• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabı nəşr olundu

“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabı nəşr olundu

Professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin birgə yazdıqları “Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış, bəlgələr, yaşamlar.” kitabı bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəşr edilib.

Publika.az xəbər verir ki, Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmaları Mərkəzi tərəfindən nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən mühüm problemlərindən birini hərtərəfli şəkildə həll etməklə, onun öyrənilməsinə mühüm töhfə verib. Kitabın Cümhuriyyətin ildönümü günlərində işıq üzü görməsi Azərbaycanın dövlətçilik tarixinə verilən yüksək dəyərin göstəricisidir. Bu, eyni zamanda, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının gənc nəslində tarixi irsə hörmət hissinin tərbiyəsi üçün də əhəmiyyətlidir.

Müəlliflərin üzərində 15 ildən artıq çalışdığı 1222 səhifəlik bu fundamental əsər çoxillik gərgin axtarışlar və ağır zəhmət bahasına başa gəlib. Təkcə bunu demək kifayətdir ki, Azərbaycan Cümhuriyyəti (1918-1920) hökumətinin 1920-ci ilin yanvarında xarici ölkələrə oxumağa göndərdiyi 102 tələbəyə həsr edilmiş bu əsərdə 1000-dən artıq nadir foto əksini tapıb. Oxucular onların əksəriyyəti ilə ilk dəfə tanış olacaqlar. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın 17 arxivindən götürülən və əhəmiyyətli hissəsi elmi dövriyyəyə ilk dəfə daxil edilən 465 arxiv sənədindən, 114 əski mətbuat orqanından, 104 kitabdan, 133 məqalədən və 15 internet materialından qaynaq kimi yararlanmış müəlliflər, Ramiz Abutalıbovun sözləri ilə desək, “əslində mümkünsüz görünən bir işi gerçəkləşdiriblər”.

Monoqrafiya 3 bölümdən ibarətdir. 189 səhifəlik 1-ci bölümdə tələbələrin xaricə göndərilməsi prosesinin tarixi haqqında ilkin “rüşeym”dən başlamış reallaşma mərhələsinədək geniş tarixi arayış verilib. Burada azərbaycanlıların ali təhsil tarixindən söz açılıb və 1920-ci ilədək ali məktəblərdə oxumuş 774 soydaşımızın siyahısı verilib. İş burasındadır ki, 1920-ci illərin maarif komissarı (naziri) D.Bünyadzadə Azərbaycanda cəmi 63 ali təhsillinin olduğunu söyləyib. Bu baxımdan oxuculara ilk dəfə təqdim edilən 774 nəfərlik siyahının mühüm elmi-tarixi əhəmiyyəti var. 1-ci bölümdə “100 tələbə”nin xaricə göndərilməsi tarixçəsi, onların hansı xarici ölkələrdə oxuması və bu haqda elmi ədəbiyyatda indiyədək davam etməkdə olan yanlış fikirlərə verilən düzəlişlər danılmaz sənədlərlə irəli sürülür. Tələbələrin taleyində müsbət, yaxud mənfi rol oynamış şəxslər, sovet hakimiyyəti dönəmində onların acınacaqlı taleyi və s. məsələlər haqda bilgilər ayrı-ayrı paraqraflar şəklində diqqətə çatdırılır.

115 səhifəlik 2-ci bölüm müxtəlif arxivlərdən götürülmüş, ərəb qrafikasından latına, rus dilindən Azərbaycan türkcəsinə çevrilmiş 93 sənədin tam mətnindən ibarətdir. Bu sənədlərin ən mühüm önəmi ondadır ki, ana dilimizdə, ancaq ərəb qrafikasında yazılmış bəlgələrin hamısı indiyədək araşdırmalardan kənarda qalıb və bu əsərdə onlar ilk dəfə işıq üzü görür.

740 səhifəlik 3-cü bölüm əsərin ən önəmli hissəsidir. Burada 102 tələbənin hər birinin tərcümeyi-halı ayrıca verilib. Nə qədər inandırıcı görünməsə də 102 tələbənin hər biri haqqında ən azı 2-3 səhifəlik tərcümeyi-hal ortalıqdadır. Bu məqalələri müəlliflərin çoxillik axtarışlarının nəticəsi olan nadir fotolar tamamlayır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>