• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalid Niyazov keçmiş iş yoldaşını məhkəməyə verir

Xalid Niyazov keçmiş iş yoldaşını məhkəməyə verir

Əməkdar jurnalist Xalid Niyazov “Azərbaycan” qəzetinin siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynlinin onun barəsində söylədiyi 500 min pul alması ittihamlarına cavab verib.

Jurnalist X.Niyazovun Publika.Az-ın redaksiyasına göndərdiyi müraciətdə deyilir: “Hörmətli həmkarlar! Təəssüf edirəm ki, ictimaiyyət arasında peşəkar səviyyəsinə görə haqlı rəğbət qazanmış bir media quruluşunun səhifəsində barəmdə yoxlanılmamış məlumat gedib.

Bəri başdan bildirirəm ki, haqqımda söylənənlər Cinayət Məcəlləsinin konkret maddəsi ilə cinayət tərkibi yaratdığı üçün dərhal aidiyyəti orqanlara müraciət edəcəyəm.

İxtiyar Hüseynli haqqında haradasa, hansı çap yaxud elektron resursdasa böhtan xarakterli, həqiqətə uyğun gəlməyən fikirlər yer alıbsa, biz hüquqi dövlətdə yaşayırıq, buyurub məhkəməyə müraciət etsin. Hətta müəllifliyin, iddia edildiyi kimi, mənə aid olduğu təqdirdə belə məhkəmə çəkişməsinin predmetini deyilənlərin həqiqətə uyğun olub-olmadığı təşkil edəcəkdir.

Yazılanlar barədə: Əvvəla, mən qəzetdən İ.Hüseynlinin ifadə etdiyi səbəblərə görə deyil, dövlət quruculuğu şöbəsinin redaktoru kimi həmin şöbənin ləğvi (-?!) ilə bağlı getmişəm. Səbəb kimi İ.Hüseynlinin iddia etdiyi məqam cinayət məsuliyyəti yaradan haldır və ən azı rəsmi şəkildə təsdiqini tapmalıdır.

İkincisi, mətbuat ictimaiyyəti bu ailədə kimin kim olduğunu çox gözəl bilir. Hamı hər kəsin nə ilə nəfəs aldığından halidir. Üç onilliyə yaxınlaşan fəaliyyətim dövründə təmasda olduğum bir vəzifə sahibi belə deyə bilməz ki, haçansa, hətta yazdığım bir yazıya görəsə də kimdənsə umacağım olub. Əsla! Ancaq sufi həyat tərzi də keçirməmişəm; hər şeyin bir yolu, ərkanı var.

Qəzetdə işlədiyim dövrdə kimdənsə 500 min manat almağımdan bəhs olunur. Kifayət qədər ağır və ciddi ittihamdır. Yəqin ki, həmin adamı tapıb məhkəməyə gətirməli olacaqlar. Əgər sıravi şöbə redaktoru belə bir məbləğ ala bilirsə, onda gör 8-9 şöbənin olduğu qəzetin baş redaktoru nələr əldə edib?

Mən bütün şüurlu fəaliyyətim boyu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik xəttinə xidmət etmiş qatı əliyevçi, dövlətçi biriyəm. Hacı kimi Göydə Allahımı, vətəndaş kimi Yerdə Prezidentimi tanıyır və onların iradəsinin üzərində iradə görmürəm.

Görün, bu adamlar məsuliyyət hissini nə qədər itiriblər ki, adi bir söz münaqişəsinə dövlətin az qala “ikinci” şəxsinin adını qatırlar.

Böyük Nəsimi necə də yerində deyib: “Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar...”

Bu qədəri kafidir”.

Vasif Həsənli

P.S. Xatırladaq ki, ilkin açıqlama həmin açıqlamanı verən şəxsin xahişi ilə saytdan yığışdırılıb. Bu yazı isə qarşı tərəfin mövqeyi kimi dərc edilir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR