ADNA-dakı qanlı terrordan 5 il ötür
Bizi izləyin

Qırmızı.az

ADNA-dakı qanlı terrordan 5 il ötür

“Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) II korpusunda törədilən terror hadisəsindən 5 il ötür. Hər il olduğu kimi bu il də terror qurbanlarının xatirəsi anılıb. Amma belə tədbirlərin keçirilməsi mənasızdır. Biz terror qurbanları haqqında yeni gələn tələbələrə danışmaqla onları həyəcanlandırmış oluruq”.

Bu sözləri Publika.az açıqlamasında akademiyanın Tərbiyə İşləri üzrə prorektoru Qasım Məmmədov deyib. O, əlavə edib ki, dövlət terror qurbanlarının xatirəsinə və ailələrinə lazimi qayğını göstərib. Cinayətkarlar da öz lazimi cəzalarını alıblar.

Xatırladaq ki, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini, 29 yaşlı Fərda Qədirov ADNA-ya daxil olaraq “Makarov” tipli tapança ilə binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb. Bu terror nəticəsində 12 nəfər qətlə yetirilib, 13-nəfər isə yaralanıb. Ölənlər və yaralananlar içərisində akademiyanın müəllimləri, laborantları, tələbələri, qapıçısı və həmin gün yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın olub.

Qeyd edək ki, hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyərək öldürüb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum oldu ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o Sergey Qriqoryan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı 4 nəfər mühakimə olunub.

Təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov hadisənin baş verəcəyi barədə əvvəlcədən bilib məlumat verməməkdə ittiham olunublar.

Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

ADNA-dakı qətliamın sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib. Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm