• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Ramiz Zeynalovun şok cinayətləri - Faktlar

Ramiz Zeynalovun şok cinayətləri - Faktlar

Qalmaqalı sevən adam hər an partlamağa hazır olan bomba kimidir. Onunla necə rəftar eirsəndə et, təhlükəsi azalmır ki azalmır! Belə adamlar düşdükləri mühitdə daim mənəv-psixoloji gərginlik, qarşıdurma şəraiti yaradır, istənilən məsələni davakarlıqla həll etməyə meyilli olurlar. Müxtəlif sahələrin öz “qalmaqal qəhrəmanları” var. Amma elələri də olur ki, tək bir sahənin yox, bütöv cəmiyyətin başının bəlasına çevrilirlər.

Avropa.info yazır ki, son günlər adı medianın gündəmindən düşməyən vəkil Ramiz Zeynalov belələrindəndir. Onun qalmaqallı həyat və fəaliyyətinin bəzi məqamları haqqında araşdırma ötən həftə bir sıra internet-media resurslarında yayılıb. Az sonra isə məlum olub ki, ermənilər də Ramiz Zeynalovum müdafiəsinə qalxıblar. İrəvanın bir neçə saytı onun uşaqlıq dostu olmuş Arkadi Barxudaryanın “məktub-açıqlaması”nı yerləşdirib...

R.Zeynalov özünü “fəal hüquqşünas” kimi tanıtdırmağa ötən əsrin doxsanıncı illərinin əvvəllərində - Bakıda özbaşınalıq və xaosun baş alıb getdiyi dövrdə başlayıb. Deyilənlərə görə, həmin vaxt paytaxtın erməni millətindən olan sakinlərinin mülkiyyət hüquqlarının qorunmasına, onların buradakı əmlaklarını çox rahatlıqla normal qiymətə satıb, respublikanı tərk etmələrinə hüquqi yardım göstərmək kimi “humanist” bir missiyanı canfəşanlıqla yerinə yetirib. Lakin bu zaman öz şəxsi maraqlarını da yadan çıxarmayıb və bu “bazar”dan öz mənafeyi üçün də istifadə edib. Erməni dostlarının mənzillərinin müxtəlif yollarla əvvəlcə başqalarının adına sənədləşdirilməsinə “hüquqi yardım” göstərdikdən sonra özü həmin daşınmaz əmlakın qanuni sahibi olub. O dövrün sənədləri ilə təsdiqlənən iki maraqlı fakta diqqət yetirək.

Sovet hökumətinin “can üstə” olduğu, ermənilərin Bakıdan köçməyə başladığı bir vaxtda, 1990-cı ilin avqustunda vətəndaş Qriqoryan Tamara Arkadyevnanın şəhərin göbəyindəki - keçmiş Şors (indiki Bəşir Səfəroğlu) küçəsindəki 3 otaqlı mənzilinin “Azərbaycan” assosiasiyası adlanan bir quruma 7020 rubla satışı həyata keçirilir. Bundan altı ay sonra – 1991-ci ilin fevralında isə həmin mənzili 10 min rubla R.Zeynalov özü alır.

Bundan cəmi bir il üç ay sonra isə o, Vidadi küçəsində, ikinci mərtəbəsində yaşadığı evin birinci mərtəbəsində yerləşən və əvəllər S.Baqdasarova adlı bir erməniyə məxsus olan iki otağı Yasamal Rayon İcra Hakimiyyəti başçısının həmin dövrdə qaranlıq mənzil sövdələşmələri üzrə ixtisaslaşmış və sonralar korrupsiya əməllərinə görə məhkum edilmiş müavini Eldəniz Lahıcovun sərəncamı ilə müftə-müsəlləm öz mülkiyyətinə keçirməyə nail olur. Bəs bu “xeyirxahlığın” səbəbi nədir? Necə olur ki, şəhər merinin müavini cəmi on beş ay əvvəl öz cibinin puluna mərkəzdə üçotaqlı mənzil almış bu zirək vəkilə dövlətin malını “hədiyyə” edir? Cənab Lahıcov sərəncamın mətnindəki maraqlı bir cümlə ilə sanki bu suala cavab vermək istəyib: “Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının 31 mart 1992-ci il tarixli, 98 nömrəli arayışına görə, R.Y.Zeynalov 1991-ci ilin yanvar ayından dekabr ayına kimi əmək haqqı almamışdır”. Adamın lap yazıgı gəlir...

Halbuki vaxt ötəcək və özünü cəmi bir arayışla yazıq görkəminə salmağı və “xeyirxah” mer müavinin təmənnasızlığı şübhə doğuran köməyi ilə ikiotqalı mənzilini geniş bir mülkə çevirməyə bacaran “hüquq müdafiəçisi” Bakıda və onun ətrafında necə-necə mülkün sahibi olacaq, əməlli-başlı biznes quracaq, üstəlik, qonşularına qarşı xuliqanlıq hərəkəti etməkdən belə çəkinməyəcək...

Bu hadisə artıq yeni əsrin birinci onilliyinə təsadüf edir. Bu dəfə R.Zeynalov Buzovna qəsəbəsində məbləği yüz min manatlarla ölçülən mülkün sahibidir və qonşusu, iş adamı Nəsrəddin Nağıyevlə açıq-aşkar münaqişəyə başlayır. Səbəb sadədir: qonşunun öz evinin enerji təchizatını təmin etmək üçün ehtiyat avadanlıq kimi istifadə etdiyi generator guya ona narahatlıq yaradır. Vətəndaşların mülkiyyət hüquqlarının toxunulmazlığını qəti vecinə almayan “hüquq müdafiəçisi” günlərin birində qaldırıcı kran gətirib generatoru yerindən çıxartdırır və yararsız vəziyyətə salaraq atır küçənin ortasına!.. Bununla kifayətlənməyərək, qonşunun həyətindəki yağış suları axıdan boruları da yerlə-yeksan edir və az sonra yağan güclü yağış nəticəsində evin birinci mərtəbəsini su basır. Bütün bunlardan sonra N.Nağıyevin yaranmış vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə gəlmiş qohumuna və təmir-bərpa işləri aparmaq istəyən ustalara Ramiz Zeynalov oğlu Tamerlanla birlikdə hücum çəkir, onları beysbol ağacı və tapança ilə hədələyərək, ərazidən qovub çıxarır. Qonşuluğa yaraşmayan bu qanunazidd və davakar hərəkətlərinə görə vəkil R.Zeynalov 2010-cu ildə cinayət məsuliyyətinə cəlb edilir... Amma məhkəmə qarşısında təkcə xuliqanlıq hərəkətinə və vətəndaşın şəxsi mülkiyyətinə külli məbləğdə ziyan vurduğuna görə deyil, həm də elə həmin ərəfədə törətdiyi və insan ölümü ilə nəticələnən yol qəzasına görə cavab verməli olur.

Amma... Cəmi-cümlətanı 4 il həbs cəzası alır. Onun da neçə ilini yatdığı heç məlum da deyil. Çünki elə həmin dövrdə də səsi respublikadakı bir sıra qalmaqallı hadisələrin düz ortasından gəlib.

Bu qədər hüquqazidd hərəkətlər elə, cinayət əməlləri törət, axırda da cəzaların ən aşağı həddi ilə “mükafatlandırıl!” Hüquqa kəc baxan hüquqşünasa hansı səbəbdən belə humanist münasibətin göstərildiyini anlamaq çətindir. Təsəvvür edin, istintaqın gedişində bütün şahidlər R.Zeynalovun özünün, ya da oğlunun əlində tapanca gördüklərini bildirirlər. Hətta şahidlərdən biri onun markasının da “Makarov” olduğunu deyir. Amma istintaqın gəldiyi qənaətə görə, bu, sadəcə, oyuncaqdır. Amma oyuncaq olsa da, cinayət işinə əşyayi-dəlil kimi əlavə edilməyib. Heç məhkəmə də bu məsələnin dərininə getməyib.

Bütün bunları götür-qoy edəndə, istər-istəməz, hansısa güclü əlin Ramiz Zeynalovu daim himayə etməsi ehtimalı yaranır. Təbii ki, uzun müddətdən bəri vəkilliklə məşğul olan, hüquq-mühafizə orqanlarının müxtəlif səviyyələrində özü kimi zirək adamlarla əlaqələrindən yararlanan bu hüquqşünasın özü də az aşın duzu deyil. Amma yenə atalarımızın “arxalı köpək...” zərbül-məsəli yada düşür. Heç adi deyil ki, mətbuatda onun keçmiş “MTN qanqsterləri” və kriminal aləmlə sıx əlaqələrinin olması, həmçinin məşhur “Sprut” filmində mafioz qrupları müdafiə edən dələduz, özü cinayətkar olan vəkil “Terrazino” adı ilə tanınması barədə məlumatlara da rast gəlmək olar.

Yeri gəlmişkən, qalmaqallı vəkilin internet-media resurslarında adı, az qala, şou-biznes ulduzları qədər məşhurdur. Məsələn, iki il bundan əvvəlki xəbərlərdən birinin başlığı belədir: “Bizim ailəni bu vəkilin əlindən alın!” Xəbərdə bildirilir ki, qətl törətməkdə təqsirləndirilən Hümbət Məmmədov adlı şəxsin həyat yoldaşı Manana Məmmədova - Ramazanova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılova ünvanladığı məktubda yazıb: “Həyat yoldaşımla həbsxanada yatmış, hazırda Hümbət Məmmədovun hüquqlarını qoruyan vəkil Ramiz Zeynalova hər ay 2 min manat pul ödəyirəm. İndiyə qədər ona 10 min manata yaxın pul ödəmişəm. Bu pulları borca götürmüşəm və bunları necə qaytaracağımı bilmirəm. Belə getsə, evimi satıb küçədə yaşamalı olacağam”. M.Məmmədova yazıb ki, bütün bu məhrumiyyətlərə dözməyə hazırdır, əgər vəkil Ramiz Zeynalovun əsl niyyətini bilməsəydi: “Vəkil hazırda həyat yoldaşımın müdafiəsini bir kənara ataraq, ailəmizin əmlaklarını ələ keçirməyə çalışır. Buna qarşı olduğum üçün Hümbət Məmmədova məxsus olan tüfəngləri vermir. Belə ki, prokurorluq tərəfindən ona təhvil verilmiş, həyat yoldaşıma məxsus olan tüfəngləri qaytarmır. Bu işdən çox narahatam. Ona görə ki, o silahla bir iş törədər və günah mənim üzərimdə qalar. Çünki o silahları istintaqa mən təhvil vermişəm. Mən o silahları rəsmi qayda da dövlətə qaytarmaq istəyirəm, mənə tüfəng lazım deyil”.

M.Məmmədova yazır ki, Ramiz Zeynalovun planlarını alt-üst etdiyi üçün həyat yoldaşını onun üzərinə qaldırır: “Hümbət Məmmədovu elə başa salıb ki, mən ona heç cürə bunun oyun olduğunu deyə bilmirəm. Yoldaşım da tələb edir ki, əmlakları vəkilin adına keçirim. İmtina edəndə isə Hümbət məni prokurorluqla, məhkəməylə hədələyir.. Sizdən çox xahiş edirəm ki, məni qoruyasınız, bizim ailəni bu vəkilin əlindən qurtarın. Əks halda çarəsizlikdən özümə qıymalı olacağam”.

Öz müvəkkilinin həyat yoldaşını belə carəsiz vəziyyətə gətirib çıxaran, onu hətta özünəqəsdə təhrik edən vəkil R.Zeynalovun belə məsələlərdə pərgar olduğunu hazırda faktiki sakini olduğu Buzovna camaatı da yaxşı bilir. Qəsəbə sakinlərinin bir neçəsinin dediyinə görə, bu hüquq müdafiəçisi Buzovnada sahibi olduğu mülkü də hansısa cinayət işi ilə bağlı “razborka” nəticəsində əldə edib. Yerli camaat belə qalmaqallı və davakar şəxsin Buzovnaya gəlib, burada “kök atmasına” səbəbkar olanları daim lənətləyir. “O qədər kaprizli bir adamdır ki, qanunazidd əməlləri sayəsində ələ keçirdiyi var-dövlət hesabına qəsəbədə tikdirdiyi kommersiya obyektini heç kim ondan icarəyə götürməyə ürək eləmir. Çünki sabah aralarında hər hansı anlaşılmazlıq yaransa, Ramizin fitvası ilə həbsxanaya düşməkdən qorxurlar”.

Heç həmkarları arasında da bu qalmaqallı vəkilin normal bir reputasiyası yoxdur. Tanınmış hüquqşünas Aslan İsmayılov onu “bir neçə dəfə məhkim olunmuş, ömrü boyu yaltaqlıqla çörək qazanmış” adam kimi səciyyələndirməklə yanaşı, həm də “vəkillik institutuna ləkə” adlandırıb.

...Cinayətkar keşmişi olan bu hüquqşünasın adının indidən sonra da hələ nə qədər qanunazidd işlərin altından çıxacağını yalnız ehtimal etmək olar. Çünki o qalmaqalsız qala bilmir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>