Qubada 4 istiqamət üzrə avtomobil yolları salınır - FOTO
Bizi izləyin

Qırmızı.az

Qubada 4 istiqamət üzrə avtomobil yolları salınır - FOTO

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi davam etdirilir.

Bu barədə Publika.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində hazırda Rustov kəndindən 4 istiqamətdə 27 kilometrlik yolların tikintisi aparılır.

13 km olacaq Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 km-lik hissəsi torpaq örtüklüdür. 7 kilometrlik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır. 5,5 km-lik Rustov-Bağçalı-Yekdar avtomobil yolu da torpaq örtüklüdür.

2,5 km-lik Rustov-Məckəxacə və 6 km-lik Rustov-Nöydün-Şuduq avtomobil yolları isə çınqıl örtüklüdürlər. Hər bir 4 istiqamətdə gedən yolların mövcud eni 4-5 metr arası dəyişir.

Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılacaq, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Hər iki istiqamət üzrə 2 metr enində çiyinlərin də tikilməsi nəzərdə tutulub.

Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9 metr, digərinin isə 18 metrdir. Hər iki körpünün ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub.

Daha bir körpünün inşası isə Rustov-Nüydün-Şuduq yolunda aparılır. Bu körpünün də uzunluğu 18 metr, ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni isə 7 metr olacaq. Rustov-Bağçalı-Yekdar yolunda isə 1 ədəd su keçidinin inşası yekunlaşmaq üzrədir.

Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılır. Bundan başqa yolların genişləndirilməsi başa çatdırılaraq, yol yatağının və yol əsasının inşaası, yamacların kəsilməsi işləri gedir.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun "Azəravtoyol" ASC rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli asanlaşacaq. Bundan başqa, yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm