“Tələbə baharı” festivalının pop musiqisi üzrə qalibi kim oldu?
Bizi izləyin

Qırmızı.az

“Tələbə baharı” festivalının pop musiqisi üzrə qalibi kim oldu?

Qafqaz universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə “Tələbə baharı” VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan olan tələbələrin də iştirak etdiyi festivala müxtəlif nominasiyalar üzrə 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə qatılıb.

Qafqaz universitetinin tələbələri də “Tələbə baharı” adlanan festifalda müxtəlif nominasiyalar və janrlar üzrə müvəffəqiyyət qazanıblar. Belə ki beynəlxalq status daşıyan festivalda universitetin Milli rəqslər üzrə (qızlardan ibarət) kollektivi III yerə, pop musiqisi nominasiyası üzrə mühəndislik fakültəsinin Sənaye mühəndisliyi bölməsinin I kurs magistr tələbəsi Orxan Tağızadə I yerə, pedaqoji fakültə Riyaziyyat və İnformasiya müəllimliyi bölümünün IV kurs tələbəsi Orxan Şükürlü (gitar) II yerə, Pedaqoji fakültənin riyaziyyat müəllimliyi bölməsinin I kurs tələbəsi Leyla Fərzəliyeva və mühəndislik fakültəsi Kompüter mühəndisliyi bölməsinin hazırlıq kursu tələbəsi Arzu Həsənli (duet ifa) III yerə layiq görülüblər. Universitetin xor özfəaliyyət kollektivi isə VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının laureatı seçilib.

“Tələbə baharı” VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konsertinin 28 may tarixində Quba şəhərində keçirilməsi planlaşdırılır.

Qafqaz Universiteti tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirilir.Universitetin Mədəniyyət şöbəsinin əməkdaşları incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Mədəniyyət şöbəsi nəzdində dərnəklər koordinatorluğu və ebru-dizayn kursları əl işləri sənət otağı, rəqs, xor, ansambl və teatr məşq zalları fəaliyyət göstərir.Şöbənin nəzdində ümumilikdə 20-dən artıq dərnək fəaliyyət göstərir ki, onların da əsas funksiyası maraq klubları şəbəkəsində tələbə gənclərin intellekt səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub təmsilçiləri dünyada gedən proseslər çərçivəsində seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.

Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bədii özfəaliyyət kollektivləri yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri təşkil edir, mədəni-kütləvi tədbirlərinin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm