• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bazar və yarmarkalarda hansı yeniliklər olacaq?

Bazar və yarmarkalarda hansı yeniliklər olacaq?

Bazarlarda ticarətin təşkili qaydaları müəyyənləşib. Bazarların ərazisində satışı qadağan edilən malların siyahısı, göstərilən xidmətlərin növü və dəyəri, bazarın idarəetmə, dövlət baytarlıq, fitosanitar xidmətlərinin yerləşdikləri məntəqə, mal qrupları üzrə ixtisaslaşmış ticarət zonaları haqqında məlumatlar görünən yerdə (girişdə) yerləşdirilməlidir. Bu qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb.

Qərara əsasən, bazarda qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların, satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışına və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən damğalanmamış tərəzidən və digər ölçü cihazlarından istifadəyə yol verilmir.

Bəs yeni qərar bazarlardakı problemləri həll edəcəkmi?

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmovun sözlərinə görə, yarmarkaların təşkil edilməsi, şəhərə yaxın olan yerlərdə tikilməsi əvvəldən nəzərdə tutulan məsələ idi.

Onun sözlərinə görə, bazarların müasir tələblərə uyğunlaşdırılması da gözlənilən idi. Uzun müddətdir hökümət bu məsələlərlə bağlı məsləhətləşmələr aparırdı.

“Bu qərarda qeyd olunan ticarətin təşkili, yoxlamaların aparılması bu vaxta qədər qəbul edilmiş qərarlarda var idi. Amma bunların hamısının bir yerdə toplanması bazar rəhbərliyinin, bu işə nəzarət edənlərin işini asanlaşdıracaq”.

V.Məhərrəmov bildirdi ki, həmçinin yarmarkaların qapalı şəraitdə təşkilinin satışı və saxlanması üçün tədbirlərin görülməsi barədə işlərin aparılması planlaşdırılır.

Yeni qərarın bazar idarəçiliyi və gözləntilərin özünü doğrultmasına gəldikdə ekspert bunun üçün əlavə tədbirlərə də ehtiyac olduğunu bildirdi:

“Bu istiqamətdə ölkədə istənilən qədər qanun-qayda var. Lakin əsas problem onların tətbiqi ilə bağlıdır. Məsələn, torpaqlarımızda uzun müddət DDT maddəsindən istifadə edilib. İlk növbədə torpaqlar zərərli maddələrdən təmizlənməlidir. Sanitariya qaydalarına uyğun məhsul istehsal etməli, soyuducu avadanlıqları olan maşınlarla daşınmalıdır, daha sonra isə bazarların tələblərə uyğunluğuna diqqət ayrılmalıdır. Yəni problem torpaqdan bazara qədər həll edilməli, müstəqil laboratoriyalar olmalıdır. Bu problemlər həllini tapmadığına görə, yeni qaydalara uyğun işlərin görülməsi qısa zamanda həllə səbəb olmayacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR