• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölkənin su təhlükəsizliyinə xüsusi önəm verilir

Ölkənin su təhlükəsizliyinə xüsusi önəm verilir

Abid Şərifov: “Ceyranbatan ultrasüzgəcli su kanalı yaxın günlərdə istifadəyə veriləcək”

Aprelin 11-də “JW Marriot Hotel Absheron” otelində II Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən 90-dan çox nüfuzlu alim, elmi mərkəzlərin rəhbərləri, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri iştirak edib.

Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, su ilə əlaqədar ölkədəki problemlərin köklü həllinə nail olunması, ölkənin su təhlükəsizliyinin təmin edilməsində strateji hədəflərin müəyyənləşdirilməsinə xüsusi önəm verilir. Abid Şərifov Azərbaycan hökumətinin su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti götürdüyünü vurğulayıb. Deyib ki, yaxın zamanlarda Ceyranbatan ultrasüzgəcli su kanalı istifadəyə veriləcək. Həmçinin çirkab suların toplanması üçün yığılan mənbələr yenilənəcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, şirin su ehtiyatları əvəzolunmazlığına və həyati zəruriliyinə görə ən əhəmiyyətli maddi sərvət olmaqla yanaşı, qonşu xalqlar və dövlətlər arasında münasibətlərin formalaşmasında həlledici amillərdən biridir. “Müasir dünyada elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslanmadan layihələrin uğurlu həllinə nail olmaq qeyri-mümkündür. Azərbaycanın şəhərlərinin, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bu prinsip əsas götürülür. Bu baxımdan, alim və mütəxəssislərimiz dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışırlar.

Eyni zamanda, cəmiyyətimizdə də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılmaqda, müasir texnologiyalar üzərində işlənilməkdədir. Əminəm ki, bugünkü konfransda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və Coğrafi İnformasiya sistemləri , tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri əhatəli müzakirə ediləcək, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımlar atılacaq".

Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək, Koreya su Forumunun vitse-prezidenti Junq Mu Li, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova belə tədbirlərin keçirilməsinin beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR