Təhsildəki korrupsiya ilə bağlı nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Təhsildəki korrupsiya ilə bağlı nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi nümayəndələri mart ayı ərzində nazirliyə daxil olan sorğular və mətbuatda əks olunan məlumatlarla bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tədris ilinin 3 həftə uzadılması məsələsinə aydınlıq gətirib.

O bildirib ki, bununla bağlı suallara aydınlıq gətirmək üçün müəllimlərlə birlikdə dəyirmi masa keçiriləcək:

“Həmin tədbirdə bütün bu məsələlər müzakirə olunacaq. Tədris ilinin uzadılması tədris prosesinə müsbət təsir edəcək. Şagirdlərin tətil müddəti çox uzundur və onlar 105 gün təhsildən ayrı qalırlar. Həmçinin tədris proqramları ağırdır və həm müəllimlər, həm də valideynlər bundan tez-tez şikayətlənir. Müddətin uzadılması sadalanan problemləri həll edəcək”.

C.Valehov həmçinin şagirdlərin tətil müddətində istirahətinin təmin edilməsi üçün yay məktəblərinin təşkil ediləcəyini də bildirdi:

“Son bir il ərzində paytaxtın bir çox məktəblərinin müxtəlif bölgələrə turları təşkil edilir. Yay aylarında isə şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi üçün yay məktəbləri təşkil ediləcək ki, bu zaman onlar müxtəlif oyun və yarışlarda iştirak edəcək. Bununla bağlı artıq proqram hazırdır və tətil vaxtına yaxın bu barədə mətbuata məlumat veriləcək”.

Nazirlik rəsmisi təhsil şöbələri ilə bağlı son günlər mətbuatda yayılan korrupsiya iddialarına da aydınlıq gətirib.

Cəsarət Valehov deyib ki, nazirliyin monitorinqləri zamanı təhsil şöbələrində korrupsiya halları ilə bağlı jurnalist araşdırmalarına rast gəlinir:

“Qeyd etmək istəyirik ki, təhsilə ayrılan vəsaitlər müvafiq icra hakimiyyətlərində toplanır və onların istifadəsinə həmin icra hakimiyyətləri nəzarət edir. Təhsil Nazirliyinin bu məsələdə heç bir səlahiyyəti yoxdur”.

Təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev məktəbli kitabçalarındakı qüsurlara görə, nazirliyin məsuliyyət daşımadığını bildirib:

“Məktəbli kitabçalarında Mətbuat günü ilə bağlı səhvin getməsi texniki qüsur idi. Bunu heç kim bilərəkdən etməz. Amma qeyd etməliyəm ki, məktəbli kitabçalarının çapını nazirlik deyil, ayrı-ayrı nəşriyyatlar həyata keçirir. Həmçinin onların çapı bizimlə razılaşdırılmır. Bizə müraciət edilsəydi, bu səhv diqqətdən qaçmazdı”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm