• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Soyğunçuluqla məşğul olan apteklər: İnsanlar bu yolla tələyə salınır

Soyğunçuluqla məşğul olan apteklər: İnsanlar bu yolla tələyə salınır

- “Lazolvan” neçəyədir?

- Uşaq, yoxsa böyük üçün?

- Uşaq üçün, siropdur, soyuqdəyməyə qarşı.

- 15 manat 80 qəpik.

- Axı mən bunu bir ay əvvəl, başqa aptekdən daha ucuz almışam.

Bu cavab qarşılığında çiyinlərini çəkən əczaçıya həqiqətən o dərman bir ay əvvəl ucuz aldığımı sübut edə bilmədim: “Bizdə belədir, başqa apteklərdən xəbərim yoxdur. Bizdə bütün məhsullar Almaniya istehsalıdır”.

Əczaçı xanım qiymətin bahalığını satdıqları dərmanın keyfiyyətinin yüksək olması ilə əlaqələndirdi. Onun cavabı qarşısında axı mən alıcı haradan bilim ki, bu dərman daha keyfiyyətlidir? Adi bir alıcıyam, keyfiyyət ölçən laboratoriyam var? kimi suallar yarandı. Bəli dərmanı qəbul edib, fərqi görə bilərik. Əlbəttə, əgər fərq varsa. Amma biz siçan deyilik ki, bədənimizi apteklərdə satılan dərmanların laboratoriyasına çevirək.

Bu dialoq Füzuli küçəsi 49 ünvanında yerləşən Alman apteki adı altında fəaliyyət göstərən apteklərdən birində yaşanıb.

Biz də ötən gün xalq şairi Sabir Rüstəmxanlının bu apteklərdəki 30 dəfəyə qədər baha dərman satması barədə yazısından ilhamlanıb, üz tutduq apteklərə.

S.Rüstəmxanlının sözlərinə görə, alman aptekində üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) 250 manat civarında qiymət deyiblər.

“Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz... "Bu nə qiymətdir, kim qoyub bu qiyməti?"- soruşanda, "axı bu alman malıdır, keyfiyyətlidir!" - dedilər. Oradan çıxıb getdim bizim öz apteklərimizdən birinə və eyni dərmanlari 26 manata aldım. İstanbulda həmin təzyiq dərmanın bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.... Yəni Bakıda satılandan 34 dəfə ucuz!!! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün "Avropa keyfiyyəti" adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət vardır, yoxsa yox?", - deyə qeyd etmişdi S.Rüstəmxanlı.

Biz də əvvəl qiyməti tənzimlənən və tənzimlənməyən dərmanlardan bir siyahı hazırladıq. Düzdür, dərmanların çoxu bu aptekdə olmadı, amma olanlar da çox baha idi.

Məsələn, Tarif Şurasının qiyməti tənzimlənən dərmanlar siyahısında Lazolvan (3 mq/ml Şərbət Flakon 60 ml) 5 manat 28 qəpik göstərilib. Aptekdə bizə təklif olunan qiyməti yuxarıda qeyd etdik. Siyahıda müxtəlif tərkibdə eyni adda 8 dərman var, lakin onların heç birinin qiyməti 10 manatı keçmir. Digər dərman “Norvask” (10 mq Tablet Blister 30) siyahıda 10 manat 30 qəpik,alman aptekində 10 manat 48 qəpikdir.

Bu qiymətləri eşidib aptekdən deyinə-deyinə çıxarkən orada dayanan taksi sürücüsü dərdimizə şərik çıxdı. Bu apteklərin yalnız müdirlər, millət vəkilləri üçün uyğun olduğunu deyən sürücü başqa apteklərə baş çəkməyimizi məsləhət gördü. Sürücü deyir ki, 15 manat nədir ki, buradan 500 manata dərman alanlar olub.

“Əlbəttə, bura təşrif buyuran adam qiyməti bilib gəlir, ona görə də şikayət etmirlər. Aşağı maaş alanlar bura gəlmir. İndi həkimlər apteklərlə işləyir. Özləri xəstəni bura göndərirlər ki, keyfiyyətlidir. Neçə dəfə buradan maşınıma minənlərdən eşitmişəm bunu. Xəstəni inandırır ki, keyfiyyətlidir, o da pulunu verib alır”.

Aptekdə olduğumuz müddətdə heç bir narazılıq etmədən soyuqdəymə, boğaz ağrısı üçün olan bir-iki dərmana 40-50 manat verənlərin olduğunu müşahidə etdik. Heç də bütün alıcılar digər aptekdə ucuz satılan dərmana çox pul vermək istəyində deyil.

Arifə adlı alıcı deyir ki, bir müddət əvvəl həmin aptekdən kaptospes-H adlı dərman istəyib. Onun əvəzində eyni tərkib olduğuna görə Kaptoprin adlı dərman təklif edilib.

“Həmin dərmanı mənə ucuz adı ilə 15 manata satmaq istəyirdilər. Həkimlə məsləhətləşəcəyimi dedim, başqa aptekdə həmin dərmanı çox ucuz qiymətə (dəqiq xatırlamıram, amma 3 manatdan baha deyildi) aldım”.

Daha sonra digər apteklərə də baş çəkdik, onlarda dərmanları siyahıda qeyd olunan qiymətə təklif etdilər.

Bəs apteklərdəki qiymət fərqinin səbəbi nədir? Əgər həqiqətən keyfiyyətsizdirsə, deməli o zaman kütləvi şəkildə bizə keyfiyyətsiz dərman satılır. Yox, əgər belə deyilsə, yenə də “bizdəki keyfiyyətlidir” sözü ilə alıcının ürəyinə xal salınır. Sağlamlığın hər şeydən vacib olduğunu düşünənlər də bu apteklərin müştərisinə çevrilir. Belə olan halda aidiyyəti qurumlar hara baxır?

Dərmanlar apteklərdə fərqli qiymətə satılırsa...

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, hazırda dozasından, qablaşdırılmasından, istehsalçı ölkədən asılı olaraq Azərbaycanın dərman vasitələrinin satışı bazarında 11 minə yaxın dərman vasitəsi var.

“Onlardan 7075-nin qiyməti Tarif Şurası tərəfindən təsdiqlənib, 5741 dərman vasitəsi bu gün təsdiqlənmiş qiymətlərlə satışdadır. Bəzi dərmanların tənzimlənəndən sonra qiyməti 10 dəfəyə qədər ucuzlaşıb. 1334 dərmanın yeni qiymətlərlə satışı iyunun 1-dən tətbiq ediləcək. Yerdə qalan dərman vasitələrinin qiyməti tənzimlənməyib, tənzimləmə prosesi bütövlükdə bu ilin birinci yarısında başa çatacaq.

Fərqli satışa gəldikdə eyni adlı dərman vasitəsi, dozası, tərkibi, istehsalçı ölkə eynidirsə, bütün apteklərdə eyni qiymətə satılmalıdır. Dərman alan şəxslər Tarif Şuirasının müəyyən etdiyi qiymətlərlə aptekdə deyilən qiyməti müqayisə edə bilər. Həmin dərman üzrə təsdiqlənmiş qiymət varsa, müraciət etsinlər, məsələni araşdırmağa hazırıq. Təsdiqlənmiş qiymətlər üzrə dərmanlar bütün apteklərdə eyni qiymətə təklif olunur”.

Qiyməti təsdiqlənməmiş dərman olsa belə, onun apteklərdə fərqli qiymətə satılmasına gəldikdə, A.Əliyev bildirib ki, bu artıq aptek təşkilatları tərəfindən istehlakçıya təqdim olunur.

İstehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

“Bu cinayətdir”

Millət vəkili Musa Quliyev deyir ki, qiyməti tənzimlənmiş dərmanı fərqli qiymətə satmaq birbaşa cinayətdir: “Dövlət tərəfindən qiyməti tənzimlənən eyni doza və istehsalçı ölkəyə məxsus dərmanı fərqli qiymətə satmaq qanun pozuntusudur. Kimin əlində belə fakt varsa, rəsmi müraciət etsin və məsələ araşdırılsın. Qiyməti tənzimlənməyən dərmanın baha qiymətə satılması bazar iqtisadiyyatına uyğundur. Lakin həmin dərmanların alternativi digər apteklərdə var. İlin axırına qədər bütün dərmanların qiyməti tənzimlənəcək, bundan sonra alman, “Avis”, “Həyat” apteklərində dərmanların qiyməti bir neçə dəfə aşağı düşəcək”.

Qiymətin baha olmasının keyfiyyətlə əlaqələndirməsinə gəldikdə, M.Quliyev bunun yalançı reklam olduğunu bildirdi: “Bu gün rəsmi qeydiyyata alınan heç bir dərmanın keyfiyyəti aşağı deyil. Dərmanın keyfiyyəti onun kimyəvi tərkibi ilə bağlıdır. Yalnız bir dərmanın dozası aşağı ola bilər. Bu da ciddi problem deyil. Dozası yüksək olan dərmandan bir həb içilirsə, digərindən 2 həb içilir və məsələ bu qədər sadədir. Bu mənada dərmanın keyfiyyəti tərkibi ilə bağlıdır. Dərmanın Almaniya istehsal olunması onun Türkiyə, Rusiyadan daha keyfiyyətli olması anlamına gəlmir. Bu yalnız alıcını aldatmaq məqsədi güdür”.

Alman aptekinin yüksək qiyməti keyfiyyətlə əlaqələndirməsi istər-istəməz alıcıda idxal olunan dərmanların keyfiyyətində fərq olması şübhəsini yaradır. Bu şübhə nə qədər realdır? Həqiqətənmi bu apteklərdəki dərmanlar daha keyfiyyətlidir?

Bu suallarla dərmanların keyfiyyətinə nəzarət edən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən cavab almağa çalışdıq. Gün ərzində yazılı və şifahi müraciətlərimizə baxmayaraq sualımıza cavab öyrənə bilmədik.

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>