• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident İlham Əliyev və xanımı yeni aerovağzalın açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı yeni aerovağzalın açılışında iştirak edib

Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.

 

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ildə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.

Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.
2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlətimizin başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlətimizin başçısına və xanımına təqdim etdi.

Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış etdilər.

Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış oldu.

Azərbaycanın mülki aviasiyası bütün dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaratmışdır. Məhz dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Son illərdə respublika ərazisində mövcud olan aeroportların maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter daşıyır. Mülki aviasiyanın inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqətin ən önəmli nəticələrindən biri də Heydər Əliyev Beynəlxalq aeroportunda yeni aerovağzal binasının inşasıdır. Bu layihənin həyata keçirilməsində məqsəd sərnişin aviadaşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.

Bildirildi ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin "biznes-klass" sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcəkdir. Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulmuşdur. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılmışdır. Sərnişinlərin gedişi üçün nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş "Duty free" mağazaları, kafelər fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də "bizness klass" sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilmişdir.

Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək standartlar nəzərə alınmışdır. Burada sərnişinlərin zövqünü oxşamaq üçün yaşıl zonalar xüsusi dizaynla yerləşdirilmişdir. Binanın ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılmışdır. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini - ikigöyərtəli "Airbus A380" hava gəmisini qəbul etmək üçün nəzərdə tutulmuşdur. Təhlükəsizlik tədbirləri ən müasir standartlar səviyyəsində həyata keçirilir.

Məlumat verildi ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə qəbulu müsabiqə yolu ilə aparılmışdır. Yeni işçilərin qəbulu və məşqləri ilə bağlı bütün tədbirlər başa çatmışdır. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.

Qeyd olundu ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana "1-ci dərəcə" statusu verilmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon 857 min sərnişin daşınmışdır. Bu göstəricilər son illərdə ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə olunmuşdur. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda geniş yaşıllaşdırma işləri aparılmışdır.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşdülər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR