Tovuz rayonuna Türk dünyasına aid yüzlərlə kitab hədiyyə edildi
Bizi izləyin

Qırmızı.az

Tovuz rayonuna Türk dünyasına aid yüzlərlə kitab hədiyyə edildi

Tovuzda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz RİH başçısının müavini Təranə Bayramova,Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı, rayonun ziyalıları, kitabxana rəhbərləri və işçiləri iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi Tovuza Türkiyə və Türk dünyasına aid yüzlərlə kitab hədiyyə edib və bu qiymətli kitabların içərisində ortaq tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, həqiqətlərimiz, dahi şəxsiyyətlərimiz haqqında çoxlu sayda kitablar olmaqla yanaşı, Türk dünyasının məşhur şair və yazarlarının əsərləri, Türkiyə və Türk dünyasını tanıdan çoxlu sayda kitablar da hədiyyə olunub.

Kitabı ən qiymətli hədiyyə adlandıran Qənirə Paşayeva, Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə və onun rəhbəri Seyid Əhməd Arslan təşəkkür edərək bildirib ki, bu kitablar uşaqlarımız və gənclərimiz üçün çox gözəl hədiyyələrdir. Bu kitabların böyük bir hissəsinin ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzin kitabxanasına, bir hissəsinin isə rayonun böyük məktəblərinin kitabxanalarına veriləcəyini deyən millət vəkili ziyalıları, müəllimləri, kitabxanaçıları gəncləri bu kitabları oxumağa təşviq etməyə çağırıb. Bu kimi kitablara böyük ehtiyac olduğunu deyən Q.Paşayeva Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslana Tovuz rayonuna bundan sonra da bu cür kitabların hədiyyə edilməsinin vacibliyini və buna ehtiyac olduğunu vurğulayaraq Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyindən məktəblərimizin və kitabxanalarımızın çoxlu sayda yeni kitablar gözlədiyini deyib və ondan bu istiqamətdə gələcəkdə səylərinin artırılmasını xahiş edib.

Kitabxana rəhbərlərinin və işçilərinin onunla söhbətində bu istiqamətdə təkliflərlə çıxış etdiyini deyən millət vəkili bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib. O, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin xətti ilə ölkəmizə müxtəlif mədəniyyət tədbirləri çərçivəsində gələn sənət adamlarının Tovuz kimi ön cəbhə bölgələrində də müxtəlif konsert və tədbirlərlə çıxış etməsinin vacibliyi barədə danışıb və gələn tədbirlərdə mütləq Tovuzun nəzərə alınmasını xahiş edib.

Q.Paşayeva bütün rayon ziyalılarını gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb. Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik. Tovuz rayon İcra hakimiyyətinin başçısının müavini Təranə Bayramova çıxış edərək bu cür tədbirlərin, layihələrin önəmindən danışıb və bu işin təşəbbüs və təşkilatçılarına təşəkkürünü bildirib və bu kimi addımların davamlı olmasının önəmini qeyd edib. "Tovuz" qəzetinin əməkdaşı Qədir Hümbətov və bir sıra rayon fəalları və ziyalıları da çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Azərbaycanın və Türk dünyasının qədim bölgələrindən olan Tovuzda olmaqdan və belə bir gözəl layihənin dəstəkçisi olmaqdan çox məmnun olduğunu deyərək millət vəkili Q.Paşayevaya və rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.

Tovuz da daxil olmaqla, Azərbaycanın bəzi bölgələrindən başlayaraq bu layihəni həyata keçirdiklərini deyən Seyid Əhməd Arslan gələcəyə doğru da Türk dünyasının ədəbiyyatı, mədəniyyəti, tarixinə aid çoxlu sayda kitabların Azərbaycan bölgələrində mərkəz və kitabxanalara hədiyyə etmələri düşündüklərini deyib. Gəncləri bu kitabları oxumağa səsləyən Seyid Əhməd Arslan kitab oxumağın önəmindən danışaraq hər bir gəncimizin tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, həqiqətlərimizi oxuyub öyrənməsinin vacib olduğunu deyib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan Tovuza və onun məktəblərinə bundan sonra da Türk dünyasına aid kitablar hədiyyə olunacağını deyib. Eyni zamanda Türkiyədən Azərbaycana gələn sənət qruplarının Tovuz rayonu istiqamətində də tədbirlərlə çıxış etməsi istiqamətində millət vəkili Qənirə Paşayevanın təkliflərini nəzərə alacaqlarını və əllərindən gələn dəstəyi göstərəcəklərini bildirib. Tovuzdan bir ziyalının yaxın günlərdə Türkiyədə keçiriləcək maraqlı tədbirlərdə iştirakını təmin edə biləcəklərini deyən Seyid Əhməd Arslan bildirib ki, millət vəkili Q.Paşayevanın təklifi ilə rayon ziyalılarından biri seçilib və o, yaxın zamanlarda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin xəttilə Türkiyəyə gedəcək və Türkiyə ilə yaxından tanış olmaqla yanaşı, qayıtdığında səfərlə bağlı təəssüratlarını bölüşəcək. Millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak etmək üçün Tovuza gələn TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı təşəkkürünü bildirərək, Azərbaycanın və onun ayrılmaz parçası olan Tovuzun TRT kanalları vasitəsilə həm Türk dünyasına, həm də dünya ictimaiyyətinə daha geniş tanıdılmasındakı fəaliyyətinə görə təşəkkürünü bildirib və onların bu tədbir də daxil olmaqla Tovuzla bağlı hazırlayacağı proqramların maraqlı olacağına inandığını deyib.

Qeyd edək ki, səfər çərçivəsində TRT Tovuz rayonundan canlı yayımla çıxış edib və bir sıra proqramlar hazırlayıb. Sonda millət vəkili Q.Paşayevanın özünün müəllifi olduğu kitabları da Heydər Əliyev Mərkəzi Kitabxanasına hədiyyə edilib.

Tədbir çərçivəsində ziyalılarla maraqlı fikir mübadiləsi aparılıb..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm