ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir
Bizi izləyin

Qırmızı.az

ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

ADU-nun Ictimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən məlumata görə, konfransın plenar iclasında Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. Universitetdə prioritet istiqamətlərdən birinin müəllim peşəsini inkişaf etdirmək, müəllim yetişdirməklə bağlı təkliflərin irəli sürmək olduğunu söyləyən S. Seyidov bu məsələ ilə bağlı Azərbaycanın müxtəlif orta və ali məktəbləri ilə fikir mübadiləsi apardıqlarını bildirib. Rektor S. Seyidov Ümummilli lider Heydər Əliyevin müəllimə, təhsilə və elmə verdiyi qiymətin əsas olduğunu vurğuladı: “Ümummilli liderin siyasəti və prezidentimizin apardığı düzgün siyasət elm və təhsil istiqamətində də öz bəhrələrini verməkdədir”.

Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının əsasının məhz 1973-cü ildə Heydər Əliyevin sərəncamı əsasında qoyulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, Ümummilli liderin Azərbaycanda xarici dillərin öyrənilməsində əvəzsiz xidmətlərinin olduğunu da deyib: “Heydər Əliyevin bu addımı onun dahi, uzaqgörən bir şəxsiyyət olduğunu bir daha sübut edir”.

İki gün davam edəcək konfransın plenar iclasında Təhsil Nazirliyinin Elm və Ali təhsil şöbəsinin Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov çıxış edərək artıq ənənə halını alan əhəmiyyətli konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. İnformasiya cəmiyyətində yaşadıqlarını deyən S. Gözəlov indiki dövrdə yalnız gənc nəslin deyil, orta nəslin də xarici dil bilməyinin vacibliyindən danışıb. S. Gözəlov xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda xarici dil mütəxəssislərinin yetişməsində Azərbaycan Dillər Universitetinin vacib rol oynadığını bildirib. Təhsil Nazirliyinin nümayəndəsi həyata keçiriləcək “Sabah” layihəsindən söz açdı. Bildirib ki, yeni tədris ilində 8 ali təhsil müəssisəsində “Sabah” qrupları fəaliyyətə başlayacaq. O, ADU-nun da bu 8 təhsil ocağından biri olduğunu və bu qrupların 52 ixtisas üzrə yaradılcağını diqqətə çatdırıb. S. Gözəlov ADU-nun professor-müəllim heyətinin potensialından istifadə olunacağını da sözlərinə əlavə edib.

Bakı Dövlət Universitetinin (BDU) Elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək Dillər Universitetində olmaqdan məmnunluğunu bildirib. A. Kazımzadə BDU və ADU arasında birgə əməkdaşlıq haqqında sazişin olduğunu xatırladaraq, universitetlərin əməkdaşlıq etdiyini vurğulayıb. O, BDU-da xarici dil müəllimlərinin attestasiyasının aparılmasında Dillər Universitetinin mütəxəssislərinin yaxından iştirak etdiyini qeyd edib.

Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru, professor Cihan Bulut dil öyrənmənin üstünlüklərindən danışıb. Mədəniyyətlərarası dialoq əsrində dil bilmədən fəaliyyət göstərməyin mümkünsüzlüyündən danışan prorektor konfransın keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Plenar iclasda ADU-nun müəllimləri Fatma Qurbanzadə “Müxtəlif dillərdə və janrlarda ellipsisin koqnitiv əsası”, Lalə Rzayeva “Qrammatik metaforanın tədrisində qarşıya çıxan çətinliklər”, Nərminə Zərgərova “İngilis dili fakültələrində akademik yazı fənninin tədrisində qarşıya çıxan çətinliklər”, Nigar Zeynalova “Tələbələrin müstəqil işinin Moodle sistemində təşkili” və Rəna Fərəcova “Rəqəmsal dövrdə ingilis dilinin tədrisi zamanı qarşıya çıxan problemlər” mövzularında məruzə edib.

Bununla da ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika konfransının plenar iclası başa çatıb. Konfrans bölmələrdə öz işini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm