• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Qadınların ən qorxulu günü - "Gözünü yum, aç və..." - VİDEO

Qadınların ən qorxulu günü - "Gözünü yum, aç və..." - VİDEO

Ölkəmizdə hər il təxminən 30 minə yaxın qadın təbii doğuşu yox, qeysəriyyəni seçir. Əlbəttə, bu yolu həkim məsləhəti ilə seçənlər də az deyil.

Bəs nə üçün qadınlar təbii doğuşa yox, qeysəriyyəyə üstünlük verir?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində qadınları illərin təcrübəsindən imtina edib, bıçaq altına aparan səbəbi araşdıracağıq.

Azərbaycanda qeysəriyyə ümumi doğuşların təxminən 20 faizini təşkil edir. Amma Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2009-cu ildə 19 min 270, 2010-cu ildə 22 min 746, 2011-ci ildə isə 25 min 960 qadın körpəsini qeysəriyyə yolu ilə dünyaya gətirib. Rəqəmlərdən aydın görünür ki, əməliyyatın sayı ilbəil artır.

2012-ci ildə 14% oğlan, 46% qız uşağı qeysəriyyə ilə dünyaya gəlib. Həmin il 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Özəl klinikalarda bu tipli əməliyyat 1000-1500 AZN, təbii doğuş isə 1000-1200 AZN arası həyata keçirilir.

Şəkərə tutulma riski 7 dəfə çoxdur

Çox sadə görünən bu proses qadın və uşaq üçün bəzi fəsadlar da yarada bilər. Ana idmanla məşğul olmursa, qarın presi pisdirsə, hamiləlik boyu yatır və dərmanlar qəbul edirsə, fəsadlar yaranır.

Şərqi Avropada aparılan araşdırmaya görə, qeysəriyyə yolu ilə doğulan uşaqların 70%-də 15 yaşına qədər artıq şəkərə meyil yaranır.

Bu yaxınlarda, Osloda (Norveç) İctimai Sağlamlıq İnstitutunun alimləri 2803 uşağı müayinə ediblər. Norveçli mütəxəssislər belə qərara gəliblər ki, qeysəriyyə olunan uşaqlarda qida məhsullarına olan allergiya hissi təbii doğuşla doğulanlardan 7 dəfə yüksəkdir. Alimlər hesab edirlər ki, qeysəriyyə bağırsaq mikroflorasının inkişafını ləngidir, bu isə qidanın həzm prosesini pozur.

Qeysəriyyə zamanı körpə dərhal onun üçün yeni olan mühitlə rastlaşır, anadan ayrılır və göbəyi kəsilir. Qeysəriyyə olan uşaqlarda adaptasiya reaksiyaları daha çox nevroloji və nəfəs patologiyası, qida allergiyasına rast gəlinir.

“Bu həyatımda verdiyim ən doğru qərardır”

İki övladını da qeysəriyyə ilə dünyaya gətirən xanım yazar Sevinc Çılğın bunu həyatında verdiyi ən doğru qərar hesab edir. O, bu üsulu təbii doğuşdan qorxduğuna görə, seçdiyini deyir: “İynə-dərmandan çox qorxan biriyəm, 9 ayı ağlayaraq keçirmişəm. Elə düşünürdüm ki, uşaqlarım təbii yolla olsa, dəli olacağam. Bir çox əməliyyatlar keçirmişəm, onları bir də təkrarlamaq istəmərəm. Amma bugünkü ağlımla, yenə də qeysəriyyə yolunu seçərdim. Balaca kəsiyə razı oldum ki, təki ağlamayım, bədənimdə deformasiya olmasın. Övladımı da qoymaram təbii yolu seçsin .Uşağım da, özüm də heç bir təhlükə olmadan, travma yaşamadan bu prosesdən keçdik”.

Müsahibim deyir ki, bu qərarına görə onu yolundan döndərmək istəyənlərin sayı çox olub, amma heç bir söz, məsləhət Sevinc xanımın fikrini dəyişməyib: “Həkimim bütün yollara əl atdı ki, fikrimdən əl çəkim, müxtəlif kurslara da getdim, məsləhətlər aldım. Hətta anam, yaxınlarım qeysəriyyənin əleyhinə idilər, amma mən bu yolu seçdim. Əməliyyatdan sonra həkimim dedi ki, təbii olsa, səhhətində ciddi problemlər yaşayacaqdın

Bəzən qadınlar qeysəriyyədən sonra aylarla çətinlik çəkdiklərini, rahat hərəkət edə bilmədiklərini deyirlər. Amma bu fikirlə də razı deyiləm, 10 gün sonra həm ev işlərimi görürdüm, həm də uşaqlarımı saxlayırdım”.

Müsahibim qeysəriyyə yolunu seçənlərin analıq hissini yaşamaması fikri ilə razı deyil: “Uşaq evlərinə atılan uşaqların çoxu təbii yolla doğulub. Bəs o qadınlar uşaqlarını niyə atır?”

Qadınlar hansı yaşda təbii doğuşdan qorxur?

Ginekoloq Tənzilə Əliyeva ona müraciət edən qadınlar arasında bu üsulu seçmək istəyənlərin çox olduğunu deyir. Onun sözlərinə görə, ağrıdan, əziyyətdən qorxan qadınlar bu üsulla uşaq dünyaya gətirmək istəyirlər: “Amma ağrıya dözümü olmayan qadınlar yaş dövründən asılı olmayaraq, qeysəriyyə üsulunu üstün tuturlar. Bundan başqa, hamiləlik dövrünü çətin, stressli keçirənlər, ailədə problem yaşayanlar əlavə stress almamaq üçün bu üsula üstünlük verirlər. Əsasən, 26 yaşdan sonra qadınlarda qorxu da azalır. Bundan başqa, paytaxtda yaşayan qadınlarda bu qorxu daha çox olur. Bölgələrdə yaşayan qadınlar daim fiziki hərəkətdə olduqlarına görə onların doğuşu da rahat olur. Bu seçimin edilməsində ətraf mühitin rolu böyükdür. Qadın yaxınlarının hamısının təbii doğuşa üstünlük verdiyini görəndə o da bu üsulu seçir. Paytaxtda isə qeysəriyyəni seçən biri digərlərinə də bunun daha rahat olduğunu deyir. Beləliklə, bu fikir yayılır, təbii doğuşun ağrılı, çətin olduğu düşüncəsi yaranır”.

Ginekoloq deyir ki, bu üsula ehtiyac olduğu halda əl atılmalıdır: “Çanaq dar, uşaq böyük olanda, həmçinin qadının gözündə mənfilik, yüksək təzyiq, epilepsiya olanda qeysəriyyəni məsləhət görürük. Qadınların qorxusunu aradan qaldırmaq üçün doğuş və idman hərəkətləri məsləhət görməklə yanaşı, onlara psixoloji də dəstək veririk. Ginekoloqun bu prosesləri həyata keçirməyə vaxtı olmasa belə, xəstəni xüsusi mərkəzlərə yönləndirə bilər”.

Tənzilə xanım bildirdi ki, qeysəriyyəni seçmək istəyən qadınlar ilk növbədə bunun əməliyyat olduğunu anlamalıdır: “Bu zaman dəri, dərialtı piy təbəqəsi, əzələ və uşaqlıqda kəsiklər yaranır. Prosesdən sonra xəstənin özünə gəlməsi də ağır olur. Ana xəstəxanadan çıxandan sonra uşağına baxa bilmir. Təbii doğuşda isə qadın 24 saat sonra özünə gəlir”.

T.Əliyevanın sözlərinə görə, qeysəriyyə əməliyyatında problem yaşanmaması üçün birmənalı olaraq, proses ginekoloq tərəfindən aparılmalıdır: “Bizdə həkim bölgüsü düzgün aparılmır. Elə həkimlər var ki, qadın məsləhətxanasında oturur, əməliyyat edə bilmir. Xəstəxanada işləyənlər isə əməliyyatı da bacarır. Normalda ginekoloq hər ikisini bacarmalıdır. Ümumi cərrahın qeysəriyyə əməliyyatı etməsi isə düzgün deyil”.

Bəs qadınlar təbii doğuş qorxularını necə aradan qaldıra bilər? Qeysəriyyə üsulu ana və uşağın psixologiyası, ünsiyyətinə təsir edə bilərmi?

“Bu uşaqların fobiyaları çox olur”

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, hamilə qadınların təbii doğuşdan qorxması normaldır. Bu hiss doğuşa hazır olmayan qadınlarda daha çox olur. Bundan başqa, bədənlərinin deformasiya olması da, onları təbii doğuşdan uzaqlaşdıran səbəbdir: “İlk hamiləlikdə bu proses daha qorxulu olur. Bu baryeri aşmaq üçün analar, xala-bibilər, ən yaxşı halda isə psixoloqla məsləhətləşə bilərlər. Təbii doğuş sağlamlıqlarına zərər vurmursa, bu yolu seçməlidirlər. Çünki təbii yolla uşaq dünyaya gətirən qadınlar ömür boyu bədənlərində toplanan stresdən xilas olur. Bu sağlamlıqlarına da müsbət təsir edir, fobiyaları aradan qalxır”.

Psixoloqun sözlərinə görə, qeysəriyyə yolu ilə doğulan uşaqların əksinə, fobiyaları çox olur: “Qeyri-təbii yolla dünyaya gələn uşaqlar hər şeydən qorxmağa başlayır. Çünki onlar normal yoldan keçmədən doğulur. Bundan başqa, təbii yolla doğulan uşaqların anaları ilə əlaqələri, ünsiyyəti də yaxşı olur. Qeysəriyyə yolu ilə dünyaya gələnlərin anaları ilə münasibətləri soyuq olur. Bu isə yeniyetməlik, keçid və sonrakı prosesdəki ünsiyyətə təsir edir”.

Cərimələr artdı

Qeyd edək ki, artıq ötən ildən qanunsuz olaraq, qeysəriyyə əməliyyatının aparılmasına görə cərimələr müəyyən edilib.

Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında imzaladığı fərmana əsasən, məcəllədə bəzi dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə cərimələrin miqdarının artırılmasıdır.

Məcəlləyə əsasən, tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək miqdarda, hüquqi şəxslər 10 000 manatdan 15 000 manatadək cərimə ediləcək.

Cərimələrin artırılmasının təsirli olacağı inandıcı görünmür. Çünki artan cərimələr qadınların qorxusunu azaltmır. Üstəlik, burada həkimlərin də marağı var. Qeysəriyyə üsuluna ödəniş, təbii doğuşdan daha çoxdur. Bu maraqlar üst-üstə düşəndə isə qeysəriyyə əməliyyatının azalması real deyil. Bu üsulun yaradacağı problemlər isə qaçılmaz olur.

Gülxar Şərif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>