• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Azərbaycanda leşyığanlar: Xəstə heyvan ətləri insanlara belə sırınır – FAKTLAR

Azərbaycanda leşyığanlar: Xəstə heyvan ətləri insanlara belə sırınır – FAKTLAR

Son günlər hüquq-mühafizə orqanlarının mənşəyi məlum olmayan ətlərin satışına qarşı mübarizəsi güclənsə də, təəssüf ki, bəzi yerlərdə bununla bağlı xoşagəlməz hallar hələ də mövcuddur. Xüsusən aprel-may aylarında xeyli sayda qanunsuzluqların aşkarlanması baş verənlərin çoxdan mövcud olduğunu, sanki şəbəkə formasına düşdüyünü göstərir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Publika.az-a açıqlamasında bu qanunsuzluqların mövcud olduğunu təsdiqlədi: “Leş ətlərinin regionlardan təşkil olunmuş şəkildə Bakıya və digər şəhərlərə daşınması artıq 20 ildən çoxdur davam edir. Bəzi hallarda bu, gizli şəkildə elə regionlarda da satılır.

Leş ətlərinin satışı əsasən Mərkəzi Aran rayonlarında, o cümlədən Bərdə, Mingəçevir, Masallı, Saatlı, Sabirabad rayonlarında geniş yayılıb. Biz 15 ilə yaxındır ki, bunun kökünü kəsmək istəsək də, nail ola bilmirik. Qeyri-ənənəvi heyvanların, o cümlədən at, eşşək ətlərinin, murdar olmuş heyvan ətlərin təşkil olunmuş şəkildə Bakıya gətirilməsi halları var. Kəndlərin bəzilərində leşyığanlar var”.

Onun sözlərinə görə, bölgələrdə sakinlərdən hansınınsa heyvanı öləndə onları dəyər-dəyməzinə leşyığanlara satırlar: “Bir müddət əvvəl Saatlıdan bir fermer bizə ərizə ilə müraciət edərək bildirdi ki, onun fermer təsərrüfatında inək xəstəlikdən ölübmüş. Sahibkar ölmüş inəyin leşini itlərə verməyib ki, bu heyvanlar da xəstəliyə yoluxar. Buna görə də leşi qamışlığa atıb. Lakin az sonra leşyığanlar gəlib həmin əti aparıblar”.

O, qeyd etdi ki, hətta fermerlərin özləri də belə hallardan şikayət edirlər: “Biz yalnız bir leşyığanı ifşa etməyə nail olmuşuq. Rayondan xəbər gəldi ki, ölmüş inəyi qurd-quş yeməsi üçün dərəyə atıblar. Bizi məlumatlandıran şəxs ölmüş heyvanın sahibi idi. Bildirdi ki, leşyığanlar gəlib həmin heyvanın dərisini soyurlar. Bu barədə dərhal polisə zəng vurduq. Nəticədə həmin şəxslər cəzalandırıldılar.

Təəssüf ki, belə hallar yenə də var. Xüsusən leşyığanlar hələ də mövcuddur. Vaxtilə ölmüş heyvanların murdar ətlərini satanlara qarşı ictimai qınaq vardı. Lakin indi bu azdır. Dövlət orqanları, o cümlədən baytarlar ara-sıra leşyığanları ifşa etsələr də, onların sifarişçilərini tapa bilmirlər. Bizi bir məsələ maraqlandırır: – bunları kim sifariş verir ki, leşyığanlar ölü ətləri rayonlardan paytaxta gətirirlər.

Son günlər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ardıcıl olaraq at, eşşək əti kəsənləri, murdar ət satanları ifşa edir. Sual olunur: – nə üçün bəzi bələdiyyələr, icra hakimiyyətləri, habelə Azad İstehlakçılar Birliyinin yerli qurumları bu hallara göz yumurlar? Nə üçün bu faktları ancaq mərkəzdən polis əməkdaşları gedib ifşa edir? Bu, çox acınacaqlı haldır”.

O, qeyd etdi ki, AİB də çalışacaq ki, bu şəbəkəni birdəfəlik yox etsin: “Həftə ərzində istehlakçılardan iki-üç şikayət edilir. Sakinlər bildirirlər ki, aldıqları ət keyfiyyətsiz çıxıb. Təəssüf ki, hətta kolbasa sexlərində keyfiyyətsiz ətlərdən istifadə halları aşkarlanıb. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi artıq iki kolbasa sexində bununla bağlı faktlar aşkarlayıb. Həmin komitədə ətin mənşəyini, heyvanın xəstəlikdən ölməsini müəyyən edən laboratoriya var.

Düşünürəm ki, bunu bütün kolbasa sexlərinə aid etmək olmaz. O kolbasa məmulatlarına ki, etiketlər vurulmur, istehsalçının kim olduğu gizlədilir, ünvan yazılmır, əhali bu malları almamalıdır”.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>