• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Xatın faciəsini görən müharibə veteranı: “Stalinə teleqram vuracağımı deyəndə...” - FOTOLAR/VİDEO

Xatın faciəsini görən müharibə veteranı: “Stalinə teleqram vuracağımı deyəndə...” - FOTOLAR/VİDEO

Bu gün Böyük Vətən Müharibəsinin başa çatmasından 71 il ötür. Azərbaycan xalqı faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynayıb. 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə 650 min nəfərədək döyüşçü yollanıb. Onların 350 min nəfəri geri qayıtmayıb. Yüz minlərlə azərbaycanlı sovet ordusunun tərkibində faşizmə qarşı mübarizənin ön cəbhəsində döyüşüb. Belə döyüşçülərdən biri də müharibə veteranı, ön cəbhədəki ağır döyüşlərdə iki dəfə yaralanmış Səfər Səfərovdur.

Publika.az veteranımızın Böyük Vətən Müharibəsi ilə bağlı xatirələrini təqdim edir:

“Yalnız avtomatımız, beşatılanımız vardı”

1924-cü ildə Qubadlı rayonunda anadan olmuş Səfər Səfərov 1942-ci ildə ordu sıralarına çağırılıb. Lakin əvvəlcə Gürcüstana göndərilib:

“Gürcüstanda bir neçə ay təlim keçdik. Atıcı silahlardan atəş açmağı öyrətdilər. Təxminən 7 ay orada qalası olduq.

1943-cü ilin sentyabrında 321-ci atıcı polkun tərkibində qatarla Gürcüstandan birbaşa Belarus cəbhəsinə yola düşdük. Cəbhənin ön xəttinə çatmağa az qalmışdı. Birdən yolda eşelon dayandı, həyəcan siqnalı verildi. Alman təyyarələri bizi bombalamağa başladı. Bizim təyyarələrə atəş açmaq üçün uzaq məsafəyə atəş aşan iri kalibrli silahımız yox idi. Yalnız avtomatımız, beşatılan tüfəngimiz vardı.

Qırıcılar bombaları başımıza tökür, hər tərəf alışıb yanırdı. Eşelonların hamısı bir-birinə dəydi. Hamımız qaçıb meşəliyə dağılışdıq. Ölən öldü, yaralanan yaralandı”.

Düşmənin gözlənilməz hava hücumu ilə üzləşən döyüşçülərimiz meşədə yenidən toparlanıblar: “Meşədən cəbhəyə kilometrlərlə məsafəni piyada getməli idik. Çünki almanlar dəmir yolunu tamamilə dağıtdılar. Bir həftə gecə-gündüz yol getdik. Axşam bir kəndə çatdıq. Evlərin hamısı elə yanırdı ki...”.

“Yandırılan Xatın kəndi idi”

Faşistlər sovet əsgərlərinin daxil olduğu kəndə od vurmuşdular:

“Qarşımıza bir ağsaqqal çıxdı. Soruşduq ki, ay baba, bu evlər niyə belə yanır? Dedi mənim balalarım, faşistlər bu gün səhər burada idilər. Alman kəşfiyyatı güclü sovet qoşununun yaxınlaşması haqda xəbər gətirdi. Buna görə kəndi yandırıb çıxdılar. Yandırılan kənd Xatın kəndi idi. Kənd sakinlərinin harada olduqlarını soruşduq. Qoca cavab verdi ki, bütün cavanları qatarlara doldurub Almaniyaya apardılar. Sakinlərin bir qismini böyük bir tövləyə yığıb diri-diri yandırdılar.

Kəndin hər yerində dəhşətli mənzərələrlə üzləşirdik. Çox böyük faciə idi. Faşistlər Xatın sakinlərinin partizanlarla əlaqəsindən xəbər tutaraq onun dinc sakinlərini cəzalandırmaq qərarına gəlmişdilər. Ancaq qocaların, qadınların və uşaqların diri-diri yandırılması ən ağır cinayət, ağlasığmaz vəhşilik idi”.

Uşaqlardan, qocalardan, qadınlardan və gənclərdən bir qismi qaçıb meşələrdə gizlənmiş partizanlara qoşulmuşdu: “Xatın kəndində vəhşicəsinə qətlə yetirilmiş onlarla dinc insana ucaldılmış abidə indi də tez-tez ziyarət olunur. Kəndin sağ qalmış yeganə sahibi - qocadan partizanların yerini soruşduq. Cavab verdi ki, onlarla aramızdakı məsafə təxminən 3 kilometr olar. Faşistlərin də yerini öyrəndik. Məlum oldu ki, yaxınlıqdakı kənddədirlər. Gecəni kənddə keçirdik. Səhər əmr verildi ki, qonşu kənd faşistlərdən alınmalıdır”.

Beləcə hücum başlayıb: “Ağır döyüşlər gedirdi. İrəliləmək üçün qarşıdakı böyük kanalı keçmək lazım idi. Körpü-filan heç nə yox idi. Kanalı üzüb keçdik, geniş çəmənliyə çıxan kimi alman pulemyotu şaqqıldamağa başladı. Kəşfiyyatımız xəbər vermişdi ki, faşistlər kənddən çıxıblar. Pulemyotçuları isə ora bizi yubatmaq üçün qoymuşdular. Onları susdurub kəndi düşməndən tamamilə azad etdik. Bir az sonra əmr gəldi ki, ikinci kəndi də almalıyıq”.

“İrəliləyəndə yaralandım”

Onun sözlərinə görə, bu yaşayış məskənlərinin hamısı Xatının ətrafındakı kəndlər idi:

“Sentyabrın 18-də ikinci kəndi də faşistlərdən azad etmək üçün hücuma keçdik. Kəndin bir tərəfi meşəlik, digər tərəfi bostan idi. Almanlar hücumun qarşısını almaq üçün artilleriyadan atəş açmağa başladılar. Düşmənin müqaviməti o qədər güclü idi ki, səngərdən başımızı çıxara bilmirdik. Komandirimiz isə arxada dayanıb sağ və sol cinahdan hücuma keçməyi əmr edirdi. Lakin qabağa getmək mümkün deyildi. Kim başını qaldırırdısa, vururdular.

Solumdakı əsgər yoldaşım səngərdən çıxıb irəli atıldı. Lakin bu vaxt mərmi onun düz qarşısına düşdü. O, həlak oldu. Sürünə-sürünə səngərdən çıxdım. Ona yaxınlaşıb, meyitini mərminin yaratdığı çuxura saldım. Komandir arxadan qışqırdı ki, dayanma, irəli get. Yaralıları, meyitləri arxadan gəlib yığacaqlar. İrəliləyib meşənin kənarındakı böyük palıd ağacına çatdım. Lakin bu vaxt yaralandım. Çünki almanlar bizi açıq-aydın görürdülər. Buna baxmayaraq, dayanmaq olmazdı.

Mənimlə yanaşı, 3 əsgərimiz də ağacın yanındaydı. Onlardan ikisi özbək əsgəri, biri isə tağım komandirimiz idi. Özbəklərdən biri mahir pulemyotçuydu, çox dəqiq nişan alırdı, mənə snayper tüfəngi vermişdilər”.

Hücum qısa müddətə olsa da dayandırılıb: “Atəş kəsilmişdi. Başa düşdüm ki, burada - ağacın yanında çox dayanmaq olmaz, snayperlə vura bilərlər. Yarama məhəl qoymadan qarnı üstə sürünə-sürünə özümü meşənin içinə saldım. Böyük kolluğa uzandım. Susuzluqdan dodaqlarım qurumuşdu. Bu vaxt cavan leytenant mənə yaxınlaşdı:

- Safarov, tı jıl?

Onu dərhal tanıdım. Bizim bölüyün tağımlarından birinin zabiti idi. Rusca cavab verdim ki, bəli, sağam. Amma yaralanmışam. Çantasından bint çıxarıb yaramı möhkəm-möhkəm sarıdı. Ondan xahiş etdim ki, mənə su versin. Dedi Səfərov, sənə su versəm, dərhal ölərsən. Mənə ğözləməyi məsləhət gördü.

Bir az sonra dedi Səfərov, indi iki əsgər göndərəcəm, səni hospitala aparsın. Məni və daha iki əsgəri arabaya qoyub səhra hospitalına gətirdilər. Hospitalda yaramı yenidən sarıdılar”.

“Gördüm yaram qurdlayıb”

Bundan sonra onu və hücum əməliyyatında yaralanmış digər əsgərləri maşınla arxa cəbhədəki hospitala gətiriblər:

“Hospitala hər gün yüzlərlə yaralı gətirilirdi. Bir neçə gün burada qalıb, tədricən yaxşılaşdım. Bir gün gördüm yaramı sarıyan, mənə baxan yoxdur. Sarğı da boşalmışdı. Əlimi yaraya vuranda gözümə böyük ağ qurd sataşdı. Gördüm yaram qurdlayıb. Dərhal qışqırdım. Hospitaldakı yaralı əsgərlər acıqlandılar, hamı yaralıydı deyə, qışqırmağa icazə vermirdilər.

Yaramı sarıdılar. Baş həkimi tələb etdim. O gələndə dedim ki, əgər bu gün məni eşelonla arxa cəbhəyə göndərməsən, İosif Stalinə teleqram vuracam ki, burada yaralı əsgərlərə tibbi xidmət göstərmirsiniz. Baş həkim qorxuya düşdü. Dərhal dedi ki, oğlum, bu gün səni yola salacam”.

Onu elə həmin gecə qatarla arxa cəbhəyə yola saldılar:

“Eşitdim ki, eşelon Bakıya yola düşür. Lakin sonra bunun yalan xəbər olması üzə çıxdı. Moskva ətrafındakı qəsəbələrdən birinə çatdıq. Amma yer olmadığından bizi qəbul etmədilər. Bizi ordan İvanovo şəhərinə, oradan isə başqa şəhərə göndərdilər”.

Hospitalda müalicə başa çatdıqdan sonra onu və digər əsgərləri batalyona göndəriblər:

“Bu, arxa cəbhədəki batalyon idi. Lakin orda təlimdən daha çox, əsgərləri işlədirdilər. Bir gün komandirə dedim ki, mən bura döyüşməyə gəlmişəm, işləməyə yox. Bundan sonra məni ön cəbhəyə - Keniqsberqə yola saldılar”.

Bir müddət cəbhənin qaynar nöqtələrində döyüşən Səfər Səfərov ikinci dəfə də yaralanır:

“Böyük bir hərbi eşelon irəli gedirdi. Cəbhənin ön xəttinə çatanda alman artilleriyası atəşə başladı. Lakin komandirlərimiz nədənsə bizi cavab atəşi açmağa qoymurdular. Başımı səngərdən qaldıranda mərmi ağzımdan dəydi. Dörd dişim sındı, ağzımdan qan axmağa başladı. Sanitarlar yaranın yerinə tikiş vurdular. Bir ay hospitalda yatdım”.

“Ən yaddaqalan xatirəm Xatın faciəsidir”

Səfər Səfərovun sözlərinə görə, müharibədə üzləşdiyi dramatik məqamlar çox olub:

“Böyük Vətən Müharibəsində ən yaddaqalan xatirəm Xatın faciəsi, Xatın kəndi ətrafındakı döyüşlə bağlıdır. Əvvəl döyüşə girəndə bir qədər ehtiyat edirdim. Elə ki, bir dəfə döyüşə girdin, daha hər şeyi – ölümü, yaralanmağı unudurdun. Adamın gözləri elə qızırdı ki, deyirdik faşist əsgərini tutsaq, onu didib parçalayacağıq.

Xatındakı qoca faşistlərin dinc sakinlərin başına açdığı oyunlardan danışdı. Almanların kəndə necə girdiklərindən, sakinləri bir yerə necə topladıqlarından, onların başına hansı müsibətləri gətirdiklərindən söhbət açdı. Bütün bunlar yaddaşıma əbədi həkk olundu və düşmənə nifrətim birə beş artdı”.

Tale elə gətirib ki, onun xidmət etdiyi hərbi hissələrdə azərbaycanlı əsgər və ya zabitlər olmayıb: “Tez-tez sual verirlər ki, neçə alman əsgərini öldürmüsən? Cavab verirəm ki, ay bala, döyüş elə şeydir ki, orda üstünə tağım, bölük, tabur gəlir. Orda bir əsgər olmur ki, nişan alıb onu vurasan. Harada əsgər gördün gözünü yumub, pulemyotla biçirsən.

Almanları əsir götürəndə onları işlədirdik. Müharibənin sonlarına yaxın – 1945-ci ilin aprelində ikinci dəfə yaralandığımdan Berlinə qədər gedə bilmədim. Amma bizim polk Berlinə qədər gedib çıxdı”.

Anar Tağıyev

Fotolar Elçin Muradındır

https://www.youtube.com/watch?v=-jiZEgxkBeE

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>