarıyla əlaqələr quraraq Azərbaycanın xaricdə təbliğində misilsiz xidmətləri göstərmişdir.

Bununla yanaşı o, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünün də İranda fars şovinistləri tərəfindən basqıda olmasını, öz doğma dillərində təhsil ala bilməməsi və bu kimi problemləri dəfərlərlə iştirak etdiyi beynəlxalq konfrans və simpoziumlarda çıxış etmiş, dünya ictimaiyyətinə çatdırmışdır. Professor Qulamrza Səbri Təbrizi DAƏŞ-in sədr müavini kimi fəaliyyət göstərməklə yanaşı, həmçinin 2007-ci ildə dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlıları təmsil edən təşkilata - Dünya Azərbaycanlıları Konqresinə (DAK) sədr seçildi. O, rəhbərlik etdiyi hər iki təşkilatda bir çox işlərin görülməsində böyük xidmətlər göstərmişdir.

Professorun fəaliyyətilə bağlı nə qədər yazsam da azdır. Çünki o, 80 illik ömründə istər Vətəninə, istərsə də Şərq və Qərbə böyük və danılmaz xidmətlər göstərmişdir. Bu gün o, 80-ci Baharına qədəm qoysa da hələ də fəaliyyətini, Vətənə xidmətini davam etdirir. Bu gün o, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatına rəhbərlik edir.

Sonda onun bir şüarını qeyd etmək istərdim: “Soruşma ki, Vətən mənə neyləyib, soruş ki, mən Vətən üçün nə etmişəm?”. Elə buna görə də durmadan, yorulmadan Vətənə xidmət edib Qulamrza Səbri Təbrizi.

Professor Qulamrza Səbri Təbriziyə bundan sonrakı həyatında sağlıq diləyirəm! Sağlıq diləyirəm ki, ömrünün çox hissəsini Vətən həsrətilə yaşayan dahi şəxsiyyət bir gün Təbrizimizin Azadlıq şərabından içsin!

Dogum günün kutlu olsun USTAD!!!

Elnarə Sadiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm