Prezident İlham Əliyev Ağdaş rayonunda səfərdədir (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev Ağdaş rayonunda səfərdədir (YENİLƏNİB)

Prezident İlham Əliyev Ağdaş rayonunda səfərdədir

16:51

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Gilan yem emalı zavodunun açılışında iştirak etmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmiz dinamik inkişaf edir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur. Təsadüfi deyildir ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir. Bu, ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir.

Qeyri-neft sektorunun inkişafında heç şübhəsiz ki, son illərdə Azərbaycanda həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir. Dövlətimizin başçısı ölkədə kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə səmərəli tədbirlərin həyata keçirilməsini hər zaman diqqət mərkəzində saxlamışdır. Bu ilin əvvəlində dövlətimizin başçısının imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da bu sahədə mühüm rol oynayır. Bu sənəd “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsini, kənd təsərrüfatı məhsulları ixracının artırılmasını, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunmasını, ərzaq bazarının səmərəli fəaliyyətini ehtiva edir. Bu, həm də ölkədə aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın müəyyən olunması baxımından mühüm Sərəncamdır.

Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu çərçivədə heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, zəruri infrastrukturun və bazanın təmin olunması, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, yeni müəssisələrin fəaliyyətə başlaması diqqətdə saxlanılır. Bu baxımdan Ağdaşda Gilan yem emalı zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda iri layihələrdən olan bu müəssisə Ağdaş rayonunun Binələr kəndi ərazisində 8 hektar ərazidə tikilmişdir. Zavod quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı və digər köməkçi sahələrdən ibarətdir.

Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, zavod özündə 2 fabriki birləşdirir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Bildirildi ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulmuşdur.

Azərbaycan Prezidenti istehsal prosesini izlədi, müəssisənin hazır məhsullarına baxdı.
Məlumat verildi ki, birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaqdır.

Qeyd edildi ki, MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu gücə malik belə zavod fəaliyyət göstərmir. Burada xammal kimi əsasən yerli məhsullardan istifadə olunur. Bunun üçün isə Samux, Beyləqan, Biləsuvar və Qəbələdə taxıl, arpa, qarğıdalı və günəbaxan sahələri yaradılmışdır. Zavodun əhəmiyyətini artıran mühüm amillərdən biri də ondan ibarətdir ki, respublika üzrə un istehsal edən fabriklərdən qida üçün yaramayan xammal alınaraq burada toyuq və mal yemi kimi hazırlanacaqdır. Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılmışdır.

Bütün bunlar, son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sayəsində mümkün olmuşdur. Ölkədə aqrar sahənin, xüsusilə də heyvandarlığın inkişafına göstərilən diqqət artıq yem bazalarının yaradılmasını da gündəmə gətirmişdir və bu istiqamətdə mühüm addımlar atılır. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün yem bitkilərinin əkin sahələri və onun məhsuldarlığı nəzərə alınaraq dövlət büdcəsindən müvafiq vəsait ayrılır, sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditləri ilə təmin olunması həyata keçirilir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

---------
15:59

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir.

Son illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən dəmir yolunun təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən dəmir yolu vağzallarının tikintisinə və əsaslı təmirinə başlanılmışdır.

Yeni inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunmuşdur. Ərazidə yaşıllıq zolağı salınmışdır. Yeni binada sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edildi.

Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədovbildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunmuşdu. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranmışdı. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait vardır. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılmışdır. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılmışdır.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcəkdir. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılmışdır.

Dəmir yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Binanın mühəndis-kommunikasiya sistemləri də müasir standartlara cavab verir. Burada sərnişinlər informasiya monitorundan yararlana biləcəklər.

Bildirilmişdir ki, stansiyada yeni platforma tikilmişdir. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

---------
14:34

AzərTAc xəbər verir ki, Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu mayın 1-də istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafına xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biri də bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal və emal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqət mərkəzində saxlanılır.

Qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlətimizin başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır. Sahibkarlara öz imkanlarından və regionların potensialından istifadənin təkmilləşdirilməsi üçün sərəncamlar imzalayır, tapşırıqlar verir. Onların maliyyə təminatının yaxşılaşdırılması qayğısına qalır. Təsadüfi deyil ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkə üzrə 20 minədək sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 116 mindən çox yeni iş yeri yaradılmışdır.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ayrılan vəsaitlər sənayenin prioritet istiqamətləri üzrə müəssisələrin yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə yönəldilir. İndi həmin layihələr təkcə böyük şəhərləri deyil, regionları da əhatə edir. Məqsəd bölgələrdəki resurslardan səmərəli istifadə yolu ilə bazarı rəqabətqabiliyyətli məhsullarla daha dolğun və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdaşda yeni tikilmiş Meyvə Emalı Zavodu da bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Ağdaş rayonuna səfərləri zamanı əhali ilə keçirdikləri görüşə və müxtəlif obyektlərin açılışlarında iştiraklarına həsr olunmuş fotostendə baxdı.

Sonra Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, ümumi dəyəri 4.2 milyon manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1.9 milyon manat güzəştli dövlət kreditindən istifadə olunmuşdur. Ümumi sahəsi 2 min kvadratmetr olan zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir. Zavodun quru meyvə istehsalı sahəsi dünyanın məşhur şirkətlərinin texnologiyası və avadanlığı əsasında qurulmuşdur. Burada xammalın qəbulu, yuma maşını, su süzgəci, beşmərtəbəli bişirmə sobası və qablaşdırma avadanlığı quraşdırılmışdır. Qurutma prosesi meyvələrin xüsusiyyətindən asılı olaraq bir neçə mərhələ üzrə həyata keçirilir. Tələbata uyğun olaraq əsasən xurma, üzüm, gavalı, ərik və almadan meyvə quruları istehsal olunur. Bu məqsədlə mövsüm ərzində 1.2 min tonadək müxtəlif meyvələrin tədarükü və emalı nəzərdə tutulur. Zavodda meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün həm dadına, həm yaxşı əmtəə görünüşünə, həm də yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir. Hazır məhsullar daxili bazara yönəldilməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır.

Bəhməz istehsalı sahəsi Türkiyənin STK şirkətinin bişirmə sobaları, soyutma, süzmə və qablaşdırma avadanlığı əsasında qurulmuşdur. Müxtəlif xəstəliklərin müalicəsi üçün təbabətdə geniş istifadə olunan bu məhsulun Azərbaycanda ilk dəfə sənaye üsulu ilə istehsalı məhz bu zavodda həyata keçiriləcəkdir. Tələbata uyğun olaraq əsasən tut, xurma, üzüm və zoğal kimi meyvələrdən il ərzində 20 ton bəhməz istehsal olunması planlaşdırılır.
Zavodun bu istehsal sahəsində, eyni zamanda, qatılaşdırılmış süd hazırlanacaq ki, bundan un məmulatı və dondurma istehsal edən müəssisələrdə xammal kimi geniş istifadə olunacaqdır.

Burada Prezident İlham Əliyevə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Aran iqtisadi rayonu üzrə sahibkarlara verilən güzəştli kreditlər və onların xərclənmə təyinatları barədə məlumat verdi. Bildirildi ki, indiyədək 7612 sahibkara 326.3 milyon manat dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına 29 mindən çox yeni iş yeri yaradılmışdır. O cümlədən müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 418.1 milyon manat olan 77 investisiya layihəsinin – 10 logistik mərkəz, 9 taxıl anbarı və 8 heyvandarlıq kompleksi, 12 quşçuluq təsərrüfatı, 4 süd, 2 ət və 4 meyvə-tərəvəz emalı zavodu, 5 çörək zavodu, 4 istixana kompleksi, 3 intensiv bağçılıq, 3 üzümçülük və 2 iri taxılçılıq təsərrüfatı, 2 quru meyvə, 1 qənd, 4 tikinti materialları və 4 digər istehsal və emal müəssisəsinin maliyyələşdirilməsinə 195.2 milyon manat güzəştli kredit verilmişdir. Həmin iqtisadi zonaya daxil olan Ağdaş rayonunda indiyədək 233 sahibkar 12.4 milyon manat dövlətin güzəştli kreditindən bəhrələnmişdir. Bu kreditlər hesabına mindən çox yeni iş yeri yaradılmışdır.

Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı həm rayonun daxili istehsalı, həm də ətraf rayonlardan tədarük hesabına ödəniləcəkdir. Bu da öz növbəsində kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və gələcəkdə zavodun emal imkanlarını daha da artıracaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı almışdır. Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılmışdır.

----------
13:17

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 1-də Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə yanaşı, xalqın partiyası olmasını aydın nümayiş etdirir. Ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu gün bu fikrin nə qədər doğru olması özünü daha aydın büruzə verir. Yeni Azərbaycan Partiyası ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan ehtiram və hörmətdən, onun nüfuzundan qaynaqlanır.

Yeni Azərbaycan Partiyasının ümumi məqsədlər və amallar naminə uğurlu fəaliyyətində partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə işləmək üçün hər cür şərait yaradılır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin gözəlliyini daha da artırır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılmışdır. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Bina müasir inventar və avadanlıqla təchiz edilmişdir.

Binanın foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr vardır. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılmışdır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.

Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

---------
12:37

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Həmçinin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə regionlarda həyata keçirilən quruculuq işləri ilk növbədə həmin bölgələrin inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar bölgələrin simasına xüsusi yaraşıq verir, həm də müasirləşən rayonların memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi bütün rayonlarda davam edən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Ağdaş rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Dörd mərtəbədən ibarət bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin iclas, konfrans zalları, arxiv, rabitə və xüsusi rabitə otaqları, yeməkxana, qaraj yaradılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin aprelində başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır.

Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər vardır.

Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. İnzibati binada sakinlərlə və yerli icra nümayəndələri ilə videokonfrans zalı vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır.

Konfrans zalı da ən son texnologiyalar əsasında qurulmuşdur. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulmuş 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcəkdir. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bəzi icra nümayəndəlikləri şəbəkəyə qoşulmuşdur.

Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

----------
12:06

AzərTAc xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər görülür. Dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci ildönümü münasibətilə hazırda vacib layihələr reallaşdırılır. Bu layihələr sırasında paytaxt Bakıda və bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində mühüm rolu vardır.
Belə mərkəzlərdən biri də Ağdaş şəhərində tikilmişdir. Bu Mərkəzin yaradılması ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanmışdır. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilmişdir. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilmişdir.
Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter kursları, elektron kitabxana fəaliyyət göstərəcəkdir.
İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır.

Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, burada iki fəvvarə kompleksi yaradılmışdır. Abidənin ətrafı mərmərlə üzlənmiş, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm