"Bu cür əməllər əvvəl-axır ifşa olunacaq"
Bizi izləyin

Qırmızı.az

"Bu cür əməllər əvvəl-axır ifşa olunacaq"

"SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib"

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov müdafiə sektorunda aparılan islahatlar və keçmiş ordu rəhbərliyi ilə bağlı yeyinti halları ilə əlaqədar cinayət işlərinin açılmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Z.Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, ordu da Azərbaycan cəmiyyətinin bir hissəsidir və cəmiyyət inkişaf etdikcə, ordu da inkişaf edəcək:

"Nə qədər Azərbaycan dövləti var, islahatlar aparılacaq, ordu inkişaf edəcək. Orduya ictimai nəzarətə gəlincə, bunun bir forması da medianın nəzarətidir. Jurnalistlərin bu sahədə apardıqları və mətbuatda işıq üzü görən araşdırmalar var. Dövlət tərəfindən də bu sahədə işlər davamlı aparılır. Bundan sonra da bu sahədə korrupsiyaya qarşı mübarizə çox mühüm yer tutur. Bu sahədə ölkə rəhbərliyinin siyasi iradəsi də ortadadır. Korrupsiya ilə mübarizənin administrativ, profilaktik yolları var. Mən əminəm ki, zaman keçdikcə bu məsələlərin kökü kəsiləcək. Digər tərəfdən, bu sahədə qanunvericilik kifayət qədər yetərlidir. Ancaq insanlar özü də düşünməlidir ki, bu cür yollara getmək, bu cür işlərlə məşğul olmaq olmaz. Çünki bu cür əməllər əvvəl-axır ifşa olunacaq. Ona görə insanların özlərində də daxili vicdan oyanmalıdır ki, bu cür işlərlə məşğul olmasınlar. O insanların ki, vicdanı yoxdur, dövlət, hüquq-mühafizə orqanları öz sözlərini deyəcək”.

Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Kaliforniya Ştat Assambleyasında irəli sürülən, qondarma Dağlıq Qarabağ respublikasının tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Z.Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın Kaliforniya ştatının qanunvericilik orqanının, hətta komitəsinin qəbul etdiyi qərarın bizim üçün heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, bunlar hamısı cəfəngiyyatdır: “Bu barədə qərarın qəbul olunub-olunmamasından asılı olmayaraq, bunun heç bir mənası yoxdur".

Xatırladaq ki, mayın 5-də Kaliforniya Ştat Assambleyasının Qaydalar Komitəsində Assambleyanın üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən və qəbul olunacağı təqdirdə qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdən öncə Kaliforniyanın Azərbaycan icmasının bir çox üzvü bu qərəzli qətnamənin əleyhinə etiraz aksiyası keçirib.

Erməni lobbisi qətnamə layihəsinin Assambleyanın plenar iclasının müzakirəsinə mayın 8-də - Şuşanın işğalı günü çıxarılmasını planlaşdırır.

Onu da bildirək ki, qətnamə layihəsini qəbul etmiş Qaydalar Komitəsinin bir üzvü - A.Nazaryan erməni əsillidir. Komitənin sədr müavini S.Vilkin isə həyat yoldaşı ermənidir və özü bu yaxınlarda ermənilərin milli qriqoryan dinini qəbul edib.

****

“Böyük Vətən Müharibəsi dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub.

Z.Əsgərov deyib: "Bununla belə, onlara “Qəhrəman şəhər” statusu verilib. Ona görə də Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini böyük ədalətsizlik sayıram. Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının daha böyük rolu olub”.

Ziyafət Əsgərov keçmiş SSRİ, o cümlədən Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Parlamentin birinci vitse-spikeri Z.Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Onun sözlərinə görə, hazırda Dövlət Miqrasiya Xidməti bu işlə məşğul olur:

"Vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları Azərbaycan Konstitusiyası və qanunvericiliyində aydın göstərilib. Bu məsələ Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm