TQDK komissiya yaratdı
Bizi izləyin

Qırmızı.az

TQDK komissiya yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

TQDK-nın saytında və "Facebook" səhifəsində sual kitabçaları və imtahanda istifadə olunmuş test tapşırıqlarının izahı yerləşdiriləcək.

Qeyd edək ki, mayın 22-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər şəxsiyyəti təsdiq edən sənədi və buraxılış vərəqəsini özləri ilə gətirmədiyi üçün imtahana buraxılmayıb.

İmtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Xatırladırıq ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10‑dək aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm